“Əksəriyyəti iri banklara birləşdiriləcək” -İqtisadçı 4 bankın qaranlıq taleyindən danışdı
Yenixeber.org: Xəbər verdiyimiz kimi, “Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 4 bankının reytinqini aşağı salıb. Bu haqda agentliyin press-relizində bildirilir. Reytinqi aşağı salınan banklar “Xalq Bank”, “Bank Respublika”, “VTB Bank” və “Bank of Baku”dur. Məlumatda qeyd edilir ki, “Xalq Bank”ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib.
“Bank Respublika”nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib."Bank of Baku"nun kredit reytinqləri də endirilib.
“VTB Bank”ın kredit reytinqi caa1-dən caa3-ə (çox yüksək kredit riski), uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə endirilib.
Qeyd edək ki, hazırda Azərbaycanda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.
Bəs görəsən , bu 4 bankı hazırda nə gözləyir? Onların bağlanma ehtimalı varmı?
Bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bank sektorundakı durumu dəyərləndirdi: “Ümumən əlbəttə ki, bankların reytinqinin aşağı salınması onların problemli kreditlərinin artması və nəticədə öhdəliklərinin icra edilməməsi təhlükəsi ilə bağlıdır. Faktiki olaraq reytinq agentlikləri bununla hamıya deyir ki, bu banklarla ehtiyatlı olun, onların müflisləşmə ehtimalı yüksəkdir. Bununla belə, təcrübədə hər belə banka konkret yanaşmaq lazımdır. Onu da unutmaq lazım deyil ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bankların bağlanmasından yayınmağa və bununla da özü haqqında müsbət imicin formalaşmasına nail olmaq istəyir. Hazırda nəinki bu 4 bank, bir çox bankımız faktiki müflisdir. Amma Palata onların rəsmi müflisləşməsinə imkan vermək istəmir. Sadəcə Azərbaycan Beynəlxalq Bankında olduğu kimi orada da öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirmək istəyir. Başqa sözlə, belə bankları oradakı sahibkarların vəsaiti hesabına xilas etmək istəyir. Məsələn, tutaq ki, hansısa şirkətin ”Bank VTB"də 1 mln. vəsaiti var və həmin şirkətə deyirlər ki, vəsaitin yarısından vaz keç, qalanını sənə qaytaraq. Necə ki, Beynəlxalq Bankın xarici kreditorlarına bunu deyirlər".
İqtisadçının sözlərinə görə, istənilən halda vətəndaşların əmanətləri üçün təhlükə olmayacaq: “Onsuz da əmanətləri sığortalanıb və elə məqsəd də həmçinin odur ki, səmərəsiz fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondunun üzərinə sığortalanmış əmanətləri qaytarmaq üzrə əlavə yük düşməsin. Yəni bu banklar bağlanmasa belə, oradakı sahibkar və hüquqi şəxslərin vəsaitləri ciddi təhlükədədir”.
Ə.Həsənov qeyd etdi ki, bu 4 bank elə bank sistemimizin güzgüsüdür: “Onlardan üçü - ”Bank of Baku", “Bank VTB” və “Bank Respublika” əsasən əhali, “Xalq Bank” isə şirkətlər ilə işləyən bank kimi tanınırlar. Gəlin sonuncudan başlayaq. “Xalq Bank” bərbad idarəetmə sisteminə, zəif kadr potensialına və sair mənfi cəhətlərə malik olan bir bankdır. Şirkətlərə də əsasən tanışlıqla və digər mənfi zəmində kreditlər verib. İndi də yığa bilmirlər. Ona görə də vəziyyəti çox pisdir. Onun xilası iki halda mümkündür: birincisi, səhmdarları ona əlavə vəsait versə, ikincisi, Palata yuxarıda qeyd etdiyim könüllü restrukturizasiyası adı altında onun sahibkarlar müştərilərinin pulunu alıb banka bağışlasa... Böyük ehtimalla hər iki variant əsnasında bu bank daha sabit banklardan birinə qoşulub sıradan çıxacaq. “Bank VTB” də bir sıra məqamlara görə “Xalq Bank”a oxşardır. Özü də gizlətmir ki, daxilində korrupsiya belə yüksək səviyyədədir. Bu bankda ciddi idarəetmə problemləri var. Səhmdarları olan Rusiyanın VTB qrupu və yerli “Ataholdinq” arasında da fikir ayrılığı var. Reallıqda bank Rusiyadan idarə olunur. Rusiyadan göndərilən rəhbər şəxslər bankdakı yerli əliəyri kadrlarla əlbir olub kimə və necə gəldi kredit paylayıblar, həmin kreditlər də indi qayıtmır. “Ataholdinq” də haqlı olaraq VTB-yə etirazını bildirir ki, pullar haradadır?! Üstəlik son vaxtlar bu banka müflis olmuş ən iri bankın - “Bank Standard”ın kadrları axışır. Bir bankı viran qoyandan sonra indi də VTB-yə daraşıblar".
İqtisadçının sözlərinə görə, bu bankın taleyi iki cür ola bilər: “Ya ”Ataholdinq" pulunu götürüb səhmdarlar sırasından çıxacaq və Rusiya VTB-si banka əlavə vəsait ayırıb fəaliyyətini pis-yaxşı davam etdirəcək ki, imicinə xələl gəlməsin, ya da Rusiya VTB-si bankı bağlayacaq və formal olaraq o hansısa yerli banka qoşulacaq".
Əkrəm Həsənov onu da vurğuladı ki, “Bank of Baku2 ölkənin ən yaxşı idarə olunan və korrupsiyasız banklarından biri idi: ”Lakin ötən illər ərzində bu bankı xeyli güclü kadrlar tərk edib. Yeni kadrlar isə 15 il bundan əvvəl qurulmuş strategiyanı (pərakəndə bankçılıq) yeni şəraitə uyğunlaşdırmadan davam etdiriblər. Nəticəsi göz qabağındadır: məsuliyyətsiz kredit siyasəti ona gətirib ki, əhaliyə verdikləri kreditləri yığa bilmirlər. Böyük ehtimalla yaxında bu bank başqa banka qoşulacaq. “Bank Respublika” uzun illər bir şəxsin peşəkarlığı sayəsində uğurlu işləyə bilirdi, o da idarə heyətinin sədri Xədicə Həsənova idi. X.Həsənova bank sistemimizin ən güclü 4-5 top-menecerlərindən biridir. Amma ilin əvvəlində o, bankdan getdi və bankın onsuz da çətin vəziyyəti daha da ağırlaşdı. Yəqin ki, bu bank da daha iri banklardan birinə qoşulacaq. Ümumiləşdirsək, bütün bu proseslər bankların sayının azalmasına aparacaq. Amma müflisləşmə yolu ilə deyilE Çünki Palataya bu sərf etmir. Daha çox sahibkarların həmin banklardakı pullarının mənismsənilməsi hesabına onların digər banklara qoşulması yolu ilə baş tutacaq. Yəni, həm bu bankların mövcud səhmdarlarını, həm də sahibkar müştərilərini sadəcə fakt qarşısında qoyacaqlar. Sahibkarlara və şirkətlərə məsləhətim budur ki, indidən daha iri və sabit banklarda xidmət olunmağa başlasınlar. Onsuz da yekunda belə olacaq. Sadəcə indi bunu etsələr, proses onlar üçün itkisiz başa gələcək. Digər tərəfdən, bank sistemində rəqabətin zəifləməsi xoşagələn hal deyil və bütövlükdə bank sistemimizi çox ağır illər gözləyir".