Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Polis idarələrini gəzən «qızıl əməliyyatı»:“Arxalı” oğrular

 

Nə qədər ki, Aydın İsmayılov kimi oğurluq qızılları satanların əməllərinə göz yumulacaq, qızıl oğurluğu hadisələri daha da artacaq…
Yenixeber.org:  Bildiyimiz kimi, cəmiyyətdə oğurluq hadisələri son illər xeyli çoxalıb. Oğurluqlar da müxtəlifdir. Kimisi pul oğurlayır, kimisi mal-qara, qoyun-quzu, kimisi maşın, kimisi evlərdən qızıl, kimisi də adam oğurlayır və s. Hər oğurluq sahəsinin də, demək olar ki, öz «peşəkarları» var. El dilində deyildiyi kimi, örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan keçər. Bütün oğruların da gec-tez son məkanı polis idarəsi və həbsxanadır.
Çox təəssüf ki, oğurluğu özünə peşə edənlər geniş şəbəkəyə malik olurlar. Yəni, onlar əraziyə nəzarət edən sahə müvəkkilindən tutmuş, polis idarələrindəki təhqiqatçı, müstəntiq, hətta məhkəmə hakimlərinə qədər çıxış yarada bilirlər. Elə ona görə də bu oğrular mütəşəkkil dəstə yaradaraq, xeyli müddət fəaliyyətlərini sərbəst şəkildə davam etdirirlər. Bu isə, əhali arasında bəzən istintaqçılara qarşı inamsızlıq yaradan amildir.
Bildiyimiz kimi, daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov polisin nüfuzunu qaldırmaq üçün çox böyük əziyyətlər çəkib. Bölgələri qarış-qarış gəzir, vətəndaşları dinləyir və əksəriyyətinin də problemlərini yerində həll edir. Təbii ki, belə addımlar polisin hörmət və nüfuzunu birə-beş artırır. Amma qeyd etdiyimiz kimi, polis işçiləri arasında olan tək-tük əməkdaşların məsliyyətsizliyi bütün polisin adına yazılır. Necə deyərlər, hörmətli nazirin dəridən-qabıqdan çıxaraq, polisin nüfuzunu qaldırmaq üçün çəkdiyi əziyyətlərə, bir növ kölgə salırlar.

“Arxalı” oğrular


Bu yazımız da vətəndaşlara və onların şəxsi mülkinə çox ciddi zərər vuran “arxalı” oğrular barədədir. Deməli, son aylara qədər mütəşəkkil bir oğru dəstəsi vətəndaşların evlərindən qızıl-zinət əşyaları oğurlamaqla məşğul olublar. Oğurladıqları qızılları da sərbəst şəkildə, özü də dəyərindən 10 dəfə aşağı qiymətə realizə edə biliblər. Bu barədə bir zərərçəkənin redaksiyamızın elektron poçtuna daxil olan şikayət məktubunda ətraflı göstərilir. Şikayətçinin məktubda göstərilən telefonuna zəng edib görüşdük. Yazdıqlarını söhbətimiz zamanı da təsdiq etdi. Məlum səbəbdən (istintaq gedir) adının açıqlanmasını hələ ki, istəmir.
Məktubdan məlum olur ki, həmin bu oğru dəstəsi onun da evindən xeyli qızıl-zinət əşyaları oğurlayıb. Həmin vətəndaş özü də araşdırmalar aparıb və müəyyən edib ki, oğurluq qızıllar “Xalqlar dostuluğu” metrosunun üstündə “Təkbir” gümüş mağazasının sahibi Aydın İsmayılov tərəfindən çox ucuz qiymətə qəbul edilir və sonradan baha qiymətə digər müştərilərə satılır. Vətəndaş haqlı olaraq sual edir:
-Məgər, mağazanın yerləşdiyi əraziyə cavabdeh olan sahə müvəkkili A.İsmayılovun doğrudan da nə ilə məşğul olduğunu bilmir? Axı sahə müvəkkili ayıq-sayıq olsa və öz vəzifə marağını şəxsi marağa qurban verməsə, Aydın İsmayılov nə karədir ki, oğurluq qızılları ucuz qiymətə qəbul edib, baha satsın?
Şikayətçi vətəndaşın məktubundan aydın olur ki, bu dəstə artıq 2 ay bundan əvvəl Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub. Amma 3 nəfərlik olan bu dəstənin 2-si azyaşlı olduğu üçün hələlik ev dustaqlığına buraxılıblar. Lakin 25-30 arası yaşı olan Paşayev İlkin Əbdül oğlu barədə isə həbs qətimkan tədbiri seçilib. Elə maraqlı məqam da bundan sonra başlayıb. Çünki dəstənin başçısı olan İlkin Paşayev elə ilkin ifadəsində oğurladıqları qızılları “Təkbir” gümüş mağazasının sahibi, 28 yaşlı Aydın Çingiz oğlu İsmayılova verdiklərini etiraf ediblər. Dediyimiz o maraqlı məqam da budur ki, Abşeron RPİ-də Aydın İsmayılov haqqında həmin vaxt heç bir tədbir görülməyib. Görünür, “axasına” çox arxayındır.

«Qızıl əməliyyatı» RPİ-ləri niyə gəzib?


Bu deyilənlərin nə qədər doğru olduğunu müəyyən etmək üçün jurnalist araşdırması apardım. Əvvəla, onu öyrəndim ki, tutulan zaman İlkin Paşayevin rəhbərliyik etdiyi dəstə təkcə Abşeron rayonunda yox, Binəqədi rayonunda da vətəndaşların evlərindən qızıl-zinət əşyaları oğurlayıb. Bu səbəbdən cinayət işi Binəqədi rayonuna verilib. Daha sonra isə, məlum olub ki, bu dəstə Suraxanı və Sabunçu ərazisindəki evlərdən də oğurluqlar ediblər. Ona görə də bu cinayət işi Binəqədidən Suraxanı RPİ-yə, oradan da Sabunçu RPİ-yə və nəhayət, sonda iş Bakı Şəhəri Baş Polis İdarəsinə (BŞBPİ) verilib. Yəni, bu qızıl əməliyyatı dörd rayonu gəzəndən sonra BŞBPİ-də qərar tutub.
İndi sual olunur: -Bu cinayət işi verilən, o adı çəkilən RPİ-lərin müstəntiqləri oğurluq qızılları realizə edən Aydın Çingiz oğlu İsmayılova niyə indiyə qədər “gözün üstə qaşın var” deməyiblər? Yoxsa, bu müstəntiqlər 28 yaşlı Aydın İsmayılovun ala gözünə, qara qaşına vurulublar? Təbii ki, yox. Gənc olmasına baxmayaraq, aldığımız məlumata görə, A.İsmayılov qısa müddətdə çox böyük pul və sərvət sahibi olub. Onun indiyə qədər istintaqdan yayılmasının səbəbini elə bu iki amillə də bağlamaq olar. Yəni, A.İsmayılov oğrulardan dəyər-dəyməzinə aldığı qızılları, daş-qaşları olduqca baha qiymətə satmaqla böyük var-dövlətə sahib olub. Əlbəttə, adi gümüş mağazası işlədən bir adamın birdən –birə gəlib o boyda sərvətə malik olması təbii ki, sahə müvəkkilini indiyə qədər maraqlandırmalı idi.

Müstəntiqlərin A.İsmayılova simpatiyasının sirri nədir?


A.İsmayılovun hansı səbəbdən indiyə qədər istintaqa cəlb olunmamasını aydınlaşdırmaq üşün Abşeron rayon Polis İdarəsində ilk dəfə bu işi istintaq etmiş müstəntiq Eldəniz Əsgərovla əlaqə saxladım. E.Əsgərovun dedikləri: “Bəli, o iş məndə olub. Lakin həmin oğru dəstəsinin 4 rayonda oğurluq etdikləri məlum olandan sonra, iş Bakı Şəhər Baş Polisi İdarəsinə verilib. Mən gümüş mağazasının sahibi Aydın İsmayılovu bu barədə dindirmişəm və o bildirib ki, qızılların oğurluq olduğunu bilməyib. Gətirənlər deyiblər ki, öz qızıllarıdır”.
Görəsən, hörmətli Eldəniz Əsgərov bu deyilənlərə doğrudandamı inanıb? Axı, oğurluğu həyata keçirən İlkin Paşayev ifadəsində açıq şəkildə bildirib ki, oğurladıqları qızılları müntəzəm olaraq çox ucuz qiymətə Aydın İsmayılova veriblər, o da öz növbəsində onları baha qiymətə satıb. Belə olan surətdə müstəntiqin Aydın İsmayılova inanmasının və simpatiya bəsləməsinin səbəbləri barədə düşünməli olursan. Necə deyərlər, iman bir yerə, guman min yerə.
Çox təəssüf ki, Binəqədi RPİ-də bu işi aparan Orxan adlı müstəntiqlə əlaqə saxlaya bilmədim. Çünki həmin müstəntiq artıq Polis Akademiyasında oxuyur.
Sabunçu RPİ-nin müstəntiqi Ceyhun Cəlalov da bu iş barədə çox maraqlı açıqlama verdi: “Hə, bu iş yadımdadır. O işi mən aparmışam. Sonradan həmin iş Bakı Şəhər Baş Polis İdarəsinə verilib”. Bu yerdə mənim verdiyim “oğurluq qızılları dəyər-dəyməzinə alıb, baha satan Aydın İsmayılovu nə əcəb istintaqa cəlb etməmisiniz” – sualıma, C.Cəlalov belə cavab verdi: “Həmin işdə zərərçəkənlərə dəymiş ziyan tam ödənildiyi üçün daha kimisə istintaqa cəlb etməyə ehtiyac qalmadı”.
Əcəb yanaşmadır, elə deyilmi? Get kimsənin evindən oğurluq elə, sonra da dəymiş zərəri ödə və məsuliyyətdən azad olun! Burada hansısa hüquqi məntiqdən söhbət gedə bilərmi? Əksinə, mən burada Aydın İsmayılovun “podxod”unda daha samballı məntiq görürəm. Çünki az vaxtda məhz bu oğurluq qızılların hesabına külli miqdarda var-dövlət sahibi olan adamın “məntiq”i təbii ki, güclü olar.
İndi daha bir maraqlı sual meydana çıxır: əgər, zərərçəkənlərə dəymiş zərər tam ödənibsə və şikayətçi deyilsə, bəs onda Bakı Şəhər Baş Polis İdarəsi nəyi araşdırır? Hər halda Bakı Şəhər Baş Polis İdarəsi çox nüfuzlu bir qurumdur və bu səbəbdən onlar işini rayon müstəntiqlərinin məntiqi əsasında qurmayacaqlar. Bu səbəbdən də BŞBPİ-nin müstəntiqinin həmin işi obyektiv aparacağına böyük inam var. Mən həmin müstəntiqin adını burda çəkmək istəmirəm, amma hüquq-mühafizə orqanlarındakı dostlarımızdan aldığımız məlumata görə həmin işi aparan BŞBPİ-nin müstəntiqi çox obyektiv bir insandır və apardığı işi tam başa çatdırmasa, əl çəkən deyil. Elə ona görə də oğurluq qızılları realizasiya edən Aydın İsmayılovun da tezliklə qanun qarşısında cavab verəcəyi əminliyi var.

Aydın İsmayılov qanun qarşısında cavab verəcək

Nəyə görə, bir vətəndaş olaraq, mən A.İsmayılovun cəzalandırılmasını istəyirəm? Bunun bir neçə səbəbi var. Birincisi və ən başlıcası, oğrular oğurladıqları qızılları Aydın İsmayılov kimilərinin vasitəsilə dəyər-dəyməzinə də olsa, sata bilməsələr, oğurluq da etməzlər. Fikirləşərlər ki, əgər bu oğurladıqları qızılları sata bilməyəcəklərsə, onda bu qədər riskə getməyə dəyərmi? Bu faktor qızıl oğurlamaq fikrinə düşənlərin sayını azalda bilər.
Daha bir səbəbi isə, Aydın İsmayılov təkcə oğurluq qızılları yox, həm də ərköyünlük edərək, öz evlərindən 5-10 manat pula görə oğurluq edən uşaqları da pis yola çəkir. Çünki aldığımız məlumata görə, öz dayısının evindən 40 min manatlıq qızıl oğurlayan uşaq həmin qızılları A.İsmayılova 900 manata satıb. Sən bu adamdakı insafsızlığa bax ki, 40 min manatlıq qızıla 1000 manat da vermək istəməyib. Hadisə ev yiyəsinə məlum olandan sonra Aydın İsmayılovun yanına gəliblər və nə qədər dava-qırğın salsalar da qızılları ala bilməyiblər. A.İsmayılovun “qızıl” məntiqi belə olub ki, gətirib satmayaydı.
Şamaxı rayonunda qeydiyyatda olan Aydın İsmayılov metronun «Həzi Aslanov» stansiyası ərazisinə yaxın yerdə yaşayır. Bir daha qayıdıram sahə müvəkkillərinin fəaliyyətinə. Görəsən, həm “Xalqlar dostluğu” metrosunun üstündə yerləşən “Təkbir” gümüş mağazasının yerləşdiyi, həm də A.İsmayılovun yaşadığı əraziyə cavabdeh olan sahə müvəkkilləri bu həngamələri görmürlər? Məgər, görmürlər ki, A.İsmayılov artıq yeniyetmə uşaqları oğurluğa cəlb edir? Elə buna görə də, tutulan İlkin Paşayevin dəstəsinin 2 üzvü azyaşlıdır. Bu çox ciddi bir siqnaldır. Nə qədər ki, hüquq mühafizə orqanlarının əməkdaşları, istər müstəntiqlər olsun, istərsə də sahə müvəkkilləri, Aydın İsmayılov kimi oğurluq qızılları satanlara loyal yanaşacaqlar, onda oğurluq hadisələri nəinki azalmayacaq, əksinə yeniyetmələrin 5-10 manata susamasına görə daha da artacaq. Mən inanıram ki, məhz bu amilləri nəzərə alıb, BŞBPİ-nin səlahiyyətli rəsmiləri və işi aparan müstəntiq nəhayət, obyektiv araşdırma aparacaq və bütün günahkarlar layiqli cəzalarını alacaqlar.
Elçin MƏMMƏDLİ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam