“Son İclas” adlı bədii-sənədli film, Cümhuriyyətimizin 100 illiyinə həsr olunub.

Yenixeber.org: Filmin məqsədi, 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaqdır.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edib. Kütləvi səhnələrdə isə 500-dək insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb.

Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” filmi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.