Əyrini əyri, düzü həmvar... olmur
Qazancı məhkəmə hökmləri, təhdid və şantaj olanlar...
“Jurnalist fikrimi kontekstdən çıxarıb”, “Məndən bir şey yazsan məhkəmədə görüşəcəyik”, “yazdıqların hamısı şər-böhtandır”, “jurnalistlər şantajla məşğuldur” və s. Bu sayaq “mövqe” nümayişinin demək olar ki, hər gün dəfələrlə şahidi oluruq. Gözlərimiz görməkdən, qulaqlarımız eşitməkdən az qalır “mazol” olsun. Yalnız vəzifəsi və parası artıq olanlardan nə qədər sayqısızlıq, təhdid yaşamaq olar...
Bəzən isə hətta buna da “şükr” deməli oluruq. Hansısa bir məlumatı dəqiqləşdirmək istiqamətində saatlarla, günlərlə çaba xərcləsək də, “daşdan, qayadan səs çıxır” bizim ərköyün məmurlardan yox. Ən yaxşı halda isə “suallarını məktubla göndər, cavab verərik” deməklə vəzifələrini bitmiş bilirlər. Hansı zamanda yaşadıqlarının fərqinə varmaq, operativ jurnalistika deyilən bir nəsnəni anlamaq belə istəmirlər. Artıq gec olur, məlumat ictimailəşir. Sonra,... sonra da mənasız şantajlar, təhdidlər, məhkəmələr və bəzən də dostların xahişləri.
Nə təəssüf ki, bütün bunlar çağdaş Azərbaycan jurnalistikasının bir üzüdür. (Siyasiləşmiş jurnalistika bir başqa...) Həm də ən çox haqqında danışılan və tənqid olunan üzü. Haqqı çatan da, çatmayan da jurnalistləri dəqiqləşdirilməmiş, nə bilim böhtan dolu məlumatlar yaymaqda ittiham edir.
Olsun, bəlkə belə də olur. Amma, peşəkar jurnalistikadan danışıb, dərs keçənlər nədənsə problemin kökünə varıb, səbəblərdən danışmaqda həvəsli görünmürlər. Məlum qanunlara uyğun olaraq səlahiyyət sahiblərinin vəzifələrindən biri də, məhz jurnalistlərlə işləməkdir. Ən azı birbaşa olmasa da, müəyyən görəvlənmiş şəxslər (Mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələndirici və s.) vasitəsi ilə. Belə ştatlar da var, bu görəvdən maaş alanlar da...
Əksər hallarda dövlət qurumlarında nəinki birinci, ikinci, üçüncü sima ilə, mətbuata məsul şəxslə belə, birbaşa əlaqə yaratmaq cəhdi nəticəsiz qalır. Mətbuata məsul olanlar (Əgər varsa da) mətbuatla işləməyi unudub, başqa-başqa işlərlə baş qatırlar. Hətta Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi və s. kimi əhəmiyyətli qurumlar rəsmi sorğuları belə cavablandırmırlar. Sayqısızlığın adı bilinməyən həddi budur. Belədə əyrini əyri, düzü həmvar yazmaq olarmı? Bəs səbəb nədir? Səbəbkar kimdir?
Nədənsə bizim hörmətli peşəkarlar qeyr-dəqiq məlumatın ictimailəşməsində bu səbəb və səbəbkarları unudurlar. Özbaşınalığı özlərinə peşə edənlər qorunur, hədəf birmənalı şəkildə jurnalistlər olur. Qazancı məhkəmə hökmləri, təhdid və şantaj olan jurnalistlər.
Məhkəmə demişkən, Ədliyyə Nazirliyinin Kollegiyası “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”nı təsdiq edib. Yeni qaydaya görə ildə iki dəfə məhkəmə xəbərdarlığı alan mətbu nəşrin fəaliyyətini dayandırmaq mümkü oluna bilər. Söhbət məhkəmənin hansısa qərarından yox, məhkəmə xəbərdarlığından gedir.
Bax belə, bir xəbərdarlıq yetər ki,...
İlqar Salmanov