Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSRAİL-BƏƏ “SÜLHSEVƏRLİYİ”NDƏN GƏLƏN QAN İYİ –“Tarixi saziş”in arxa planı

Dünən ABŞ prezidenti Donald Trampın BƏƏ ilə İsrail arasında münasibətlərin normallaşmasına dair saziş imzalandığı barədə öz Twitter səhifəsindən paylaşdığı xəbər ərəb ölkələrində birmənalı qarşılanmadı. 

Yenixeber.org: Xüsusilə İsrail işğalı altındakı Fələstin xalqı bu xəbəri böyük üzüntü ilə qarşıladı. Verilən məlumatlarda Fələstin lideri Mahmud Abbasın Abu Dabidəki səfiri geri çağırdığı və Qəzza şəridindən İsrailə bir neçə raket atıldığı bildirilir. İki ölkə arasında bağlanan sazişə əks-reaksiyalar hələ ki zəif görünsə də, bu, ərəb ölkələrindəki ictimai narazılığı tam olaraq ifadə etmir, krallıq rejimlərinin dəyənəyi altında əzilərək susan xalqların bu “dostluq”la razılaşacaqları mənasına gəlmir.

İstər ABŞ yetkililərinin, istərsə də İsrail Baş naziri Binyamin Netayahunun verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin atdığı bu addım yalnız onunla məhdudlaşmayacaq, bir çox ərəb ölkələri də eyni mövqe sərgiləyəcəklər. Yəni ərəb ölkələri İslam coğrafiyasının strateji əhəmiyyət daşıyan bir hissəsini ilhaq edən və bu ilhaqı genişləndirməyə çalışan İsraillə dost olacaqlar, ticari, iqtisadi, yeri gələndə hərbi əməkdaşlıqlarını gücləndirəcəklər. Sənaye ölkəsi olan İsrail ərəblərlə münasibətlərin normallaşmasından həm öz təhlükəsizliyini təmin edəcək, həm də neft zəngini olan böyük bazar qazanacaqlar. Hansı ki, həmin bazarın alıcılıq qabiliyyəti yüksək olan yüzmilyonlarla müştərisi var və onların sərvətləri İsrailə axacaq.

Üstəlik, bu anlaşmalardan sonra ərəb ölkələrində getdikcə artan narazılıqlar, qonşularından gələ gələcək müdaxilələr onları İsrail hərbi sənayesinin məhsullarından asılı vəziyyətə salacaq. Ərəb ölkələri İsrailin havadan müdafiə sistemləri ilə təchiz ediləcək, öz hava sahələrini qoruyarkən əslində İsrail üzərindəki “Dəmir Qübbə”ni möhkəmlədəcəklər. Başqa sözlə desək, İrandan İsrailə atılacağı gözlənilən raketləri öz hava sahələrində zərərsizləşdirəcəklər. Nəticədə İranın İsrail üçün təhdidlərindən biri də ortadan qalxacaq və o, əli-ayağı bağlanmış asan yemə çevriləcək.

Bəs bunun müqabilində BƏƏ və bənzər sazişi imzalamağa  hazırlaşan ərəb ölkələri nə qazanacaqlar? Donald Trampın dediyinə görə, İsrailin Fələstin torpaqlarını ilhaq siyasətini dayandırmasını.

Təl-əvivin bu mövqeyini “misligörünməmiş güzəşt” kimi təqdim edən ABŞ prezidenti imzalanan sazişi də “tarixi sülh anlaşması” adlandırdı. Halbuki, İsraillə bənzər anlaşma ilk dəfə 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya arasında bağlanmışdı. Dolayısıyla BƏƏ ilə bağlanan “sülh sazişi” 3-cü belə anlaşmaydı və tarixilik əxz etmirdi. Ən əsası isə odur ki, 40 ildən artıq yaşı olan ilk və 26 il yaşı olan ikinci sazişin regionda sülhə gətirmədiyi də gün kimi ortadadır. Bununla belə, rəsmi Abu Dabi ABŞ prezidentinin bu sözlərini təsdiqlədi və guya Fələstin torpaqlarının ilhaq edilməməsi qarşılığında Təl-əvivlə bu müqaviləni bağladığını açıqladı.

Maraqlıdır ki, Donald Trampın və BƏƏ şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan bu sözlərinin üzərindən az keçməmiş İsrail təyyarələrinin Qəzza zolağında hava əməliyyatları keçirdiyi və HƏMAS mövqelərini bombaladığı xəbərləri yayıldı. İsrail ordusu rəsmi Twitter səhifəsində həmin əməliyyatlar Qəzzadakı HƏMAS mövqelərindən atılan “hava şarları”na cavab kimi xarakterizə edildi. “Qəzza zolağından İsrail ərazisinə bir sıra partlayıcı şarın atılmasına cavab olaraq, biz sadəcə hava hücumundan müdafiə postunu, yeraltı infrastrukturu və Qəzzadakı Həmasın müşahidə postlarını vurduq”,-İsrail ordusunun rəsmi Twitter açıqlamasında belə deyilirdi.

Az keçməmiş ikinci maraqlı açıqlama İsrailin Baş naziri Binyamin Netanyahudan gəldi. Baş nazir işğal altındakı Qərbi Şəriyə bölgəsində ilhaq planından vaz keçmədiklərini sadəcə müvəqqəti olaraq təxirə saldıqlarını açıqladı. Qərbi Qüdsdəki ofisində keçirdiyi mətbuat konfransında BƏƏ ilə “barışa barış” (nə deməkdir, Allah bilir) əsasında saziş imzaladıqlarını və bu sazişin ticarət, turizm və aviasiya sahələrini əhatə etdiyini bildirən Netanyahunun ilhaq barədə fikirləri olduqca açıq və konkret idi: “İlhaq planımızda heç bir dəyişiklik yoxdur”. Bu bəyanatın Qüdsdə (Qərbindən və ya Şərqindən asılı olmayaraq) verilməsi də əslində hər sözü deyir, bir növ həm Trampın, həm də şahzadə Məhəmməd bin Zayed Əl-Nəhyanın dediklərinin üzərindən xətt çəkir. BƏƏ ilə bağlanan müqaviləni “həqiqi sülh sazişi” olaraq xarakterizə edən İsrail Baş naziri digər ərəb ölkələrinin də bu razılaşmaya qoşulacağını bildirdi.

Ən maraqlısı isə budur ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailə göstərdiyi bu alicənab mövqeyi nədənsə Qətərdən çox görür. Amerikanın “Fox News” televiziyasının iyulun əvvəlində yayımladığı bir xəbərə görə, körfəz ölkələri ilə Qətər arasında münasibətlərin tənzimlənməsinə dair görüşlər keçirilmiş, son anda isə danışıqlar nəticəsiz başa çatmışdı. Danışıqları pozan BƏƏ olmuşdu.

Xatırladaq ki, Qətərlə körfəz ölkələri arasında gərginlik 5 iyun 2017-ci il tarixində baş verib. O gündən indiyədək körfəz ölkələri Qətəri quru, hava və dəniz mühasirəsinə alıblar. BƏƏ isə 3 ildir ki öz yaxın qonşusuna və qardaşına endirilən bu zərbəni qarşı tərəf məhv olana qədər davam etdirməkdə israrlıdır.

Dünən İsraillə sülh sazişi imzalayan və bunu “tarixi addım” kimi qiymətləndirən BƏƏ-nin Qətərə bu iltifatı çox görməsinin bir neçə səbəbi var. Əvvəla, BƏƏ-nin nöqteyi-nəzərincə, yaxın qonşusunun və qardaşının əsas günahı İranla münasibətində düşmən mövqeyi tutmaması və 2010-cu ildən etibarilə Yaxın Şərqi bürüyən “ərəb baharı” hərəkatını maliyyələşdirməsidir. Hansı ki, bu hərəkat ABŞ və İsrailin diktəsiylə ərəb xalqları üzərində krallıq quran bir neçə ailənin maraqlarına qulluq edən rejimləri dəyişdirməyi özünün əsas hədəfi olaraq seçmişdi.

BƏƏ-nin Qətərlə münasibətlərin tənzimlənməsinə qarşı çıxmasının digər səbəbi ərəb dünyasına liderlik iddiasından irəli gəlir. Hər halda Amerikanın “Fox News” televiziyası da aylar öncə verdiyi xəbərin analizində bunu iddia edirdi. Bu mülahizəyə görə, BƏƏ-nin bu addımı bölgədə hakim güc olmaq və ərəb coğrafiyasını ilgiləndirən qərarların Qahirə, Bağdad və ya Dəməşqdə deyil, məhz Əbu-Dabidə alınması istəyindən qaynaqlanır.

Bildirildiyinə görə, Səudiyyə Ərəbistanının Qətərlə ixtilafı davam qərarı da Riyadda deyil, Abu Dabidə verilmişdi. “Fox News” iddia edirdi ki, BƏƏ rəsmiləri bunun üçün ABŞ-da apardıqları lobbiçilik fəaliyyətinə milyardlarla dollar xərcləmiş və sonunda öz məqsədlərinə nail olmuşdular.

Qeyd edək ki, əslində ərəb ağalığı uğrunda mübarizədə Qətər də süddən çıxmış ağ qaşıq deyil. Rəsmi Doha da məhz bu liderlik üçün Yaxın Şərq coğrafiyasında “ərəb baharlarını” dəstəkləmiş, Misirdə, Tunisdə, Liviyada hakimiyyət dəyişikliklərini reallaşdıra bilmişdi. Suriyada oxu daşa dəyən Qətər Yaxın Şərqin diktator rejimlərinin birgə fəaliyyəti nəticəsində “zərərsizləşdirilmiş” və 2017-ci ildən tam mühasirəyə alınmışdır. Onun “ərəb baharı”ndakı ən təsirli silahı olan “Əlcazirə” telekanalı bir çox ərəb ölkələrində yayımını dayandırmışdı. Körfəz ölkələrinin 2018-ci ildə Qətərə zorla qəbul etdirdikləri 13 maddəlik razılaşma mətnində bu tələb də yer alırdı.

Sözsüz ki, Qətər ABŞ və İsrailin maraqlarını nəzərə almadan bu “inqilabi dəyişikliklərə” imza ata bilməzdi. Görünən budur ki, ərəb ölkələrini qana bulamaq və özündən daha çox asılı vəziyyətə gətirən ABŞ əvvəl Qətər projesini dəstəkləsə də, öz məqsədinə çatdıqdan sonra Dohanın arxasından çəkildi. Amma Vaşinqton Qətərin tamamilə məhv edilməsini də istəmirdi. Körfəz ölkələri arasında yaşanan Qətər böhranını dayandırmaq üçün vasitəçilik etməsi də bunun nəticəsi idi.

Əlbəttə ki, başqa səbəblər də var. Önəmli səbəblərdən biri öz ərəb qardaşları tərəfindən sıxışdırıldıqca Qətərin İrana meyllənməyə məhkum olmasıdır. Rəsmi məlumatlara görə, körfəz ölkələri tərəfindən hava blokadasında alınan Qətər artıq İran hava məkanından istifadə edir və bunun üçün həm məzhəbi, həm irqi, həm də coğrafi baxımdan uzaq qonşusuna ildə 133 milyon dollar ödəyirÜstəlik, 2.5 milyon insanın yaşadığı (bunun sadəcə 800 mini ölkə vətəndaşdır) Qətər əvvəl ərəblərdən aldığı qida və sənaye məhsullarını da İrandan idxal etməyə başlayıb. Nəticədə Qətərlə İran arasındakı ticarət həcmi 2 milyard dollara qədər artıb. İranın rəsmi statistikasına görə, böhrandan əvvəl Qətərə cəmi 50 milyon dollar olan gündəlik tələbat mallarının ixracı 300 milyon dollara yüksəlib.

Bu Tramp hakimiyyətinin İrana tətbiq etdiyi blokadanın tələblərinə zidd olsa da, Qətərin başqa çarəsi yoxdur. Vaşinqton Qətəri bu asılılıqdan xilas etmək üçün körfəz ölkələrini barışdırmaq istəyirdi. Onun həmin arzusunun BƏƏ tərəfindən əngəllənməsi və daha sonra bu cırtdan ölkənin İsraillə sülh sazişi imzalaması regionda yaxın günlərdə nələrin baş verəcəyini proqnozlaşdırmağa kömək edir. Belə görünür ki, İsrail və körfəz ölkələri İrandan qabaq Qətər məsələsini çözməyə çalışacaqlar. Böyük ehtimalla rəsmi Doha 2010-cu ildə ərəb ağalığı arzusunda düşməsinin bədəllərini ağır ödəyəcək və Qətər əmiri Təmim bin Həmad əl-Taninin dünya iqtisadiyyatını şəkilləndirən mülkiyyəti “sülhpərvər” müttəfiqliyin güdazına gedəcək. Əvəzində isə BƏƏ “ərəb ağalığını” digər qardaşlarına da qəbul etdirəcək.

Fars körfəzindəki son qala da fəth olunduqdan sonra növbə, təbii ki, İrana çata bilər.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam