Mətbuat Şurasında "informasiya təhlükəsizliyi" müzakirə edildi
Dekabrın 5-də Mətbuat Şurası (MŞ) media kapitanlarını bir araya toplayaraq “İnformasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” adlı tədbir keçirib.
"Xeberinfo.com": Məlumata görə, tədbirdə ölkənin aparıcı kütləvi-informasiya vasitələrinin rəhbərləri, həmçinin Prezident Adminstrasiyasının və Müdafiə Nazirliyinin təmsilçiləri iştirak edib.
MŞ sədri Əflatun Amaşov çıxışında bildirib ki, tədbir Prezident Adminstrasiyası və Müdafiə Nazirliyi ilə birgə keçirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd bu ilin avqustunda cəbhə xəttində baş verən əməliyyatlar zamanı mediada yayılan məlumatlarla bağlı yaranmış durumu bir daha müzakirə etməkdir. O bildirib ki, bu hadisədən sonra dövlət başçısı İlham Əliyev 24 sentyabr tarixində 742 saylı sərəncam verib və aidiyyatı qurumlar bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirirlər. Keçirilən tədbir də həmin yöndə aparılan işlərdəndir. Ə.Amaşov qeyd edib ki, medianın həmin hərbi əməliyyatlar zamanı sərgilədiyi mövqe o qədər də aydın və balanslı olmayıb.
Prezident Adminstrasiyasının təmsilçisi Vüqar Əliyev isə qeyd edib ki, bir müddət əvvəl erməni diversiya qrupunun törətdiyi təxribatlar, işğal altındakı ərazilərimizdə keçiridiyi hərbi təlimlər, hərbi vertolyotun vurulması və sair məsələlərdə ermənilər məqsədyönlü şəkildə informasiya müharibəsi də aparırlar. Onun sözlərinə görə, həmin olaylar zamanı mediada yayılan xəbərlər açıq şəkildə göstərdi ki, erməni resursları kifayət qədər məqsədyönlü şəkildə informasiya siyasəti həyata keçirirlər. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və bu səbəbdən növbəti təxribatlar törədəcəyinin istisna olunmadığını bildirən V.Əliyev, medianın bu kimi məsələlərdə diqqətli davranmasının vacib olduğunu vurğulayıb.
V.Əliyev qeyd edib ki, avqustda baş verən hərbi əməliyyatlar zamanı Azərbaycanın bəzi kütləvi informasiya vasitələri peşəkarlıq nümayiş etdirə bilməyib, həmçinin ermənilərin maraqlarına uyğun fəaliyyət göstəriblər. Bununla belə, o, qeyd edib ki, bu cür xoşagəlməz halların qarşısının alınması üçün tədbirlər həyata keçirilib və nəticəsi də var. V.Əliyevin sözlərinə görə, son baş vern hadisədə- erməni helikopterinin vurulması zamanı Azərbaycan mediası daha peşəkar davranıb". O, jurnalistlərin hərbi məlumatları Müdafiə Nazirliyi ilə əlaqələndirməli olduğunu vurğulayıb. V.Əliyevin sözlərinə görə, bununla bağlı Müdafiə Nazirliyi xüsusi kitabça da hazırlayıb və o kitabça redaksiyalara paylanacaq.
Müdafiə Nazirliyinin təmsilçisi Vaqif Dərgahlı da çıxış edərək dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamı nazirlik tərəfindən diqqətə alınıb və bununla bağlı ciddi işlər görülməkdədir. O, həm təmas xəttində əhali ilə, həm əsgəri birləşmələrlə iş aparıldığını bildirib. V.Dərgahlı həmçinin qeyd edib ki, media üçün “Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar” adlı xüsusi broşür hazırlanıb və bu, jurnalistlər üçün nəzərdə tutulub.
“APA-Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, artıq informasiyanın gizlədilməsi mümkün deyil. İnformasiyanı dövlətçilik maraqlarını nəzərə alaraq ilk olaraq vermək lazımdır: “Çalışmalıyıq ki, informasiya ilk olaraq bizdən çıxsın”. O, həmçinin qeyd edib ki, Müdafiə Nazirliyinin bu istiqamətdə işinin operativləşməsinə ehtiyac var: “İnformasiya siyasəti idarə olunmalıdır. Biz düşmənlə müharibə aparırıq və informasiya müharibəsi bunun tərkib hissəsidir”. V.Mahirqızı mediada yayılan hərbi xəbərlərin operativliyinin artırılması, həmçinin dövlətçilik maraqlarının da nəzərə alınması üçün İşçi qrupunun yaradılmasını təklif edib.