“MÜƏLLİM 168 MANATLA NECƏ YAŞASIN?” - DEPUTAT
Bu gün parlamentdə 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat İqbal Ağazadə müəllimlərin əməyinə dəyər verilməməsini tənqid edib. Xüsusən, o qeyd edib ki, məktəb müəllimləri aylıq 24 saat iş üçün 168 manat maaş alırlar. Qanunla onlar bundan artıq vəsait ala bilməz. “Müəllim ayda 168 manatla necə yaşasın?”, deyə Ağazadə bildirib.
"Xeberinfo.com": Ali məktəb müəllimlərinə keçən deputat deyib ki, saathesabı işləyən müəllimlərə bir saat dərs üçün 2 manat ödəyirlər.
Bilikli bir müəllim belə bir əmək haqqı üçün auditoriyaya gedərmi? Bu ali məktəblərdə təhsilin keyfiyyəti necə olacaq?, deyə Ağazadə qeyd edib.
Daha sonra o, dövlət qulluğuna qəbul qaydalarına etiraz edib. Burada test imtahanlarına 30 yaşı keçməmiş şəxslər buraxılır. “Başa düşə bilmirəm ki, 45 yaşadək mütəxəssislərin nəyi pisdir? Onların təhsilində nə dövlətin xoşuna gəlmir? Bu, işə yalnız gənc qızları qəbul edən mağaza elanlarını xatırladır. Bu ayrı-seçkiliyə son qoyulmalıdır”, deyə Ağazadə tələb edib.
O, həmçinin digər qurumların maliyyələşməsi artdığı halda siyasi partiyaların maliyyə vəsaitinin artırılmamasını tənqid edib.
Ağazadə həmçinin ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinin tərəfdarı olduğunu bildirib. Hazırda ipoteka yalnız aylıq maaşı 700 manatdan çox olan gənclərə verilir.
Öz növbəsində, deputat Azay Quliyev QHT-lərin kifayət qədər maliyyələşdirilmədiyini deyib. O, maliyyə naziri Samir Şərifova 2015-ci il dövlət büdcəsi layihəsində QHT-lərə yardımın ölçüsünə yenidən baxmaq xahişi ilə müraciət edib.
“Bizim QHT-lərin 35%-i xaricdən maliyyələşir. Bu, onların xarici fondlardan asılılığını artırır və Azərbaycanın milli təhlükəsizliyinə təsir edir. Xaricdən bizim QHT-lərə hər il 23 mln. dollar daxil olur. Buna görə yerli QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsini artırmağı təklif edirəm.
Layihədə bu məqsəd üçün nəzərdə tutulmuş 6 mln. manat kifayət etmir, belə ki, bu məbləğin 2 mln. manatı QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşməsinə gedir, QHT-lərin özlərinə isə 4 mln. manat qalır. Məbləği 10 mln. manata çatdırmaq lazımdır”, deyə Quliyev qeyd edib. Milli Məclisin sədri Oqtay Əsədov onu dəstəkləyib.