AMEA-nın prezidentinin istefası tələb olunur
“Bu “seçkilərdə” presedentsiz, analoqsuz bir sıra hadisələr baş vermişdir…”
"Xeberinfo.com": Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən xeyli vaxt keçsə də, narazılıqlar hələ də davam edir. Məlum olduğu kimi, bir qrup alim seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu bildirərək, narazılıqlarını açıq formada ifadə ediblər. Onlar AMEA-nın üzvlərinin seçki yolu ilə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edildiyini bildirirlər. Narazılar Prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticələrini ləğv etməyi və özünün nəzarəti altında yeni seçkilər keçirməyi xahiş edirlər.
Narazı aimlərin əksəriyyəti etirazlarının nəticə vermədiyini görərək sakitləşsə də, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyev mübaizəsini davam etdirir.
Xatırladaq ki, Elman Şahverdiyev indiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən), həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərən Elman Şahverdiyev ABŞ-da dərc olunan “Dynamical and Control Systems” (IASR) Jurnalının Editorlarından biridirr.
Onu da yada salaq ki, Elman Şahverdiyev bir müddət əvvəl “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə Açıq Məktub, daha sonra isə müraciət ünvanlamışdı.
Həmin məktubunda Elman Şahverdiyev fikirlərini daha tutarlı əsaslandırmaq üçün AMEA-ya üzv seçilən bəzi şəxslərin elmi potensialının akademik adı daşımağa imkan vermədiyinə dair konkret ittihamlar irəli sürmüşdü.
Eyni zamanda onların hansı yolla, kimlərin vasitəsilə AMEA-ya üzv seçildiyini açıqlamışdı. Elman Şahverdiyev həmin məktubunda prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticələrini ləğv etməyi xahiş etmişdi.
Elman Şahverdiyev “AzPolitika.info” vasitəsilə Prezident İlham Əliyevə ünvanladığı bu dəfəki müraciətində isə Milli Akademiyaya seçkilərdə baş verən pozuntularla yanaşı, AMEA-nın prezidenti Akif Əlizadə ilə bağlı da narazılıqlarını ifadə edib, onun istefaya göndərilməsinin vacib olduğunu bildirib. Fikirlərini əsaslandırmaq üşün AMEA-nın prezidentinə qarşı bir sıra ittihamlar da irəli sürüb. Həmin müracəti qısa ixtisarla və müəyyən redaktə ilə dərc edirik:
“Prezident Administrasiyasından gələn siyahı əsasında təyinatlar olub”
“Cənab Prezident!
Son aylar mən Sizə dəfələrlə saytlar və mətbuat vasitəsi ilə 30 iyunda AMEA Nizamnaməsinə zidd olaraq keçirilmiş “seçkilər” barəsində müraciətlər etmişəm. Müraciət etmişəm ki, AMEA-ya seçkilər yox, Prezident Administrasiyasından gələn siyahı əsasında təyinatlar olub. Administrasiya tərəfindən təyin olunduqlarına baxmayaraq, “seçilənlərin” hamısının səsi “seçilmək” üçün lazım olan baryeri aşmadığından, şişirdilib. Məsələn, bir nəfərin topladığı 4 səs 28 səs olub (31 səsdən). Digər bir nəfərin 2 səsi 25 “yazılb” və s. Bundan əlavə, ölkəmiz müstəqillik qazanandan sonra AMEA-ya keçirilən “seçkilər” Nizamnamədə nəzərdə tutulan vaxt cərçivəsində keçirilməyiblər: sənəd qəbulu elan olunur, illər keçir, birdən yada düşür ki, “seçki” keçirmək lazımdır. Məsələn, sonuncu seçkilərin ilk elanı hələ 2012-ci ilin fevralında verililmişdi.
İkinci elan isə 2014-cü ilin martında verilmişdi. Harada görünüb ki, bir seçki keçirilməmiş ikinci seçki elan olunsun?! Birləşmiş “seçkilər” isə 2014-ün yayında keçirildi.
Qeyd olunan səbəblərdən Sizə müraciətlərimdə xahiş etmışəm ki, bu cür “seçkilərin” nəticələrini ləğv edəsiniz və yeni seçklərin keçirilməsi barəsində müvafiq qurumlara tovsiyyələrinizi verəsiniz…”
ABŞ-da yaşayan alim AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir?!
Elman Şahverdiyev daha sonra seçkilərdə qarşılaşdığı qəribə hallardan bəhs edir: “Bu “seçkilərdə” presedentsiz, analoqsuz bir sıra hadisələr baş vermişdir. Onları da, icazənizlə Sizlərlə bir daha bölüşmək istəyirəm. Mən əsasən fizika üzrə təyinolmalar barəsində danışacağam. Özüm bu ixtisas üzrə müxbir üzvlüyə namizəd idim.
Təyin edilmişlər arasında 28 il məqalələr dərc etdirməyən bir nəfər var: bu şəxs faktiki ABŞ-da yaşayır, elmlə məşğul olmur, amma AMEA Fizika İnstitutunda illərdir laboratoriya rəhbəridir. Görünür bu analoqsuzluğun yeni bir təzahürüdür”.
Elman Şahverdiyev ABŞ-da yaşayan birinin AMEA-ya üzv seçilməsini rektorlardan birinin istəyilə izah edir: “Həm də iki həqiqi üzvü. O, həm də bir nəfəri texnika üzrə 2014-cü ilin elanı üzrə müxbir üzv təyin etdirib. Bu o, deməkdir ki, “seçkilərdə” hələ elan mərhələsində yerlər konkret adamlara ayrılır.
Burada bir haşiyə çixaraq demək istəyirəm ki, 2014-cü ilin elanında AMEA prezidenti yeni yerlərin aksəriyyətini öz bölmə üzvlərinə ayrılmasına nail olmuşdu. Hətta bu məsələ o dərəcədə açıq həyata keçirilirdi ki, insanlara deyilirdi 2012-ci ilin elanında olan yerlərdən sənədlərini götürüb yeni yerlərə verə bilərlər. Nəticədə Yer elmləri bölməsində 2014-cü ilin elanı əsasında bir çoxları alternativsiz olaraq “seçildi”. Bu da “seçkinin” nəticələrinin əvvəlcədən təyin olunmasıdır!
Prezident Administrasiyası Humanitar siyasət şöbəsinın rəhbərinin analoqsuz təyinatı
Elman Şahverdiyev Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin rəhbərinin də seçkiyə müdaxilə etdiyini iddia edir: “Bu “seçkilərdəki” ikinci bir analoqsuz hadisə isə bir nəfərin faktiki seçkidə iştirak etməyə-etməyə təyin edilməsi olub, çünki o şəxs sənədlərini yazılı ərizəsi ilə geri götürmüşdü və seçicilər üçün məlumat kitabçasında onun adı bu səbəbdən olmayıb.
Onu və digər dörd nəfəri isə Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin rəhbərliyi müxbir üzv təyin edib. Administrasiyanın Humanitar Siyasət şöbəsinin rəhbərinin bir təyinatını də analoqsuz hesab etmək olar.
İkili vətəndaşlığı olan bir şəxs yalnız il yarım qabaq doktorluq dissertasiyasını müdafiə etmışdir. 17 ildir ki, Almaniyada yaşamağına baxmayaraq, elmə yalnız 50 sitat gətirə bilmişdir. Müqayisə üçün mənim sitatlarımın sayı 11 dəfə çoxdur.
Bir həqiqi və bir müxbir üzvü isə Prezident Administrasiyasının rəhbərliyi təyin edib.
Ümumilikdə fizika üzrə 7 müxbir və 3 həqiqi üzv təyin edilib. Baxmayaraq ki, ən konservativ data bazasında- SCOPUS-da elmi işlərimə sitatların sayı və Hirş indeksim AMEA-nın bütün həqiqi və müxbir üzvləri arasında ən yüksəkdir, mən AMEA-dan kənarda saxlanıldım. Müxbir üzv təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır. Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından az qala iki dəfə azdır. AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var.
“Cənab Prezident, Azərbaycan elmini AMEA prezidentinin əlindən qurtarasın!”
Daha sonra Elman Şahverdiyev bu ədalətsizliklərin Azərbaycan elminə ciddi zərbə vurduğunu bildirir: “Təyin edilmişlərin böyük əksəriyyəti Azərbaycan elminə cüzi sitat gətirməyənlərdir. Baxın, dəfələrlə həyata keçirilmiş bu cür təyinatların nəticəsidir ki, http://www.scimagojr.com/countryrank.php məlumatına görə (bu məlumatlar SCOPUS data bazasına əsaslanır) Azərbaycan elmi işlərə olan sitatların sayına, Hirş indeksinə, bir məqaləyə sitatların sayına görə hər iki Cənubu Qafqaz ölkəsindən dəfələrlə geridə qalır, fərq ildən-ilə böyüyür, keçmiş 15 sovet respublikaları arasında isə 12-ci yeri tutur.”
Həmçinin layiqsiz təyinatları həyata keçirənlərin cəzalandırılmamasının onları ruhlandırdığını bildirir. “ Sizin etibar etdiyiniz məmurlar Azərbaycan vətəndaşlarına ikili standartlarla, selektiv yanaşırlar!!!” deyə qeyd edən E. Şahverdiyev AMEA prezidenti ilə bağli da naraziliqlarini ifadə edir:
“Cənab Prezident!
Sözsüz ki, AMEA prezidenti Akif Əlizadə AMEA Nizamnaməsinə zidd seçkilərin qarşısını almalıydı və buna imkan verməməliydı. Amma çox təəssüf ki, o bunu etmədi. Konkret olaqar AMEA Fizika-Riyaziyyat-Texnika elmləri bölməsinə gəlincə, burada əsas cavabdeh şəxs vitse-prezident və eyni zamanda akademik-katib Akif Hacıyev idi. Çox təəssüf ki, o da bölmədəki seçkilərin ədalətli, obyektiv, Nizamnaməyə uyğun keçirilməsini təmin edə bilmədi!
Cənab Prezident, nə qədər gec deyil, Azərbaycan elmini sözdə bir şey deyib, əməldə əksini edən Akademiya prezidentinin əlindən qurtarasınız”.
“Azərbaycan elmini gerantoloji sınaq meydanına çevirmışlər”
E. Şahverdiyev AMEA prezidentinin gənc alimlərə qarşı olan münasibətilə bağlı da ciddi ittihamlar irəli sürür: “Əvvəlki AMEA prezidentinin gözlənilməz ölümündən sonra təyin edilmış indiki prezident əvvəlcə elmi ictimaiyyəti elmə aid olmayan bəyanatları ilə bir xeyli təəccübləndirməyə nail oldu. O, hələki elmi ictimaiyyətin diqqətini istər elm adamlarının əmək haqqının artırılması məsələsində, istər ixtisarlar barəsində, istər təqaüd yaşına çatanların (aktiv elmlə məşğul olmayanların) təqaüdə göndərilməsi məsələsində, istər gənc alimlər şurası haqqında təzadlı fikirləri ilə çəkir (AMEA prezidentinin SCOPUS-da sitatlarının sayı heç 100-ə belə çatmır).
Özünün yaşının 80-i keşməsinə baxmayaraq, özündən “gənc” olanları yaşa görə istefaya göndərir, özü isə direktorluqda qalır! Sözsüz ki, bəlli səbəblərdən hamı düşünür ki, o aralıq, keçici fiqurdur! Amma çox təəssüf ki, bəziləri Azərbaycan elmini gerantoloji sınaq meydanına çevirmışlər. Son seçkilərdəki təyinatların böyük əksəriyyəti yaşı 75-i, hətta 80-i keçmişləri əhatə edir.
Hamıya aydındır ki, bu konyunktur məqsədləri ilə edilmiş təyinatlardır, kimlərinsə xoşuna gəlmək üçün. Burada Azərbaycan elminin maraqları ən axırıncı yerdədir, amma təki kiməsə xoş olsun, təki kiminsə istədiyi kimi olsun! Eyni konyunkturizm əsasında yaradılan Gənc Alim və Mütəxəssislər Şurası da Azərbaycan elminə çox uğur gətirməz”.
“Şuraların az qala üçdə ikisi zərif cinsin nümayəndələridir”
E. Şahverdiyev müraciətində qaldırılan daha bir problem elmlə məşğul olan kişilərin sayının getdikcə azalmasıdır: “Şuraların az qala üçdə ikisi zərif cinsin nümayəndələridir. Son illər hətta AMEA Fizika İnstitutunda müdafiə edənlərin əksəriyyəti zərif cinsin mümayəndələridir! Bu Azərbaycan elminin gələcəyinə yaxşı heç nə vəd etmir. Bir anlığa maaşların yenə də çox aşağı olduğu dövlət təhsil müəssisələrindəki vəziyyəti göz önünə gətirək, qabaqcıl məktəblərdəki vəziyyəti göz önünə gətirək! Müəyyən şərtlərlə yenə də maaşların cüzi olduğu səhiyyədəki vəziyyəti gözümüzün önündə canlandıraq! Onu da nəzərə alaq ki, el arasında illərdir deyim gəzir ki, müəllimi və həkimi XALQ saxlayır! Bu müqayisələr kifayət qədər düşündürücüdür, informativdir!
Sözsüz ki, heç kim gənc, istedadlı qızların elmə axınına qarşı deyil. Sadəcə bir sıra həyat reallıqlarını, elə elmin inkişafı naminə nəzərə almaq lazımdır. Hətta nəzərə alınsa belə, yeni nəsil informasiya texnologiyaları, veb əsri elmlə məşğul olmağı kifayət qədər asanlaşdırıb!
Xarici universitetlərdə işləyənlər yaxşı bilir ki, məsələn, fizika elmində zərif cinsin nümayəndələri 10-15 faiz təşkil edirsə, bu çox yaxşı “gender bərabərliyi “ sayılır. Məlumdur ki, ciddi elm fasiləsiz tədqiqatlar, araşdırmalar, konfranslarda iştiraklar, uzunmüddətli səfərlər və.s. tələb edir. Zərif cinsin nümayəndələri, çox kiçik istisnalarla obyektiv səbəblərdən elmdə belə faziləsizliyi təmin edə bilmirlər. Əlbəttə, belə vəziyyətin yaranmasının əsas səbəbi gənc oğlanların maliyyə səbəblərindən elmə gəlmək istəməmələridir. Bu məsələ illərlə qaldırılsa da, maaşlar təhqiredici səviyyədə aşağıdır. İndiki şəraitdə elm adamlarının maaşları ən azı iki dəfə artırılmalıdır. Maaşlar 4-5 nəfərlik ailənin ən minimal ehtiyaclarını ödəmək səviyyəsində olmalıdır.
“AMEA Prezidentinin fikri “elmə gəlməyin” cağırışına bərabərdir”
AMEA Prezidenti deyəndə ki, maaş artımı olmayacaq, kim bacarır getsin qrant alsın, o bilməlidir ki, bu, “elmə gəlməyin” cağırışına bərabərdir. Axı o çox gözəl bilir ki, qrantları da, Akademiya mükafatlarını da, AMEA üzvülüyünü də kimlər necə və hansı prinsiplərlə kimlərə hədiyyə edirlər!!! Bundan başqa, axı hamı qrant ala bilmir və ya da kim alırsa belə hər il qrant almaq olmur. Yenə də hər şey dəfələrlə maaş artımını şərtləndirir.
Bu konteksdə AMEA prezidentinin qabartdığı bir məsələni də qeyd etmək istəyirəm. Alimlərin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə pulsuz mənzil tikintisini. İdeya yaxşı səslənsə də, nəzərə alsaq ki, mənzillər da heç şübhəsiz ki ehtiyacı olanlara yox, ehtiyacı olmayanların davamçılarına, hədiyyə ediləsi “məsləhət” bilinən şəxslərə paylanacaq (necə ki qrantlar , Akademiya mükafatları, AMEA üzvlüyü hədiyyə edilir) , optimal variant burada da o ola bilər ki, alimlərin maaşı artırılsın və ya xüsusi güzəştli sosial ipoteka tətbiq edilsin ki, onlar özlərinə istədikləri yerdə mənzil almaq imkanına malik olsunlar. Çünki mənzil paylama daha çox sovet dövründəki təhkimçilik hüququnun bərpası kimi qəbul edilir, sui-istifadələrə, korrupsiyaya, maxinasiyalara, daimi söz –söhbətə və s.yol açacaq.
“Akademiyanı direktorlar-müavinlər–rektorlar-prorektorlar şurasına cevirmək cəhdləri var”
Son vaxtlar AMEA prezidenti xarici universitetlərlə müştərək laboratoriyalar yaradılmasından danışır. Düşünmürəm ki, bu ideya da böyük uğur qazanacaq. Düşünürəm ki, burada əsas məqsəd elmə ayırılan maliyyənin rahat mənimsənilməsidir. Guya xarıcı alimlərlə yaxşı səviyyədə işlər görülür, məqalələr dərc edilir, sitatlar qazanılacaq və s.
AMEA prezidentinin fəaliyyətində hər şeyi aşkarlıqdan qaçaraq həll etmək kimi (məsələn, Rəyasət Heyətinin iclasları haqqında elanlar vaxtında verilmir, iclaslara çox məhdud sayda insanlar cəlb olunur, və s.) tendensiyalar açıqca hiss olunur. Akademiyanı faktiki olaraq direktorlar-müavinlər–rektorlar-prorektorlar şurasına cevirmək cəhdləri də diqqəti çəkir. Harada görünüb ki, akademik (müxbir üzv olan) bir direktoru bü gün işdən çıxarasan, yerinə üzv olmayan bir alimi təyin edərək, onu bir neçə ay sonra Akademiyaya üzv təyin etdirəsən?.
Belə çıxır ki, qısa müddətli administrativ vəzifələr Akademiyaya üzv təyin edilmək üçün platforma rolunu oynayır. İndiki prezidentin vaxtında keçirilən “seçkilərdə” AMEA rüşvətə görə müxtəlif sanksiyalara məruz qalmış bir çox universitet müəllimlərinin sayı və “təcrübəsi” ilə xeyli “zənginləşmişdir”. Ehtiyat rezervuarı isə o qədər zəngindir ki… Bu yaxınlarda hətta köməkçisi həbs olunmuş bir sabiq prorektor-müşavir olmuş kimyaçı AMEA namizədinin də adı hallanmağa başladı!…
“Laureatların hamısı yaşı səksəni keçmiş hörmətli akademiklərdir”
Əlbəttə, direktorların maddı vəziyyətini yaxşılaşdırmaq cəhdləri təqdirə layiqdir (bunu tarif cədvəlinə dəyişikliklər etməklə də olar), bəs yerdə qalan minlərlə alim haqqında kim fikirləşəcək? Nəzərə çarpan odur ki, Akademiyanı demokratik idarə etməyi qətiyyən bacarmayan akademiya prezidenti sovet vaxtlarına məxsus hakimiyyət vertikalı yaratmaq istəyir, məsuliyyətdən qaçır.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda Azərbaycanın görkəmli şəxsiyyətlərinin adına mükafatların təqdimatı oldu. Bu mükafatlar həm də ona görə verilir ki, laureatları daha yüksək elmi nailiyyətlərə ruhlandırmaq mümkün olsun. Laureatların demək olar ki, hamısı yaşı səksəni keçmiş hörmətli akademiklərdir. Amma, görəsən, məsələn yaşı 86 olan Çingiz Qacar vaxtında hansı uğurlara nail olub ki, indi də elmi daha yeni nailiyyətlərlə zənginləşdirsin? Axı elmdə olduğu 65 ildə o, Azərbaycan elminə heç otuz belə sitat gətirməyib!”
“Akif Hacıyev yaxşı xatırlayır ki…”
E. Şahverdiyev müraciətində AMEA, Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin rəhbərliyinə, vitse-prezident Akif Hacıyevə qarşı da ittihamlar irəli sürüb:
“Büsbütün saxtalaşdırilmış seçkilərə gəlincə, yenə sual olunur ki, AMEA və Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin rəhbərliyi hara baxırdı!!! Yəqin ki, Administrasiyanın razılığı ilə yerlərin bir qisminin öz adamlarına paylanmasına və bunun müqabilində Administrasiyanın digər namizədləri dəstəkləməsinə nail olmağa!
Ən əsası ayrılmış kvotanın daha “səmərəli və sərfəli” istifadə olunmasına!!! Axı vitse-prezident Akif Hacıyev tək riyaziyyat elmləri deyil, həm də fizika və texnika elmləri üzrə vitse-prezidentdir (Qeyd etmək istəyirəm ki, SCOPUS-da Akif Hacıyevin işlərinə sitatların sayı 162-dir). Yəqin ki, Akif Hacıyev yaxşı xatırlayır ki, 2001-ci ildə ikili vətəndaşlığı olan bir elmi işçini hansı “üsulla” təyin etdirib! O, eyni üsulla 2007-ci ildə başqa bir nəfəri təyin etməyə cəhd etsə də, son anda həmin adamın adı Administrasiya siyahısından çıxarılmışdı. Nəhayət, 2014-cü ildə Akif Hacıyev elmı işlərinə hətta şişirdilmiş google.scholar.com –da belə az sitat olan həmin elm adamının təyinatına müvəffəq olmuşdur. Akif Hacıyevin bu il təyin etdirdiyi ikinci riyaziyyatcı isə yalnız özu-özunə sitatlar verməklə məşğul olur. Belə ki, onun sitatlarının 75%-dən çoxu ozü-özünə istinadlardır. Düşünürəm ki, əsl elm adamı bir bu barədə düşünməlidir ki, niyə onun işlərinə özündən başqaları sitat vermir!!!”
“AMEA Prezidentini istefaya çağırıram”
E. Şahverdiyev müraciətində AMEA prezidenti Akif Əlizadəni və vitse-prezident Akif Hacıyevi istefaya çağırır: “Bu səxlərin əsas vəzifəsi seçkilərin ədalətli, obyektiv, şəffaf keçirilmsini təmin etmək idi ki, onlar da bu vəzifənin öhdəsindən gələ bilməyiblər. Səxsi maraqlarını təmin etmək naminə!!!…
Cənab Prezident!
Mən AMEA prezidentinin fəaliyyətini təftiş etmək niyyətindən çox-çox uzağam. Sadəcə onun prezident olduğu vaxtda keçirilən seçkilərdə elə saxtakarlıqlara, qanunsuzluqlara yer verilib ki, susmaq olmur. Hələ mən AMEA-nın 6 bölməsindən yalnız birində olan saxtakarlıqlardan danışdım!
Seçkilərin AMEA Nizamnaməsinə zidd keçirilməsinin, saxtalaşdırılmasının qarşısını ala bilmədiyinə görə mən AMEA Prezidentini İSTEFAya çağırıram. Eyni səbəblərdən AMEA vitse-prezidenti Akif Hacıyevi də İSTEFAya çağırıram”.
“Regoional bölmələrdən AMEA-ya üzv olmaq üçün tramplin kimi istifadə olunur”
E. Şahverdiyev müraciətində AMEA-ya seçkilərdə alimlər arasında ədalətsizliyə yol açan başqa bir problemə də toxunur:
“Cənab Prezident!
Son illər regionlarda AMEA-nın bölmələrinin, mərkəzlərin yaradılması sözsüz ki, regionlarda elmin inkişaf etdirilməsi baxımından, region elm təşkilatlarının da dünya elminə inteqrasiyası baxımından çox müsbət addımdır. Ancaq burada da müəyyən çatışmazlıqlara Sizin diqqətinizi çəkmək istəyirəm. Bəzən elə olur ki, kimlərsə bir müddət regional bölmədə calışır, sonra həmin bölmədən AMEA-ya üzv təyin edilir və bundan dərhal sonra paytaxta üz tutur. Belə çıxır ki, regional bölmələrdən AMEA-ya üzv olmaq üçün tramplin kimi istifadə olunur.
AMEA-nin belə müxbir üzvlərindən biri 2007-ci ildə təyin edilmiş Vəli Hüseynovdur. O, AMEA-nın Naxçıvan bölməsindən alternativsiz, faktiki kvota ilə müxbir üzv təyin edildikdən sonra (cəmi 42 yaşında), dərhal Naxçıvanı tərk etmış, Bakıya üz tutmuş və Bakıda faktiki nazir müavini postuna (Ali Attestasiya Komissiyasının sədr müavini) təyin edilmiş, mənzil və xidməti maşınla təmin edilmışdir. 2007-ci ildən keçən 7 il ərzində o, Science Citation jurnallarında yalnız bir neçə məqalə dərc etdirə bilmiş, buna baxmayaraq cəmi əlli yaşında akademik təyin olunmaq üçün mübarizəyə qoşulmuşdur. Adamın nə inanmağı gəlir, nə də yazmağı! Vəli Hüseynovun da hətta şişirdilmiş göstəriciləri əks etdirən google.scholar.com-da belə sitatları cəmi bir neçədir!!! Amma buna baxmayaraq, o, AMEA-nin müxbir üzvüdür! Görəsən bu insan məsuliyyət hissinə niyə belə biganədir axı! Yoxsa fikirləşir ki, ona hər şey istədiyinə, arzuladığına uyğun verilməlidir!!! Yeri gəlmışkən, Vəli Hüseynov bu mənada tək deyil. AMEA-nın digər bölmələrində də belə elm adamları var! Hətta AMEA rəhbərliyi səviyyəsində belə elm adamlarına rast gəlmək olar.
Burada xırda bir nüansa da toxunmaq istəyirəm. Azərbaycan elmində elə simalar var ki, sanki elmə gətirdiyi sitatların azlığına bəraət qazandırır: ”İşlərimə sitatlar indi yox, gələcəkdə olacaq, məsələn 60 ildən sonra”. Bildirmək istəyirəm ki, internet əsrində belə arqumentlər yalnız acı gülüş doğura bilər. Əgər veb dövründə indi çap edilən məqalə bir neçə ay ərzində yaxşı sitatlar yığa bilmirsə, o məqalənin gələcəkdə də sitat gətirmək şansı çox aşağı olacaq.
Nəzərə alsaq ki, hal-hazırda AMEA-nın iki regional bölməsi və bir neçə regional mərkəzi var, bu konteksdə bir təklif irəli sürmək istəyirəm: yaxşl olar ki, AMEA-da yaradılmış regional bölmələrdən də Azərbaycan vətəndaşı olan istənilən elm adamı seçilə bilsin!!! Bu daha ədalətli olardı və kvota sui-istifadələrinin qarşısını alardı! Sözsüz ki, regional bölmələrdən seçilənlər regionun elmi təşkilatları ilə sıx bağlı olan, birgə tədqiqatlar aparan, regionun elmi maraqlarını prioritet sayan, regionun elmi potensialını artırmağa calışan elm adamları olmalıdır!”
“Kimlərin topladığı səslər baryeri aşmayacaq səviyyəyə qədər necə azaldıldı?”
Müraciətinin sonunda E. Şahverdiyev AMEA-ya seşkilərdə saxtakarlıqların olduğuna dair bir sıra faktları sadalayaraq, Prezidentdən nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstəriş verməyi xahiş edir:
“Cənab Prezident!
Yuxarıda qeyd edildiyi kimi, 2012-2014 seçkiləri total saxtakarlıq şəraitində keçirilib. Əslində AMEA-nın Nizamnaməsi əsasında seçkilər olmayıb, bəzi məmurların istəkləri əsasında təyinatlar olub. Bu istəklər bir çox hallarda hətta ölkə Konstitusiyasına belə biganəlik nümayış etdirmək hesabına (məsələn ikili vətəndaşlığı olan şəxslərin təyin olunması) olsa belə həyata kecirilib.
Qoy AMEA-ya təyinatlı seçilmələri say komissiyasının sədri kimi həyata keçirən, 2001-ci ildə riyaziyyat elmləri doktorluğundan birbaşa informatika ixtisası üzrə akademik təyin edilən Fikrət Əliyev açıqlasın ki, Nazim Məmmədovun topladığı dörd səs necə 28 oldu! Qoy Fikrət Əliyev açıqlasın ki, o biri təyin edilmışlər həqiqətdə neçə səs yığıblar! Onların da topladığı aşağı birrəqəmli ədədlər neçə “seçilmək” üçün lazim olan baryerı aşaraq “lazımı” iki rəqəmli ədədlər oldu! Qoy o həm də açıqlasın ki, kimlərin topladığı səslər baryeri aşmayacaq səviyyəyə qədər necə azaldıldı! Əvvəlki seçkilərin də təcrübəsi göstərir ki, Administrasiya kimin əslində neçə səs topladığı haqqında müfəssəl məlumatlı olur. Bu, ən müxtəlif məqsədlərlə, o cümlədən hərdən “məsləhətə” qulaq asmayanları “ yola gətirmək” üçün də edilə bilər…
…Təyin edilmış akademik Fikrət Əliyev həm ekspert komissiyasının üzvü kimi, həm də say komissiyasının sədri kimi neytrallıgını pozaraq, xüsusu fəallıqla gələcəkdə öz dəstəsinin sayını artırmaq üçün ikili vətəndaşlığı elmi ictimaiyyətə yaxşı bəlli olan Türkiyədə çalışan “özününkülərdən” ibarət iki nəfəri acıq şəkildə müdafiə edirdi: bilə-bilə ki, Azərbaycan Konstitusiyasına görə ikili vətəndaşlığı olanların seçkidə iştirakı yolverilməzdir!
Dəstə demişkən, yəqin ki, təyinatları diqqətlə izləyənlər bütün bölmələr üzrə sayca ikinci gücə malik yeni bir toplumun meydana çıxmasını müşahidə etdilər!
Qeyd edim ki, 2001-ci ildə akademik təyin olunmuş Fikrət Əliyevin bu günə qədər belə Azərbaycan elminə gətirdiyi sitatların sayı mənim sitatlarımın sayından xeyli azdır. Buna baxmayaraq, o, 14 ildir ki, akademik təyin olunub, mən isə heç müxbir üzv ola bilmirəm. Görəsən Fikrət Əliyev hansı xidmətlərinə, elmə gətirdiyi hansı yeni biliklərə görə 50 yaşında birbaşa akademik təyin olunur, mən isə az qala 60 yaşımda heç müxbir üzv ola bilmirəm!
Yeri gəlmışkən, qeyd etmək istəyirəm ki, Fizika-Riyaziyyat-Texnika elmləri bölməsi AMEA-nin ən böyük bölmələrindən biridir. Buna baxmayaraq, bu bölmədə belə 6 dinamik həqiqi üzv tapmaq çətindir ki, həm ekspert komissiyası, həm də say komissiyası müxtəlif akademiklərdən təşkil olunsun ki, heç olmasa formal cəhətdən (lap hamı bilsə də ki, bu Komissiyalar əslində heç nəyi həll etmir) müəyyən qaydalar gözlənilə bilsin. Bu dəfəki seçkilərdə həm ekspert komissiyasının, həm də say komissiyasının üzvləri eyni alimlərdən təşkil olunmuşdu. Bu faktın özünün AMEA Nizamnaməsinə uyğunluğu da böyük şübhələr altındadır! Bu, vaxtında keçirilməyən seçkilərin acı nəticələrindən biridir!
Cənab Prezident!
Sizə bir daha müraciət edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.”
Rasm Əliyev