Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gözlənilən möhtəşəm gün:BTQ rəsmən işə düşdü

 

İlk qatar prezidentlərin iştirakı ilə yola salındı; Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir"

 

Yenixeber.org: Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətindən danışıb: “Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlib.  Mən xüsusilə bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tiflis-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir. Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur:  Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tiflis-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

“Bəziləri Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı” - deyə prezident bildirib: “Layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir".

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tiflis-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.

İ.Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tiflis-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”.

Sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış ediblər.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik. Bu gün açılış mərasimi keçirilən BTQ yükdaşımalarda xərcləri önəmli miqdarda azaldacaq. Bu layihə hamımızın ortaq zəhmətidir. Azərbaycanlı qardaşlarım ”Zəhmətlə yeyilən soğan, minnətlə yeyilən baldan şirindir" deyirlər. Bu layihə zəhmətlə, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir. BTQ-nin xalqlar üçün xeyirli olmasını arzulayıram".

Dövlət başçısı qeyd edib ki, BTQ ilə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınması gözlənilir: “2034-cu ildən isə daşımalar 3 mln. sərnişin,  17 mln. ton yükə çatacaq. Bu layihə ən avantajlı imkanları təqdim edəcək. Çindən gələn yük 12-15 günə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya daşınan yükün miqdarı 240 mln. tondur. Bu həcmin 10%-nin ortaq dəhlizlə daşınması belə, 24 mln. ton yük deməkdir”.

Sonra dövlət və hökumət başçıları Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar. Bununla da Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.

Qeyd edək ki, BTQ-nin açılışı ilə bağlı ən maraqlı fikirlərdən birini də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səsləndirib.

Vaxtilə bu layihənin reallaşmasının əleyhinə olan ölkənin səfiri deyib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiyada daha yaxşı ticarət əlaqələrinin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır: “Bu gün açılışı olan BTQ Yeni İpək Yolunun mühüm hissəsidir. Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.

Yerli ekspertlər də Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, layihənin siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin iqtisadi əhəmiyyəti haqqında çox  danışılıb. Siyasi əhəmiyyəti də iqtisadi əhəmiyyəti qədər böyükdür. Birincisi, bu layihə ilə Azərbaycanın bölgədə statusu artır. Çünki Çindən çıxan mallar Azərbayan üzərindən keçməklə Avropaya, Böyük Britaniyaya qədər məsafə qət edəcəklər. Azərbaycan İpək yolu layihəsinin tərkib hissəsinə  çevrilir. Bu, ölkəmizin siyasi statusunu  da artırır. Hətta əvvəlcə bu layihənin reallaşmasını arzulamayan Amerika rəsmiləri də indi müsbət fikir səsləndirir.  ABŞ əvvəlcə bu layihəni narahatlıqla qarşılamışdı. Hətta o zaman Konqres belə bir bəyanat vermişdi ki, heç bir Amerika şirkəti BTQ-nin maliyyələşməsində iştirak etməsin.

Image result for “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu

Ancaq bu, Azərbaycanı o qədər də narahat etmirdi. Çünki Azərbaycanın kifayət qədər maliyyəsi var idi, özümüz bu layihənin maliyyə xərclərini ödəyə bilirdik, Gürcüstana da çox aşağı faizlə kredit verdik. Ancaq indi nə baş verir? Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta çıxış etdi və bu layihənin Azərbaycan üçün böyük əhəmiyyətindən danışdı. ABŞ özü bu layihədə bilavasitə iştirak etməsə də, BTQ-nin fəaliyyəti onun üçün də əhəmiyyətlidir. Çünki  Amerika və Avropa istəyir ki, Rusiyadan asılılıqları azalsın. Necə ki, ABŞ və Avropa Rusiyadan qaz asılılığını azaltmaq istəyir, o cümlədən yük daşıma ilə bağlı  asılılığının da azalmasına çalışır. Çünki Rusiya özü də iddialıdır ki, Çinin bütün malları Rusiya üzərindən Avropaya daşınsın. Ancaq buna obyektiv maneələr var. Birincisi, Rusiya ərazisində ləngimələr çox olur. İkincisi, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və rahatlıqla bu malları Rusiya sərhədində qarşılamağa hazır deyil. Ancaq Azərbaycan Qərbin tərəfdaşıdır və daşınma ilə bağlı alternativ tərklif edir. Necə ki, Avropanın alternativ qazla təmin olunmasında Avropa və Amerika bizə dəstək verir, eynilə yüklərin daşınmasında və alternativ yollarla çatdırılmasında da bu iki tərəf bizim yanımızda olacaq. Bu da Azərbaycana ən böyük siyasi dəstəkdir”.

Ekspertin sözlərinə görə, layihənin digər siyasi əhəmiyyəti odur ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəklər: “Bu layihələrin təhlükəsizliyi də hər 3 dövlət üçün əhəmiyyətlidir. Bu isə o deməkdir ki, bu layihə hər 3 dövləti birləşdirir. Bakı-Tiflis- Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti- 3 dövləti birləşdirən strateji layihələrdir. Yaxın gələcəkdə buna TAP və TANAP da əlavə olunacaq. Bu da Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı siyasi münasibətləri ən üst səviyyəyə qaldırır. Ermənistan faktiki olaraq mühasirədə qalır, bu layihələrdə iştirak edə bilmir və qazanc əldə edə bilmir”.

Politoloq vurğuladı ki, bu layihə vasitəsilə Azərbaycan türk birliyinə daha da  yaxınlaşacaq: “BTQ-nin türkdilli dövlətlər üçün əhəmiyyəti xüsusilə böyükdür. Bu dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dövlətlər arasında iqtisadi əlaqələr varsa, istər-istəməz onlar siyasi mənada da bir-birilərinə dəstək verirlər”.

Image result for İqtisadçı ekspert Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov da qəzetimizə danışarkən vurğuladı ki, Bakı-Tiflis-Qars Azərbaycan  üçün vacib layihələrdən biridir: “Bu layihənin reallaşması ölkəmiz üçün heç də asan olmadı. BTQ-nin çəkilməsi ideyası gündəmə gələn zaman inkişaf etmiş ölkələr bu xəttin reallaşmasına qarşı idi. ABŞ, Fransa kimi ölkələr BTQ-nin maliyyələşdirilməməsi ilə bağlı öz banklarına tövsiyə etdilər.  Səbəb isə o idi ki, bu dəmiryol xətti Ermənistandan kənar keçirdi. O baxımdan BTQ-nin reallaşması heç də asan olmadı.  Uzun zaman və vəsait tələb edirdi. Azərbaycan həmin vəsaiti öz daxili mənbələri hesabına ödədi ki, bu da dəmiryol xəttinin reallaşması üçün çox vacib idi. BTQ geosiyasi, geostrateji baxımdan Azərbaycan üçün vacib bir xətdir. Bu xəttin Azərbaycan iqtisadiyyatı üçün indiki dövrdə xüsusi önəmi var. Çünki postneft dövründə gəlir mənbələrinin şaxələnməsi olduqca vacibdir. Qeyri-neft sektorunun inkişafı üçün də nəqliyyat dəhlizlərinə ehtiyac var. Bu dəhlizlər olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. BTQ məhz bu nəqliyyat dəhlizinin formalaşması baxımından Azərbaycan üçün vacibdir. Ölkəmiz yalnız tranzit ölkə kimi deyil, həm də təchizatçı ölkə olaraq bu layihədə iştirak edəcək. Bu da beynəlxalq yükdaşımalarının həcmini artıracaq. Nəzərə alsaq ki, birinci mərhələdə 6,5 milyon ton yükün daşınması, təxminən 1 milyondan artıq sərnişinin dəmiryol xəttindən istifadə etməsi nəzərdə tutulur, bu, iqtisadi baxımdan çox önəmlidir. Xüsusən dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə bu xətdən istifadə olduqca vacibdir. Bu layihə dövlət gəlirlərini artırmaqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi əməkdaşlığın artırılmasına da töhfə vermiş olacaq”.

Image result for Fikrət Yusifov

Sabiq nazir, iqtisadçı ekspert Fikrət Yusifov da vurğuladı ki, BTQ Azərbaycanın son illər ərazində regionda reallaşdırdığı ən böyük transmilli layihələrdən biridir: “Bu layihənin reallaşdırılması 10 il müddətində baş tutdu. BTQ Azərbaycana təkcə iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər gətirəcək. Bu dəmiryol xətti qədim İpək yolunun orta xəttinin bərpasıdır. Bu o deməkdir ki, Azərbaycan üzərindən Şərqdən Qərbə, Cənubdan Qərbə tonlarla yük daşınacaq. Nəticədə ölkəmizə böyük iqtisadi gəlirlər gələcək,  yüzmilyonlarla valyuta əldə ediləcək. Azərbaycan regionun ən böyük tranzit yükdaşımaları dəhlizinə çevriləcək.  Bizim digər bir uğurumuz isə odur ki, Ermənistan son illər regionda reallaşan bütün qlobal transmilli layihələrdən kənarda qalıb. Bu ölkə  Dağlıq Qarabağda yaratdığı konfliktlə özünü həmin layihələrdən məhrum edib və yüz milyonlarla vəsaitdən məhrum olub.  Layihənin uğurla başa çatması çox önəmlidir. Məsələnin daha mühüm tərəfi  isə yeni açılmış Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımalarının tarifləridir. Bu gün bölgədə tranzit yükdaşımaları sahəsində ciddi rəqabət var. Bu şəraitdə tariflərin müəyyənləşməsi mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sərəncamı ilə bu məsələ də bir pəncərə sistemi ilə həllini tapacaq. BTQ-nin reallaşması gələcəkdə Naxçıvanla dəmir yolu əlaqələrinin yaranması deməkdir. İllərdir ki, Naxçıvan blokada şəraitində yaşayır. Bu dəmir yolu xəttinin açılması həmin blokadanın da müəyyən mənada aradan qaldırılması demək olacaq”.

Nərgiz LİFTİYEVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam