Leyla Yunus prokurorluğa çağırıldı
Leyla Yunus “Azadlıq”a prokurorluğa getməkdən imtina etdiyini deyib.
“Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorluğa gəlməyimi istədi. O dəvətin məqsədini açıqlamadı. Mən isə ona dedim ki, qanunsuz götürdüyünüz maliyyə sənədlərimi, pasportumu, evimin kupçasını qaytarın, sonra gəlib ifadə verim. İbrahim Ləmbəranski sanki məni eşitmirdi. Dedi ki, saat 2-də prokurorluqda ol. Mən də cavab verdim ki, saat 1-də sənədlərimi göndərin, 2-də prokurorluqda olum”, - deyə Leyla Yunus bildirir.
Hüquq müdafiəçisinin sözlərinə görə, prokurorluq işçiləri saat 12:30-da mənzilinə gəliblər: “Qapımı döydülər, soruşdum ki, pasportalrımızı gətirmisiniz, dedilər ki yox. Çağırış vərəqəsi gətirmişik. Mən də qapını açmadım. Onlar gedəndən sonra gördüm ki, çağırış vərəqəsini qapının ağzına qoyublar. Orda sabah (bu gün) saat 14:30-da prokurorluğa gəlməyim yazılıb. Getməyəcəm, tələb edirəm ki, sənədlərimi qaytarsınlar”.
Leyla Yunus deyir ki, 2011-ci ildə Şəmsi Bədəlbəyli küçəsində sökülmüş evimin kupçasını belə aparıblar: “Yeri gəlmişkən onu da qeyd edim ki, həmin evimin pulunu bu günə qədər mənə ödəməyiblər. Düşünürəm ki, sabah (bu gün-red) növbəti dəfə evimə hücum edəcək. Polis zorakılığı olacaq. Jurnalistlərə bu barədə məlumat vermişəm. Bütün dünya görsün ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkədə polis hüquq müdafiəçisinə qarşı necə zorakılıq edir”.
Hüquq müdafiəçisi ona qarşı mənimsəmə vergidən yayınma ittihamlarının irəli sürlüməsinə dair yayılmış məlumatları təkzib etdi: “Çağırış vərəqəsində göstərilib ki, məni yenə Rauf Mirqədirovun işi üzrə şahid qismində dindirəcəklər. Mənə qarşı heç bir cinayət işi yoxdur. Sadəcə bildiyimə görə, Avropa və Amerika təşkilatlarıyla işləyən QHT-lərlə bağlı cinayət işi başlanılıb, bu istiqamətdə adamlar dindirilir. Aynur İmranova da bu gün (dünən-red) həmin iş üzrə dindirilib”.
Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönümlü KİV onu erməni QHT-lərilə əməkdaşlıqda ittiham edib.
Yeri gəlmişkən onu da qeyd edək ki, jurnalist Aynur İmranova da dünən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.
Aynur İmranova “Azadlıq” radiosuna deyib ki, ona verilən suallar əsasən xarici donorlardan alınan qrant və qonorarlara görə ödənilər vergilərlə bağlı olub: “Maraqlanırdılar ki, aldığım qonorar və qarantlara görə vergiləri ödəmişəmmi və s. İstintaq sirrini yaymamaqla bağlı sənədə imza atmışam, bundan artıq bir söz deyə bilməyəcəyəm. Amma onu deyim ki, mayın 19-dan mənim bank hesabıma həbs qoyulub. Pul çıxarmaq istəyəndə təsadüfən bilmişəm ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə hesabıma həbs qoyulub”.