Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Novxanı çimərliyinə gedəni yeni, bənzərsiz üsullarla "soyurlar" - FOTOLAR +VİDEO

Novxanı çimərliyinə gedəni yeni, bənzərsiz üsullarla soyurlar - (Foto, video)

 

Sadə azərbaycanlıların dənizdə çimmələri böyük problem olub... 

 

Xeberinfo.com:    Həftədə bir dəfə, heç olmasa bir dəfə istəyirsən ki, ölkənin problemlərindən, qayğılarından bəhs edən yazılardan uzaqlaşıb, unudasan hər şeyi. Qumda yandırasan problemlərini, dənizə danışasan, lap elə xlorlu hovuzda dezinfeksiya edəsən. Yəni, relaks olasan, olmağa çalışasan... Jurnalist şinelini çıxarıb, adi, sıradan vətəndaş kimi keçirəsən bir həftə sonunu... İmkan versələr təbii ki.... 
Tam səmimi sözümdür, Novxanıda yerləşən My Beach çimərliyinə gedəndə məqsədim həqiqətən də bu idi. Uşaqlar, onların hovuz əyləncəsi, qumdan düzəldəcəkləri evə... baxıb, sevinməyi düşünürdüm ən azından. Amma imkan vermədilər. Hər şey qapıdan, qapıdakı özbaşınalıqdan başlandı. 
“İÇƏRİ YEMƏKLƏ GİRMƏK OLMAZ” – ƏCAİB QADAĞA MÜHAFİZƏÇİ TƏRƏFİNDƏN SƏSLƏNR 
Birincisi, adı çəkilən çimərlik Masazır yolu ilə Novxanıya düşəndə qarşınıza çıxan ilk çimərlikdir. İri ərazisi hasarlanıb, az qala labirinti xatırladır. İçəri girdinsə, ordan çıxmaq və digər çimərliyin – onların arasında pulsuz olan da var - ərazisinə keçmən mümkünsüzdür. Bunun üçün hasarlanmış yerdən yenidən çıxmalısan. Çimərliyin qapısında isə şlaqbaum var. Bir nəfərin giriş haqqı  - 10 AZN-dir. 6 yaşından kiçik uşaqlara ödəniş tələb olunmur. Qeyd edim ki, bu 10 AZN-lik məbləğə hovuzlardan və dənizin kənarındakı masa və şezlonqlardan pulsuz istifadə daxildir. İçəridə restoran da var, çayxana da, qiymətləri “ceyran belində”. Bu haqda bir qədər sonra. 
Hələliksə qapının girişindəki özbaşınalıqdan yazaq. Ailəvi istirahətə gedənlərin qaydasıdır – uşağının bəyəndiyi yeməklərdən, içkilərdən, yoqurtdan, şirniyyatdan bir qaba qoyub gətirir. Hər məkanda uşağın sevdiyi yeməklər olmaya bilər. Bundan başqa, bu sayaq məkanlarda yemək qiymətlərinin necə baha olduğunu bilən orta statistik azərbaycanlı istər-istəməz  daha qənaətcil davranır. Amma My Beach çimərliyinin girişində dayanan mühafizəçi xanım israrla “içəri yemək keçirə biməzsiz”, deyir. Bu sətirlərin müəllifinin əlindəki yarım qarpız böyük bir qalmaqalın əsasını qoyur. Mühafizəçi xanıma daha sonra çimərliyin digər əməkdaşları da qahmar çıxırlar. Heç bir qanuna, turizm qaydalarına, istehlakçı hüquqlarına daxil olmasa da, “bizim qaydalar belədir”, deyib dururlar. Niyə? “İçəridə kafe var, uşaq ac olsa, oradan ala bilərsiz”. Amma aydın olur ki, o kafe dedikləri də saat 20.00-də bağlanır. Ona qədər kim nə tapdı - tapdı... 
Adambaşına 10 AZN-lik giriş haqqı isə müştəriyə şəkildə gördüyünüz göy rəngli, kodlaşdırılmış qolbağı olaraq geri qayıdır. 
Kodlu qolbaq
Bundan  başqa, hər qolbağıya görə əvvəlcədən 5 AZN depozit də alırlar. Çıxışda depozit haqqını geri qaytaracaqlarını bildirərək təbii ki. Qanundan, “bizdə belədir”dən söhbət gedirsə, biz də israrla bu giriş haqqı üçün çek tələb edirik. Çünki ortada kassa aparatı yoxdur. Bu israrın cavabı isə “biz burda işçiyik ee, bizimlə bu mübahisəni aparmayın da”, janrında  olur. Axşam çıxışda, yəni, qolbağını qaytaranda çek istəyəcəyimizin anonsunu verib, çimərliyə keçirik. Yeməklərimizlə birgə... Nə böyük qələbə. Amma bizi içəri buraxarkən çimərlik işçiləri  də özlərini sındırmamaq üçün deyirlər ki, onlar hovuz ərazisində oturan insanların içəri yeməklə girməsinə izn vermirlər, amma dəniz sahilində oturacaq turistlər üçün heç bir problem yoxdur. Belə bir anormal, ikili, əndazəyə sığmayan norma... 
ÇİMƏRLİK VAR, AMMA ADAM YOXDUR....
Fotolardan da gördüyünüz kimi, ilk baxışda təmiz, səliqəli, Türkiyədə, Avropada gördüyümüz istirahət zonalarını xatırladır. Uşaqlar üçün, böyüklər üçün hovuzlar, oyun meydançası, dənizə yaxın yerdə şezlonqlar, masalar, kölgəliklər. Amma sahil boyu üst-üstə yığsaq, ümumi 50 adam da yoxdur. Heç də hamı üçün 10 AZN ödəyib, içəri girmək məntiqli görünmür. Hətta buna görə bəzi maraqlı qənaət üsulları yaradanlar da var. 4 nəfər böyük, 2 nəfər uşaq olmaqla Abıyevlər ailəsi çimərliyə daha qənaətcil üsulla giriblər. Belə ki, onlar sağ tərəfdəki pulsuz çimərliyin ərazisindən buraya sahillə yeriyərək, daxil olublar. Ailənin  xanımı Nailə qənaət detallarını belə anladır: “Hamımız pulsuz çimərlikdən bura keçirik. Ondan sonra burda 10 manat verib, masa alırıq, biz dənizə giririk. Uşaqlar da girişdəki kassadan 10 manatlıq qolbağıları alırlar. Beləcə, onlar hovuzda istirahət edir, biz dənizdə. Dördümüz də o girişdən keçsək, 40 manat ödəməliyik. Halbuki hovuza girmirik”.  
“BUNUN ADI SOYĞUNÇULUQ DEYİL, BƏS NƏDİR?”
Amma müştərilər dənizin natəmizliyindən narazılıq edir. Dənizə axıdılan kanalizasiya tullantıları olduğunu deyənlər də var. Elə suya bir az girməklə onun yosunlu, natəmiz olması görünür. Qumu gözəl olsa da, su bütün gözləntiləri puça çıxarır. Gözümüz sağdakı və soldakı pulsuz çimərliyə gələnlərə sataşır. Orda insanlar az qala bir-birinin belində üzür, pullu sahil isə bomboş. 
İnsafən, çimərliyin personalı sahildəki təmizliyə nəzarət edir. Hər oturacaq yerinin yanında yerləşdirilmiş irili-xırdalı zibil qutuları, onları boşaltmaq üçün tez-tez nəzarət edən işçilər...  
Bura gələnlərin böyük əksəriyyəti isə azyaşlı uşaqlarının hovuz sevdası üçün gəlir. Amma çoxuşaqlı və uşaqlarının yaşı 6-nı keçən ailələr üçün bu, ciddi bir məsrəf deməkdir. Elə təkcə 2 uşaqla gəlmək ailəyə 40 AZN-ə başa gəlir. Sıravi azərbaycanlı üçün bu məbləğin hansı anlama gəldiyini bilənlər bilir. Bizimlə söhbətində narazılıq edən Bakı sakini Tariel Əliyev dedi ki, bu qiymətlər Azərbaycan reallığına uyğun gəlmir: “Bu qədər pul verib içəri gir, üstəgəl, yeməyi də burdan al. Çayı 6 manata verirlər. Heç 4 nəfərə çatmır. İki çaynik çay alanda 12 manat verirsən. Yemək də onun kimi. Mən bir axşam yeməyi üçün keçən dəfə burda 87 manat xərc çəkdim. Yeməkləri də yaxşı deyildi. Girişdə verdiyim pulu demirəm, hələ. Belə bahaçılıqla buranı kimin üçün nəzərdə tutublar? Çubuqda kartofu 2 manata satırlar uşaqlara. Kartofun kilosu 60 qəpikdi, eee. Bir çubuqda isə 6-7 nazik dilim kartof olur. Yaxşı, bunun adı soyğunçuluq deyil, nədir?”
KAFEDƏKİ MENYU – HEÇ PARİSDƏ BELƏ QİYMƏTLƏR YOXDUR 
Bu da girişdə barəsində bəh-bəhlə danışdıqları kafe. Menyuya baxırsan, papağın başından düşür. Göbələk salatı -4 AZN, sezar salatı – 6 AZN, iskəndər kabab – 9 AZN, kabablar – 5-6 AZN, club sendviç – 7 AZN, dörd pendirli burqer- 8 AZN.... 
Qalanlarını fotodakı siyahıda özünüz də görə bilərsiz. Kafe işçilərindən bəzi şirniyyat və təamları istəyəndə isə məlum oldu ki, menyu keçən ildən qalıb, o siyahıda yazılanarın isə çoxu onlarda yoxdur. Seçimlər arasından toyuq pizzanı seçirik – 10 AZN. Kassir öncə ad-soyad soruşur. “Bu, nə üçün lazımdır”, deyirəm, cavab verir ki, sifarişi götürəndə lazım ola bilərmiş. Daha bir anormallıq. İkinci anormallıq isə sifariş proseduru zamanı olur. Qolumdakı çimərliyə məxsus qolbağını qeydiyyatdan keçirərkən az qala müştərinin başı itir. Öncə bir kassaya gedirsən, qolbağını kassanın yanındakı aparatda qeydiyyatdan keçirirlər. Sonra o biri pəncərədəki kassaya gedib, sifarişini verirsən. Daha sonra isə ilk dəfə baş vurduğun kassaya qayıdıb, sifarişinin pulunu ödəyirsən. Bu nə əcaib sistem deyə də bilmirsən. Ən yaxşı halda düşünürsən ki, hardasa gizli kamera var və bu, kamera zarafatıdır, axırda ora əl yelləyəcəksən. Ən pis halda isə müştəri ilə davranış etikası olmayan bir satıcının “xoşun gəlmir, bir də gəlmə”, kimi sayğısız cavabını eşidəcəksən. 
Adı "pitsa" olan naməlum qida növü
Sifariş verilir, 15 dəqiqə sonra pitsaya bənzər, amma ondan xəbəri olmayan, şəkildə gördüyünüz təam gəlir. Maya dəyəri heç 2 manat olmayan qidaya görə 5 qat artıq pul ödənməsinə də dözürsən, amma işçilərin adama balaca uşaq kimi göstəriş vermələrinə yox: “Padnos oturdğunuz yerdə qalacaq, yeməyi yerə tökməyin...”
Aldığımız çekə baxıram.... 
Xeyr, bu, çek deyil. Üstündə nə müəssisə barədə məlumat, nə də çekin özəllikləri qeydə alınıb. Şəkildə də gördüyünüz kimi, çekin çeklikdən xəbəri də yoxdur. Ümid edirəm, Vergilər  Nazirliyi əməkdaşları da bu yazını oxuyacaq... 
Bir müştəri kimi orda olduğum müddətdə isə məndə qəribə bir əhval yaranır. Bütün bunlardan sonra mənə elə gəlir ki, hər bizə yaxınlaşan çimərlik işçisi yeni bir irad bildirəcək, “”bunu etmək olmaz, ordan keçmək qadağandır”, tipli qadağalar sadalayacaq. Saat 20.00 radələrində hovuz kənarında əyləşdiyimiz zaman isə daha bir gənc çimərlik işçisi kobud tonda “gedin qolbağlarınızı təhvil verin, saat 8-ə qədər təhvil verməliydiz”, deyir. Bu hardan çıxdı? “Qayda belədir, xəbəriniz yoxdur?” Dedim axı, adama elə gəlir ki, bir azdan oturduğu stul, uzandığı şezlonq da dilə gəlib, yeni irad bildirəcək. 
Bu arada, hovuzu da guya təmizləyirlər. Videodan da gördüyünüz kimi, heç bir təmizləyici qurğu (maraqlananlar internetdə hovuzların necə təmizlənmə qaydaları ilə bağlı videoları izləyə bilərlər – S.T.) olmadan xlorlu dərmanı balaca vedrəyə, ordan da hovuza tökür. Bu da olur təmizlik. 
Və beləcə gərginlik, tikan üstündə keçən bir çimərlik günü bitir. Kassaya yaxınlaşır, günorta verdiyimiz depoziti geri alır və anons verdiyimiz kimi qəbz tələb edirik. Qəbz təbii ki, yoxdur. Amma əvəzində söhbət “xırdalayan” mühafizə xidməti işçiləri bizə həyatı başa salırlar, xarici ölkələrin, Türkiyənin istirahət mədəniyyəti ilə tanış olmağı məsləhət görürlər. Axırda da o ənənəvi azərbaycanlı cavabı gəlir: “Vallah, biz özümüz də maaşa baxan adamlarıq, bizimlə bu mübahisəni niyə aparırsız?”.... 
Bütün bu yazdıqlarımız təkcə My Beach Novxanıda deyil ki. Yolu bir dəfə pullu çimərliyə düşən hər kəs üçün bu gərginliklər keçərlidir. Dənizin hasarlandığı, özbaşına qiymətlərin at oynatdığı paytaxtda bundan da artıq gərginliklərin yaşanması adi hala çevrilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam