Nazirlikdəki “antikorrupsiya şousu”: "YOXLAMALAR BAŞLAYIB, 250-300 MİN TƏLƏB EDİRLƏR…"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) özünün tabeli qurumlarında – Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində (ƏSMM) yoxlamalara başlayıb.
Xeberinfo.com: Bu barədə “AzPolitika.info”ya nazirliyə yaxın mənbələrdən məlumat daxil olub. Lakin məlumatda bildirilir ki, bu yoxlamaların əsas hədəfi, Səlim Müslümovun nazir təyin olunduğu ilk dövrlərdə apardığı antikorrupsiya kampaniya-şousunun görünən mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, yoxlama aparılan Mərkəzlərin rəhbərlərindən sonda 250-300 min manat (!) pul tələb olunur.
“Bu işdə nazirliyin tələsik qərarlarına səbəb, Hesablama Palatasının onların “yetişdirdiyi məhsula” şərik ola biləcəyi qorxusudur. Belə ki, rayon ƏSMM-lərin fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması Səlim Müslümovu heç bir şəkildə qane etmir, hətta narazı salır. Odur ki, Hesablama Palatasını qabaqlamağa çalışırlar” – deyə mənbə qeyd edir.
Mənbə nazirliyin yoxlamaya göndərdiyi şəxslərin rayon ƏSMM-lərin rəhbərlərindən tələb olunan məbləği almaq üçün xüsusi “innovativ” metoddan istifadə etdiyini iddia edir: “Belə ki, yoxlamaya gedənlər rayon ƏSMM-lərin rəhbərləri və işçilərini daha çox Kapital Bankın bankomatlarının yaddaşından fotoların çıxarılacağı ilə şantaj edir. Bilirlər ki, bəzi vətəndaşların ünvanlı sosial yardım kartları 7-8 ay işçilərdə olub. Sən demə indiyə qədər rayon ƏSMM-lərdə baş verən bu korrupsiya hallarına məqsədli şəkildə göz yumulurmuş ki, həmin idarələrə yoxlama göndərilən zaman daha çox pul qopara bilsinlər.
Yoxlama zamanı hiyləgərcəsinə işçilərə bildirilir ki, nazirlik sizdən, əvvəlki illərdə olduğu kimi aylıq haqq tələb etməyib, amma siz vətəndaşlardan bu qədər pul almısız. Hətta özlərini “təmiz” göstərmək üçün bildirirlər ki, əgər siz vətəndaşlardan rüşvət almasaydınız, nazirlik indi sizdən pul istəməzdi. Bu mexanizm həm də nazirlikdəki korrupsiya şəbəkəsini pərdələməyə imkan verir. Və yoxlama zamanı mərkəz işçilərindən daha çox pul almaq üçün istifadə edilir”.
Mənbənin sözlərinə görə, bununla həm korrupsiya şəbəkəsinin fəaliyyəti davam etdirilir, həm rahatca yüksək məbləğdə rüşvət toplanır, həm də ictimaiyyətdə və ölkə rəhbərliyində korrupsiyaya yol verilmədiyi rəyi yaradılır:
“Bu hiyləgər metod kölgə iqtisadiyyatında olduğu kimi, korrupsiyanın da kölgə formasını yaratmaq deməkdir. Bu isə cəmiyyət və dövlət üçün ənənəvi korrupsiya şəbəkəsindən daha təhlükəlidir. Çünki yaradılan rəylə reallıq arasında ciddi təzad yaranır ki, bu da ikiqat təhlükəlidir.
Hökumətin qeyd olunanların fərqində olmaması isə ancaq acı təəssüf doğurur. Ümid edirik ki, nəhayət, baş verənlərin ciddiliyini nəzərə alıb, ƏƏSMN-də korrupsiya şəbəkəsinə “dur” deyənlər tapılacaq”.
Qeyd edək ki, hökumətin aztəminatlı ailələrə yardım məqsədilə həyata keçirdiyi Ünvanlı Sosial Yardım layihəsində korrupsiyanın qarşısını almaq mümkün olmadığından, bu layihənin ümumiyyətlə dayandırılması ehtimalı var.
Bugünlərdə ölkə başçısı İlham Əliyev də Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub. Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır: “Biz ünvanlı sosial yardımla bağlı layihəni aztəminatlı insanların şəraitinin yaxşılaşması üçün nəzərdə tutmuşuq. Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu, gələcəkdə daha da təhlükəli ola bilər. Bunun üçün biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər”.
“Yeni Müsavat”a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, sabiq nazir Füzuli Ələkbərovun vaxtından ünvanlı sosial yardımın verilməsində şəffaflığı təmin etmək mümkün olmayıb. 2013-cü ildə prezident fərmanı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Səlim Müslümov bu sahədəki korrupsiya ocaqlarını söndürmək işinə girişdiyi görüntüsü yaratmışdı. O, tez-tez keçirdiyi müşavirələrdə şou xarakterli olaylar çıxarırdı. Bir neçə idarə müdirini, rəhbər işçini elə iclas zalından qovaraq işdən çıxartdığını bəyan edirdi. Sonra ƏƏSMN-də hər şey “köhnə hamam, köhnə tas” formasında davam etdi. ÜSY-ların verilməsində ciddi qanun pozuntuları halları oldu. Yerlərdən gələn şikayətlərdə bildirilir ki, ƏƏSMN regional şöbələrində ünvanlı sosial yardım alanlara belə təklif olunur: “Altı ay bizim, 6 ay sənin”. Dövlətin pulunun bu şəkildə mənimsənilməsi heç şübhəsiz dövlət rəhbərliyinin də qulağına çatırdı. Mənbələr iddia edir ki, prezidentin məlum çıxışı da məhz Səlim Müslümovun və onun komandasının korrupsiya ocağının söndürülməsi üçün nəzərdə tutulub. Ona görə də ÜSY-nin forması dəyişdirilir.
Yazıda qeyd olunanlarla bağlı, ƏƏSMN-nin də mövqeyini işıqlandırmağa hazırıq.