AMEA-nın ƏMLAKINI KİM HƏRRACA QOYUB?
Basının gündəmini zəbt edən başlıca qonulardaN biri Yasamal rayonu,Şərifzadə küçəsində tikilən “Alimlər evi”nin hərraca qoyulmasıdır.
Xeberinfo.com: Vergilər Nazirliyinin podratçı şirkəti “EVROSTROY-S”i vergi borcuna görə məhkəmədə udması tikintisi yarımçıq qalan sözügedən binanın bir blokunun hərracda satılmasına nədən olub. Başqa sözlə,söhbət alimlərin evindən yox,şirkətin özünə götürdüyü 15 mərtəbəli bir blokun borc adına alınmasından gedir.
Amma burada da qaranlıq məqamlar çoxdur.
Birincisi, “EVROSTROY-S” sıradan bir şirkət yox, inamlı reputasiyası olan və arxasında iri klanın dayandığı şirkətdir.
İkincisi, bu nəhənglikdə şirkətin daşınar-daşınmaz əmlakı bir ev bloku ilə ölçülmür.Nəyə görə məhz alimlərə tikilən evin hərraca çıxarılması fikri ortalığa atılıb və şirkətin özünə götürdüyü bir blok hərracda satılmalıdır?
İstənilən halda AMEA bu hərracdan niyə ziyan çəkməlidir? Onsuz da AMEA üçün nəzərdə tutulan digər bloklar hazırdır və borclu da AMEA deyil. Yarımçıq bloku hərracda kim alsa,o da özünə tikəcək.
Bir şey də qaranlıqdır. Bəyəm AMEA üçün ev tikməyə Prezident Ehtiyat Fondundan vəsait ayırmır?
Nə isə…Görünən budur ki, Molla Nəsrəddin demiş, dava yorğan davasıdır. Kiminsə, bu evə gözü düşüb və sifarişini verib.
Onsuz da AMEA-nın əmlakını, torpağını çoxdan İşlər İdarəsi hərraca qoyub. Baxın, AMEA işçilərinin, Həmkarlar Komiəsinin xəbəri olmadan bu quruma aid olan torpaq, bağ,əmlaklar ya Gömrük Komitəsinə, ya Vergilər Nazirliyinə, ya da digər qurumlara verilir. Əvəzində 5-6 mənzil yiyəsi olan AMEA İşlər İdarəsi və elmi institutlar gerçəkdə alimlərin sosial durumunu hərraca qoymuş olur. Elə belə demirik.
Bu sətirlərin yazarı sözügedən yataqxanadan birbaşa döyüşə gedəndə ailəsini 2-3 yaşında 2 körpə uşaqla İşlər İdarəsi yataqxanadan çıxarıb, otağını isə AMEA-ya aid olmayanlara icarəyə verib. Bu icarəçilər sonradan otaqlarını özəlləşdiriblər də.
Yəni,həmin yataqxanada qalanların böyük çoxluğu AMEA işçiləri deyil. Amma İşlər İdarəsi indi də həmin tikilən evi AMEA-ya aid olmayanlara satmağı fikirləşir. ”Humanislik” yaxşı şeydir, çölə atmayacaqlar ki?
Döyüşdə olanda elmlər doktoru həyat yoldaşı da televiziya ilə verilən xəbərdən stress keçirib. Əlil olan AMEA üzrə yeganə Qarabağ əlilinin 1987-ci ildən növbədə olan ailəsinə qarşı İşlər İdarəsinin təzyiqləri hələ də davam edir. Bu ayrıca qonu olduğundan buradaca dayanaq. Biz hələ elmi-tədqiqat institutlarının, inzibati binanın özünün həyətinin ticarət-kommersiya obyektlərinə çevrilmələrini demirik. Bunları icarəyə verən də İşlər İdarəsidir.
Hətta elmi-tədqiqt institutlarının və yerləşdikləri binaların ayrı-ayrı qurumlara satılması da faktdır. Bunu SSRİ Elmlər Akademiyasının müxbir üzvünün rəhbəri olduğu institutun tamam ləğv edilərək, alınması ilə balı yazılar da sübut edir.”Elmlər Akademiyası” metrosunun beş addımlığınadır, inanmayanlar gedib baxa bilər. Həmin metro stansiyasının yaxınlığında metropoliten rəhbərliyinin Akademiyanın həyətini avtomobillərinə qaraj etməsi də faktdır.
Bir sözlə,Vergilər Nazirliyinin “Evrostroy-S”-ə qarşı məhkəməni udması AMEA-nın əmlakının hərracda satılmasına əsas ola bilməz.Hərraca qoyulan başqa əmlakdır.Yox AMEA-nın əmlakı-evi hərraca qoyulubsa, niyə AMEA İşlər İdarəsi susur, etirazını bildirmir?
Deyəsən, torbada pişik var…
Məğrur Bədəlsoy,
Qarabağ savaşi əlili,
müstəqil jurnalist