Bu dövlət qurumuna işə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 iyun 2025-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanı keçiriləcək.
Yenixeber.org xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2025-ci il iyunun 10-dan 19-dək aparılıb və bu müddət ərzində 115 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən az 60, mülki işə qəbul olmaq istəyənlər isə ən az 50 bal toplamalıdırlar.