Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ
Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.
Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydın oğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), Əzimov Xalid Valik oğluna isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, o cümlədən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.