Ərdoğan seçkinin nəticələrini Ankaradan izləyəcək

İstanbulda səsvermə hüququndan istifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya gəlib. Ərdoğan seçkiləri Ankaradan izləyəcək.
Yenixeber.org: Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan səs vermək üçün saat 11:40-da İstanbulun Üsküdar rayonundakı iqamətgahından ayrılaraq Saffet Cəbi orta məktəbinə gedib.
Məktəbin həyətində yığışan vətəndaşların sevgi nümayiş etdirdiyi Ərdoğanı Prezident Aparatının Kommunikasiya direktoru Fahrettin Altun, Üsküdar Bələdiyyə sədri Hilmi Türkmen, AK Partiya İstanbul sədri Osman Nuri Kabaktepe və digər rəsmilər qarşılayıblar.
Rəcəb Tayyib Ərdoğan İstanbulun Saffet Cəbi orta məktəbində keçirilən səsvermədən sonra İstanbuldan Ankaraya gəlib. Esenboğa hava limanından iqamətgahına keçən Prezidentin seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.(“TRT Haber”)