Qusar polisi məktəblilər ilə görüşüb-FOTOLAR
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Atlıxan kənd tam orta məktəbində “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları, yerli icra nümayəndəsi,
həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik- leytenantı Mövlud Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə
yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.