Ukrayna rəsmisi:"Azərbaycan Kiyevi dəstəkləyir"
"Seçim göz qabağındadır. Azərbaycan bizi dəstəkləyir".
Yenixeber.org: Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, əlbəttə, hər bir azad insan Rusiya-Ukrayna müharibəsi ilə bağlı çox dəqiq mövqe sərgiləyir və yalnız Kiyevin tərəfini tutur: "Mən konkret olaraq bu və ya digər millətin nümayəndələri haqqında danışmağa hazır deyiləm, çünki öz seçimləri haqqında başqa bir ölkənin vətəndaşı olaraq yalnız onların danışmaq hüququ var. Biz Ukraynanı humanitar, ideoloji, informasiya formasında dəstəkləyən bir çox azad insanları görürük. Öz inkişafına uzaqgörənliklə baxan bütün ölkələr Ukraynanı dəstəkləməyi özlərinə borc hesab edirlər. Hazırda enerji dəstəyindən danışırıq, çünki Rusiya bu müharibəni sona qədər aparacağını gizlətmir. Enerji strukturunu məhv edərək milyonlarla insanı dondurmaq istəyirlər, çünki döyüş meydanında tamamilə absurd bir karikatura ordusu olduqlarını görürük. Say çoxluğu ilə mübarizə aparırlar. Bunu anlayan bütün ölkələr, o cümlədən Azərbaycan bizi dəstəkləyir. Seçim göz qabağındadır".
M.Podolyak vurğulayıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hansısa çıxışlarına və müharibədə günahkar onların olmadığını ciddi şəkildə deməyinə qulaq asmağa ehtiyac yoxdur: "Lavrov ittiham edilməlidir, çünki bu insan 2014-cü ildə insanları öldürmək, 2022-ci ildə də insanları məhv etmək üçün buraya gəldi və indi “insanları öldürən o deyil” kimi absurd nağıllar danışır. Azərbaycan da daxil olmaqla, bütün ölkələr üçün hücumun kimin etdiyi, burada hansı müharibə getdiyi, Ukraynanın necə əziyyət çəkdiyi aydındır. Hər bir ölkə düzgün, tarixi seçim etməlidir, çünki bu müharibə nəticəsində Ukrayna Sovet İttifaqının guya həll etdiyi millətlərarası münaqişələri, İkinci Dünya müharibəsi tarixini və s. icad etdiyi kimi, tarixin yenidən yazılmasına imkan verməyəcək. Tarixin yenidən yazılmasına icazə verməyəcəyik və buna görə Rusiyanı dəstəkləyən bütün ölkələr son dərəcə neqativ görünəcəklər. Regionda daha əhəmiyyətli rola iddialı olan Azərbaycanın düzgün tərəfi seçməsi vacibdir və düşünürəm ki, o, artıq bu seçimi edib".