Şimal rayonlarından -Bakıya axın davam edir
Şimal rayonlarından Bakıya axın davam edir
Yenixeber.org: Novruz bayramını bölgələrdə yaşayan yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutan sərnişinlər artıq paytaxta qayıtmağa başlayıblar. Bu səbəbdən rayonlardakı şəhərlərarası avtovağzallar gücləndirilmiş iş rejimində çalışır.
Şimal bölgəsinin Quba, Qusar, Xaçmaz rayonlarının avtovağzallarında sərnişin izdihamı daha çox müşahidə olunub. Sərnişinlərin əksəriyyəti Bakı və Sumqayıta gedənlər olub.
Bölgədə fəaliyyət göstərən avtovağzallardan verilən məlumata görə, bayram günlərində rayona gələn və gedən sərnişinlərin sayı adi günlərdən fərqli olaraq 3 dəfə çox olub.
Yaranmış sərnişin sıxlıqı nəzərə alınaraq xəttə əlavə avtobuslar buraxılıb.
Qiymətlərə gəlincə isə, avtovağzal rəsmiləri bildirdi ki, süni qiymət artımına ciddi nəzarət edilir. Gedişhaqları tarif şurasının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Və hər bir vətəndaş kassalardan rahatlıqla bilet əldə edir.
Sərnişinlər isə yer tapmadıqlarını, Bakıya getmək üçün platformaya gələn avtobuslara çətinliklə daxil olduqlarını bildiriblər.
Onu da qeyd edək ki, iş həftəsi başlamasına baxmayaraq bölgənin avtovağzallarında yaşanan bu izdiham hələ də davam edir.