Bu il -700 bal yığan olmamasının səbəbləri
Təhsil eksperti: “Maksimum nəticənin olmayacağı hələ iki il öncə məlum idi...”
Dövlət İmtahan Mərkəzi (DİM) 7, 14, 21, 28 apreldə buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi), 12 mayda I - IV, mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün qəbul imtahanlarını keçirdi. Ötən il 700 bal toplayanların sayı 28 idi, bu il isə heç bir abituriyent bu nəticəni göstərə bilmədi.
Yenixeber.org: Statistika belədir ki, aprelin 7-də keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 27660 nəfər iştirak edib və 2 şagird onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verərək maksimum nəticə - 300 bal toplayıb. Aprelin 14-də keçirilən buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 28634 nəfər iştirak edib və şagirdlərdən heç kim maksimum bal toplaya bilməyib.
Aprelin 21-də keçirilən buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) 22499 nəfər imtahanda iştirak edib. Bu imtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. Aprelin 28-də isə keçirilən imtahanda 19486 nəfər iştirak edib, heç kim maksimum bal toplaya bilməyib.
Beləliklə, 4 buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak edən 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunan bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Məlumat verək ki, qəbul imtahanlarında hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. I,II,III,IV ixtisas qrupları üzrə qəbul imtahanda iştirak edən 67597 nəfərdən yalnız 1 nəfər I ixtisas qrupu üzrə ona təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 400 bal toplayıb.
Mövcud durumla bağlı müvafiq rəsmi qurumlardan münasibət öyrənməyə cəhd etsək də, heç bir açıqlama verilmədi.
Təhsil eksperti Kamran Əsədov bu il nə üçün 700 balı yığanın olmaması ilə bağlı aşağıdakı fikirləri bildirdi: “Yeni qəbul qaydaları ilə maksimum nəticənin olmayacağı, hələ iki il bundan öncə məlum idi. Ölkədə 2008-ci ildən etibarən orta ümumtəhsil məktəblərində tədris yeni standartlarla qurulmağa başladı. İlk dəfə 2007-ci ildə orta ümumtəhsil məktəblərinə gedən uşaqlar, 2017-ci ildə 9-cu sinifdən buraxılış imtahanı vermişdilər. Həmin vaxt onlara çox sadə suallarla buraxılış imtahanı keçirilmişdi. Həmin vaxt şagirdlərin 65 faizdən çoxu heç bir suala cavab verə bilməmişdi. Yəni aidiyyəti qurumlara iki il bundan əvvəl məlum idi ki, orta ümumtəhsil məktəblərində tədris beynəlxalq standartlara uyğun qurulmayıb və şagirdlərin bu sahə üzrə bilik və bacarıqları çox aşağı səviyyədədir. Təəssüf ki, ötən illər ərzində aidiyyəti qurumlar bu istiqamətdə heç bir addım atmayıb. Məktəblərdə keyfiyyətin artırılması, yeni proqramın mənimsənilməsi istiqamətində addım atılmayıb. Ona görə də 2019-cu ilin qəbul imtahanlarında heç bir abituriyent maksimum yüksək nəticə göstərmədi. Buraxılış imtahanlarında ümumilikdə 130 min nəfərdən cəmi 4 nəfər maksimum nəticə göstərdi. Qəbul imtahanlarında isə 4 ixtisas qrupunda 80 minə yaxın adamdan yalnız 1 nəfəri 400 bal toplaya bildi”.
Ekspertə görə, “Bunun əsas 3 səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, artıq qəbul və buraxılış imtahanlarında yeni test modeli var. Açıq tipli suallardan başqa, situasiya tipli test tapşırıqları da mövcuddur. Yoxlama prosesində də insan faktorunun təsiri var. İndiyə qədər bütün test tapşırıqlarını kompüterlər vasitəsilə yoxlayırdılar. Cavablar da yüz faiz doğru olurdu. İndi isə bir neçə sualları və xüsusilə də yüksək bal verilən sualları yoxlayıcılar qiymətləndirirlər. Biz təcrübələrdən də görürük ki, yoxlama zamanı müəyyən problemlər ortaya qoyulur. İkinci səbəb 11 ildir ki, orta ümumtəhsil məktəblərində keçirilən kurikulumların tam formada tətbiq olunmamasıdır. Bizim 4500 orta ümumtəhsil məktəblərində çalışan 151 min müəllimin heç də hamısı bu proqramı mənimsəməyib və tətbiq etmir. Təəssüf ki, 11 il ərzində şagirdlərə ənənəvi test modeli işlədiblər. Yeni tipli testlə isə uşaqlar buraxılış imtahanlarında tanış olublar”.
Ekspert DİM-in yeni tipli sınaq imtahanlarını çox az keçirdiyini dedi: “İldə cəmi 2 dəfə keçirdilər. Sınaq imtahanına buraxılışın məbləği o qədər çox idi ki, hamının orada iştirak etməyə imkanı çatmadı. Üçüncü səbəb isə odur ki, 11 il ərzində yeni sistemə keçsək də, hələ də yeni qəbul imtahanlarında istifadə olunan test modellərinə uyğun, test tapşırığı bankımız hazırlanmayıb. DİM sinif testləri hazırlamayıb, ancaq bunu qəbul imtahanlarında istifadə edirlər. Vəsait, resurs çatışmazlığı mövcud problemə gətirib çıxarır. Hesab edirəm ki, bu proses davam edəcək. Nə qədər ki, yoxlama mexanizmində insan faktoru var, situasiya tipli testlərdən istifadə edilir, problem qalacaq. Uşaqlar hansı sahə üzrə test tapşırıqlarına zəif cavab verirlərsə, bu istiqamətə əsasən məktəblərdə iş aparılmalıdır. Təəssüf ki, orta ümumtəhsil məktəblərində bu istiqamətdə heç bir iş aparılmır”.