Yenixeber.org: Azərbaycan cəmiyyətinin şüurunda belə bir stereotip formalaşıb: İnsanları bir işin perspektivinə inandırmaq üçün, məsələn, tikilməkdə olan binanın mənzillərini qabaqcadan kreditlə sata bilmək üçün həmin işin arxasında yüksək çinli məmurun durduğunu söyləyirlər. Çünki Azərbaycan reallığında başlanılmış işin, əsası qoyulmuş biznesin uğurla inkişaf etməsi üçün təkcə maliyyə kapitalının olması yetərli deyildir. Zira, kapitalın özü də korrupsiyalaşmış məmurların əlində cəmləşib.
Fazil Məmmədov Vergilər naziri postundan uzaqlaşdırılandan sonra ona məxsus Azərbaycan Universitetinin (AU) də perspektivinə inam azalıb; ölkənin ilk özəl ali təhsil müəssisəsi tənəzzül dövrünü yaşayır. Universitetin xərclərini azaltmaq üçün keçən il Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini Nərimanov rayonundakı azhəcmli və köhnə təmirli binaya sürgün etmiş, təhsil müəssisəsini də departamentin Nəsimi bazarının arxasındakı əvvəlki binasına köçürmüşdü. Gəlirlərə nəzarəti gücləndirmək üçün də öz bacısı qızı Səadət Quliyevanı rektor təyin etmişdi. Lakin müşahidə olunanlar belə təxmin etməyə əsas verir ki, bu özəl ali təhsil müəssisəsini də Elşad Abdullayevin ABU-sunun, Müşfiq Atakişiyevin “Təfəkkür”ünün aqibəti – süqut gözləyir. Bu təxminimizi şərtləndirən bir mühüm məqam da ondan ibarətdir ki, daha tələbələrə məzun olduqdan sonra vergi sistemində işləmək şanslarının çox olduğu vədi verilmir. Tənəzzül tendensiyası builki qəbulda da özünü göstərib – Universitet əvvəlki cazibədarlığını itirdiyindən qəbul planı dolmayıb.
Redaksiyamıza yenicə daxil olmuş məlumat isə belə düşünməyə əsas verir ki, yaranmış iflasqabağı situasiya AU rəhbərliyini qeyri-məqbul variantlara əl atmağa vadar edir. Belə ki, bu günlərdə bir valideyn (P.) bizə müraciət edərək, AU-dan borc üstündə qovulmuş oğlunun (F.) attestatının girov kimi saxlanıldığını bildirmişdir: “Oğlum 2014-cü ildə ödənişli əsaslarla Azərbaycan Universitetinə qəbul olunmuşdu. İllik təhsil haqqının bir hissəsini qabaqcadan vermişdik. Lakin həyat yoldaşımın qəfil xəstələnməsi, əmək qabiliyyətini itirərək işdən qalması, müalicə xərcləri ailəmizin büdcəsinə ciddi ziyan vurdu. O üzdən təhsil haqqının qalığını dərs ilinin sonuna kimi ödəyə bilmədik. Ümid edirdik ki, anası sağlamlığını bərpa edib işə çıxar, tədricən maddi vəziyyətimizi düzəldərik. Birinci kursun sonu, yay imtahanları çatdı. Artıq rektor dəyişmiş, Eldar Qəhrəmanovu Fərid Əhmədov əvəzləmişdi. Oğlum il boyu orta müvəffəqiyyət göstəricisindən yuxarı sayılan “A” qiymətlə oxuduğu ingilis dili fənnindən ilk final imtahanını uğurla verdi. Yaxşı hazırlaşmış olduğu ikinci fənn üzrə imtahanın gedişində isə fakültə dekanı imtahan zalına daxil olub oğlumu tələbə yoldaşlarının gözləri qarşısında nümayişkaranə surətdə qovmuşdur. Bu hadisə oğluma çox pis təsir etmiş, mənəvi əzab vermişdir…”
Valideyn bildirir ki, belə hadisələrin gənclərin sarsılmasına, hətta onların intiharına belə gətirib çıxardığını nəzərə alaraq, o vaxt oğlu ilə təmkinlə söhbət aparmış, məsuliyyətin bölüşdürülməsinin vacibliyi barədə danışmışdır: “Oğlumun sıxıntısını azaltmaq üçün dedim ki, biz “ayağımızı yorğanımıza görə uzatmamışıq”, sən də yüksək bal toplasaydın, dövlət hesabına oxuyardın. Amma o, dediklərimlə razılaşsa da, Universitetin ona qarşı təzyiq üçün məhz bu cür vasitə seçməsi ilə heç cür barışmadığını dedi. Təbii ki, mən Universitetə gedib məsələ ilə maraqlandım. Gördüm ki, sonrakı imtahanların nəticələrinin əks olunduğu sənədlərdə oğlumun adının qarşısında “gəlməyib” sözü yazılıb və kəsir kimi qeydə alınıb. Bu kəsiri aradan qaldırmaq isə əlavə pul və vaxt itkisi deməkdir. O zaman görüşdüyüm fakültə dekanı olan Elçin Rəşidov istehza ilə: “İşə bir baxın, ingilis dilini əla oxuyur, yüngül fənnlərdən kəsilib” – deyib güldü. Dedim ki, gülməli bir şey yoxdur, oğlum orta məktəbdə də xarici dili “əla” qiymətlə oxuyub. Rektorla da görüşdüm. Hər vəchlə imtahan zalından qovulma məsələsinin müzakirəsindən yayınmağa çalışdı. “Pulu ödəyin, apellyasiya şurasına müraciət etsin, sentyabrda yenidən imtahanlarını versin” – dedi. Oğlum isə aldığı mənəvi zərbədən sonra daha o cür idarə edilən Universitetdə oxumaq fikrindən vaz keçdiyini bildirdi. Mənə dedi ki, qarşıdakı illərdə də başımıza belə işlər gələ bilər. Çünki, gələcəkdə də ödənişləri gecikdirməyimizin ehtimalı yox deyildir. Odur ki, ziyanın yarısından da qayıtmaq yaxşıdır. Ərizə yazıb adının Universitetin tələbələri sırasından çıxarılması xahişi ilə rektora müraciət etdi. Fərid Əhmədov isə hirslənib açıqca bildirdi ki, inzibati yollarla oğlumun karyerasına ziyan vuracaq…”
Valideyn bildirir ki, rektor oğlunun tələbələr sırasından xaric edilməsi əmrini düz bir il gecikdirmişdir: “Oğlum bir müddət friksion işsiz kimi arada qaldı. Qeyri-leqal, təsadüfi qazanclarla başını girlədi. Nəhayət, 2018-ci ilin uyulunda hərbi xidmətdən qayıtdıqdan sonra düzəlmək istədiyi iş yerinə təqdim etmək üçün attestatını götürməyə getdi. Artıq Universitet də əvvəlki yerində deyildi, rektor da dəyişmişdi. Gedib görüb ki, Tələbə şöbəsində heç kim yoxdur. “Məzuniyyətdədirlər” deyib get-gələ salıblar. Nəhayət, özüm bu işin dalınca düşdüm. Universitetin hüquqşünası Pərviz müəllimlə əlaqələndirdilər. O, mənim tək gəlməyimi istədi. İllər öncə sənədləri bizdən qəbul etdikləri vaxt Universitetdən bizə verilmiş qəbzi də götürüb getdim. Pərviz müəllim oğlumun Universitetə bərpa olunması perspektivindən danışdı. Dedim ki, oğlan özü işləməsə, təhsil haqqını ödəyə bilmərik, Universitetdə isə təhsil yalnız əyanidir. Odur ki, bərpa məsələsi alınmır. Pərviz müəllim bildirdi ki, attestatı götürmək üçün mütləq sənəd sahibinin özü gəlməlidir… Əyalətdən paytaxta hər dəfə gəlmək üçün günlərlə vaxt, pul itirirdik. Nə isə, yenə gəldik. Hüquqşünas dedi ki, məzuniyyətdə olan Tələbə şöbəsinin işçisini xahiş-minnətlə, bizim xatirimizə gətizdirib: “Şöbədən dövriyyə vərəqəsi götürüb imzalatdırın. Başqa işiniz varsa, Siz gedin, uşaq özü məşğul olar, bir şey deyil, həll edərik. Amma yaxşı fikirləşin, bərpa olunmaq istəsə, təhsil haqqı məsələsində oğlunuza müəyyən qədər güzəşt edilə bilər”.
Valideyn bildirir ki, özü oğlunu tək buraxsaymış, onu aldada da bilərmişlər: “Dövriyyə vərəqəsi”nə dörd nəfər imza atmalı idi – Universitetin Maliyyə departamentinin rəhbəri, kitabxanaçı, fakültə dekanı və axırda da tələbə özü. İlk üç nəfərin imza yerinin qarşısında qeyd üçün qrafa vardı, tələbə üçünsə qeyd yeri nəzərə alınmamışdı. Belə çıxır ki, tələbənin, yaxud, keçmiş tələbənin imzası digər şəxslərin qeydləri ilə yalnız “tanış olması” kimi deyil, məhz “razılaşması” kimi yozula bilər. Beləliklə, kitabxanaçı imza qoydu, amma oğlumun kitabxanaya borclu olmadığını desə də, bu barədə qeyd yazmadı. Fakültə dekanı Əli müəllimi tapmadıq. Dekanatlığın işçisi onun əvəzinə imza atmaq səlahiyyətinin olmadığını bildirdi. Düşünürdük ki, dekanla görüşəndə, kəsirlər məsələsində aramızdakı fikir ayrılığı yenə xatırlanacaq. Əsl mübahisəmiz maliyyəçi Azər Pəşidov ilə söhbətdə düşdü. Təhsil haqqı borcu barədə qeydini aparıb dedi ki, bərpa olunmasını istəyirsinizsə, bu pulu ödəməlisiniz… Dövriyyə vərəqəsini alıb nə görsək yaxşıdı? – 5 (beş) min manat! Qovulduğu birinci kursun 2 (iki) min manat qalığı, üstəgəl, 3 (üç) min manat da qovulma əmrini gecikdirən Fərid Əhmədovun hesabına ikinci kurs üçün. Dedim ki, oğlumun daha oxumaq fikri yoxdur, özünü də borclu saymır. Dedi ki, o öz saydığını saysın, amma ona təhsil xidməti göstərilib, pulu verməlidir. Maliyyə departamentindən ayrılıb hal-qəziyəni hüquqşünasa danışdım. “Obxodnoy”u əlimizdən alıb maliyyəçinin yanına getdi. Bir azdan qayıdıb dedi ki, Tələbə şöbəsindən başqa vərəq götürün. Oğlum təzə vərəqi götürüb yenə həmin iki nəfərə imza atdırıb gətirdi. Bu dəfə Azər Rəşidov 2 (iki) min manat borc yazmışdı. Dekan gəlib çıxmadığından, yenə də sənəd dolmamış qaldı və biz attestatı götürə bilmədik. Nəticə də bu oldu ki, oğlum dəqiq vaxta elan olunan iş müsabiqəsinə sənəd verə bilmədi, kənarda qaldı…”
Qovulmuş tələbə və valideyni bu fikirdədirlər ki, Universitetə borclu deyillər: “Övladımı kobud tərzdə, xəbərdarlıq etmədən qrup yoldaşlarının gözü qarşısında imtahan zalından qovaraq ona mənəvi iztirab veriblər. Bundan başqa, imtahan təkcə Öyrənənin verilən dərsi necə mənimsəməsini ortaya qoyan prosedur deyil, həm də Öyrədənin verdiyi təlimin keyfiyyətini üzə çıxaran prosedurdur. Həm də nəzərə alınmalıdır ki, oğluma birinci kursda seçdiyi ixtisasın (mühasibatlıq) fənnini keçməyiblər ki, heç olmasa, natamam da olsa ixtisas bilgisinə yiyələnsin. O halda qeyri-leqal işləyə, hansısa diplomlu mühasibə, auditora zəhmət tutumlu işlərdə kömək edib əlmuzdu qazanc əldə edə bilərdi. O üzdən Universitetin göstərdiyi borc məbləğinin, qeyri-real kəsirlərin altından qol çəkmək fikri, nə də belə öhdəliyi yoxdur. Qoy, özləri yazıb özləri də təsdiqləsinlər. Amma orta təhsil haqqında sənədini girov saxlaya bilməzlər. Qovandan sonra da ziyan vurmaqda davam edirlər. Aşağı balla tələbələr sırasına qəbul edərək yuxarı bala uyğun proqramlarla yükləyib gəncləri borc bataqlığına sürükləməklə iş bitmir”.
İki fərqli rəqəmləri əks etdirən dövriyyə vərəqələrinin valideynin bizə təqdim etdiyi fotosurətlərində imzası görünən Azər Rəşidova zəng vurub məsələyə münasibətini öyrənməyə çalışdıq. Dandı: “Ola bilməz! Mənim imzamı saxtalaşdırıblar yəqin”. Diqqətinə çatdırdıq ki, söhbət iki nəfərin – onun və kitabxanaçının imzasından gedir. Gərək necə mahir saxtakar olasan ki, eyni vaxtda iki nəfərin imzasını, xəttini eyni uğurla oxşada biləsən… Az sonra Universitetin hüquqşünası Pərviz müəllim redaksiyamıza zəng vurub rəqəm fərqinin yanlışlıq ucbatından baş vermiş olduğunu, sonra araşdırılaraq aradan qaldırıldığını bildirdi.
P.S. Əcəb yanlışlıqdır, deyilmi? Lap “tutar – qatıq, tutmaz – ayran” məsəli və bir mahnı yada düşür: “Qalarsan – (5 min alıb) qadan allam, gedərsən (2 min alıb) yola sallam”. Həm də niyə belə səhvlər heç vaxt tələbənin deyil, həmişə məhz Universitetin nəfinə olmalıdır?
P.S.S. Ümumiyyətlə, ali məktəblərdə borclu tələbələrin imtahana buraxılmaması, ilk iki ildə ixtisas fənninin öyrədilməməsi tendensiyası mövcuddur. Görəsən, AU indiyədək daha neçə borclu tələbənin “ölümündən yapışıb ki, qızdırmaya boyun əysin?”
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Yeni Sözçü”