Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCAN ƏDƏBİ DIİLİNİN QURULUŞUNDAKI PARADOKSLAR - Ölkəmizin dili türk dili deyilsə...

 

Bu yazımı Azərbaycan dilində yersiz və yanlış işlədilən başqa dillərdən alınma sözlərə görə yazdığımdan, loru dil deyə ana dilimizin söz dağarcığını doğma sözlərimizdən boşaltmağa qarşı olaraq, "Əks halda, digər, lakin, filoloq, alim, faiz, milli, bəzi, dəhşət, mövcud, imtina, və s." bu kimi sözləri işlətməkdə olduqca bilərəkdən çəkinmişəm.

Yenixeber.org: Yazıma ilk öncə ölkəmizin ərəb, latin, eləcə də, rus kökənli rəsmi dili deyə kütlənin bir çox rusca sözlərdən yararlandığı danışıq dilinin doğma türkcəmizdən yadlaşıb ana dilimizin söz dağarcığının çılxa türkcə sözlərimizdən boşalmasına diqqətinizi çəkirəm.

Bu arada, “Azərbaycan dili” dedikdə tapmacalı bir oyun ortaya çıxır. Ana dilimizə diqqət edəndə paradokslar həddin aşıb. Məsələ dilimizin “Azərbaycan dili” adlandırılmasıdır. Bu üzdən, dilçilər dünya dillərinin hər birini müstəqil dil adlandırmağın bir neçə şərtini irəli sürüblər. O cümlədən, özəl sayı, habelə dillərin kökünün yüzdə 50-dən çoxu doğma sözlərdən olmalıdır.

Tərsinə olarsa, o dil ən çox söz aldığı dilin bir qolu, yaxud dialekti sayılır. Örnək üçün, fars dilinin yüzdə 56-sı ərəb sözlərindən olduğuna görə, o dili ərəbcənin 33-cü ləhcəsi hesab edirlər.

Bizim də ölkəmizin dili türk dili deyilsə, Azərbaycan dili olaraq özəl sayı olmalıdır. Bütün ərəbdilli ölkələrdə, 1- 2- 3 ... 1000-ə ( vahid , sani, sales və...əlf) deyilir.

İndi bir-iki- üç... Azərbaycan dilidirsə, deməli, Türkiyə ilə başqa türkdilli ölkələrin dilləri də türk yox, Azərbaycan dilidirmi?

Dünya dillərinin bir-birindən söz alıb verməsi qaçılmazdır, bu isə normal bir gedişatdır. Bütünlükdə açunca (dünya) ulusları özəl dilləri ilə tanınır.

Bu gün Azərbaycanın rəsmi dilində "mümkün qədər sadiq rəftar edib" = "Olduqca düzgün davranıb",eləcə də “ticarət əlaqəsi qurmayacaq” = al-ver etməyəcək" sayaq, feli çıxmaqla bütünlüklə ərəbcə sözlərdən qurulan bolhabol yanlış cümlələrə örnək olaraq “təvazökarlıq qürurun pəhrizidir” = “alçaqkönüllülük, dikbaşlıqdan çəkinməkdir”kimi bütünlükdə ərəb ilə fars dilləri sözlərindən qurulan yanlışlara göz yumarıqsa, o dillərdən alınmış, ancaq dilimizdə tam tərs anlamda (antonimsayaq) sözlərin işlədilməsi gerçəkdən ürək ağrıdandır.

Hələ BMTK (Bakı Modern Təhsil Kompleksi),eləcə də, “Müdafiə Nazirliyi” (Qoruculuq Baxanlığı) kimi dövlət qurumları, özəlliklə öyrətim ocaqlarının bütünlüklə ərəb, fars, rus, yunan, bir də latınca sözlərdən yararlanmalarına görə yazmaq istəsək, sözsüz ki, bu kələfin başı hələ-hələ açılası deyil.

"Prezident sərəncam imzalayıb" cümləsində bircədənə anadilimizin sözlərindən tapıb mənə bildirsəniz, ölüncə dil qonusunda danışmaram.

Dilimizdə tərsinə işlədilən alınma sözlərə keçmədən öncə, bir maraqlı məqama da toxunmaq istəyirəm; Dilçilərimiz, “ummaq” sözündən yaranmış “umud” sözünün nədən “ümid” kimi yazılmasına qərar veriblər!?

Bu düzgündürsə, deməli “umub küsüb”-ü də “ümib küsib” yazmaq olar.

Aşağıda Azərbaycan dilində gözə dəyər ən böyük yanlışların bir neçəsini qısa açıqlamalarla, bu qonunu bitirmək istəyirəm, ancaq umuram bu qısa yazı, uzun mübahisələr ardından ana dilimiz uğrunda yaxşı düzəlişlərə yol açsın.

1.Eramızdan əvvəl - hər bir ibtidai oxul uşağı da bilir ki, “era” zaman ölçüsü anlamında xristianların peyğəmbəri İsa Məsihin ad günündən başlanan tarix ölçüsü deməkdir. Azərbaycan dilində isə “era” İsa peyğəmbərin doğumundan günümüzədək olan dövrü deməkdir. Beləliklə, biz örnək üçün “100 il eramızdan əvvəl” deməməliyik. Bu ifadəni xristianlar iddia edə bilərlər, İsa peyğəmbər xırıstianlarındırsa, era da onlarındır, bu baxımdan bizim “eramızdan” deməyimiz yanlışdır.

Ən yaxşı halda, “eradan 100 il öncə” demək olar.

 

2.“ABŞ” - Amerika Birləşmiş Ştatları. Bu söz United States of America (USA)”-nın birbaşa türkcə, rusca tərcüməsindən yaranıb və yanlışdır. Əsasən “ştat” sözü “States”-in ruslaşmışıdır, doğma dilimizdə isə Amerika Birləşmiş Ölkələri (ABÖ) olmalıdır.

 

3.Tədqiqatçı - “tədqiq” sözü ərəbcə “dəqiqləşdirmək” deməkdir. Azərbaycanımızın ədəbi dilində isə “araşdırıcı” anlamında işlənir. Ola bilsin, mən bir qonunu araşdıram, ancaq yetərli bəlgə əldə edə bilmədiyimdən və ya hər hansı çatışmazlıqdan sonucunu dəqiqləşdirə bilməyəm, bu da o deməkdir ki, “tədqiqatçı”sözünü kəsinliklə “araşdırıcı, araşman” yerinə işlətmək yanlışdır.

 

 

4.Qida - Bu söz ərəbləşmiş türkcə “ğəza (غذا)”-dan götürülüb. Nəzərə gəlir ki, ərəb dilinə məxsus bir növ Z ( ذ ) hərfi türkcəmizdə çətin deyilişinə görə rus boğazlı dil alimlərimiz "d" hərfi ilə dəyişib və eləcə rus dilində "ə" ilə "ğ" hərfləri olmadığı üçün "i" hərfi ilə "ğ" hərfini dəyişib və sonda “ğəza” sözünü “qida”ya çeviriblər. Bir halda ki, əsasən “ğəza” sözü türkcə “ağız” sözünün müərrəbi yəni ərəbləşmiş versiyasıdır və həzm sistemi orqanlarının başlanğıc duravıdır (nöqtəsidir). Keçmiş Libi (Liviya) başqanı Müəmmər Qəzzafinin soy adını da "Qəddafi" demək də, bax elə bu rus boğazlı dilçilərimizin yanlış düşüncəsindən irəli gəlib. Vurğulamalıyam ki, ərəblər yeməyə, yaxud qidaya “təam”, farslar isə “xorak” deyirlər. Bir ehtimal da var ki, “ğəza” sözü fars dilində qəza ifadə olduqdan “yol qəzası” anlamına gələn “qəza” şəklində işlənir və bu sözlə yanlış düşməməsi üçün “qida” kimi tələffüz edilib, bu üzdəndə "qıda" tam yersiz və yanlışdır.

 

5. Mötərizə - Ərəb dilində “mötəriz”, “etiraz edən şəxs” deməkdir. Bildiyimiz kimi, ərəb dilindəki qrammatik cins kateqoriyasına görə, (müənnəs – müzəkkər və ya qadın-kişi (مونّث - مذکّر ), bir sıra kişi cinsindəki adların sonuna “ə” hərfinin artırılması nəticəsində qadın cinsi yaranır. Örnək üçün elə mənim öz adım olan Həbibin sonuna “ə” artırdıqda, Həbibə, eləcə də Həmid-Həmidə, Səid-Səidə habelə başqa adlar yaranıb. Bu qaydanı nəzərə alaraq “mötəriz”, “etiraz edən kişi, “mötərizə” isə “etiraz edən qadın” deməkdir. Elə isə “mötərizə” sözünün parantez () simgəsi ilə ilgisi nədir?! Üstəlik, sözün etimoloji cəhətdən anlamına, çalarına baxdıqda “mötərizə daxilində” ifadəsi olduqca gülüncdür.

 

 

6. Rəsmilər - dövlət adamları anlamında işlədilən “rəsmilər” sözü ərəbcə “müqavilələrin iki növdən birinin etirbalı olmaq surəti” anlamını verir. Azərbaycan dilində bu sözün antonimi (tərsi) isə “qeyri-rəsmi”dir. “Dövlət adamları” anlamında işlədilən “rəsmilər” sözü ərəb mənşəli olub bağlanan müqavilənin təsdiqlənmiş nüsxəsinə deyilirsə, antonimi “qeyri-rəsmi” etibarsız, dəyərsiz deməkdir.

 

7. Ətraf mühit - ərəbcə “ətraf” “çevrə”dir və sinonimi isə “mühit”dir. Beləliklə, öz ana dilimizdə “yaşam çevrəsi” yerinə “ətraf mühit” işlətməklə, sanki “çevrə-çevrə” deyirik.

 

 

8. Civarında - “civar” sözü də ərəb dilində “yanında, kənarında” anlamını daşıyır. Azərbaycanda isə “hüdud və dəyər” mənasında işlədilir. Qeyd: Azərbaycanda da ərəb dilindəki ifadə etdiyi anlamda işlənir.

 

9. Nəzdində - bu söz farsca “yaxınlığında” deməkdir, ancaq nədənsə Azərbaycanda “tabeliyində” anlamı daşıyır və Azərbaycan dilində də ona yaxın mənada işlənir. “Nazirlər Kabineti nəzdində”, yəni Nazirlər Kabineti yanında. Hər halda "nəzdində" ilə "tabeliyində" ana dilimizdə deyil, üstəlik çaş-baş bir anlamlarda işlənilir.

10. Həlakolub – “həlak, mohlek, həlakət” sözləri ərəbcə pis vəziyyətdə ölən və ya öldürülən şəxsə deyilir və “gəbərmək” anlamındadır. Bu ifadənin özəlliklə Vətən yolunda şəhid düşən igidlərimizə deyilməsi ən bağışlanmaz yanlışdır.

11. İstiqamət - ərəbcə “dözümlü” deməkdir, farsca "paydari," öz dilimizdə isə “yön”, “doğrultu”, habelə cümlədə işlənmə yerindən asılı olaraq “yan” da demək olar. 

Örnək: Bu yana get = Bu istiqamətdə get, Bu yöndə getməliyik = Bu istiqamətdə getməliyik.

12. İnşaat – “inşa” sözü də ərəbcə söz əkməkdir. Tikinti deyib yazarıqsa, kimsənin ağzı uçuqlayarmı?

13. Həsr edilib - bu söz ərəbcə “həsr, inhisar, münhəsir” sözlərindən götürülüb, dilimizdə “badamaq” və ya “çəpərdə saxlamaq” deməkdir. Örnək üçün, bir sıra dövlətlər, bəzi siyasi dustaqları öz evləri içində həbs edirlər. Buna fars dilində ərəb dilindən yararlanaraq “həsre xanəgi”, yəni “ev dustağı” deyirlər. Dilimizdə isə“ithaf” yerində işlədilir. Loru damğası vurulmazsa "sunmaq" yazılmalıdır.

14. Sərbəst - çılxa fars sözü olub, “başıbağlı”, yəni “qadağalı” deməkdir. Dilimizdə isə öz anlamı ilə tərsinə olan “özgür” yaxud “azad” anlamında işlədilir. Qadağalını özgür adlandırmaq düzgün deyil.

15. Cənginə - fars dilində “cəng” sözü, “savaş”, “müharibə” deməkdir. “Qıynağına, dirnağına, çənginə almaq” yerinə, “cənginə alıb” dedikdə, “savaşına alıb” anlamı daşıyır!

16. Arayış - Farsca “Arastən” sözündən götürülüb “bəzək” deməkdir. “Dəllək, bərbər və bəzəkçi” sözünün farscası da “arayişgər”dir. Azərbaycanca “izin” yerində işlədilir. (müvəqqəti arayiş= hələlik ənnik kirşanlanma). Yazıqlar olsun, bu gün “bəzənmə” sözünün də yerinə quzey Azərbaycanda “makiyaj” deyilir.

17. Xəstə - bu söz farsca “yorğun” deməkdir, artıq açıqlama gərəkmir.

18. Müsafir - ərəbcə “müsafir” sözü, dilimizdə “yolçu” "səfər edən"- dir. Bizdə sadəcə qonaq deyilir. “Peyğəmbər Əfəndimizin dilini öyrənmək fəxridir” deyə düşünən köhnə beyin Osmanlıların yanlış düşüncəsini mənimsəyən bir sıra Azərbaycan ziyalıları da hələ musafir də yox, missafir deyə həzz alanları necə başa salmaq olar ki, ağ boyaya bəyaz, qaraya siyah, çətirə şəmsiyyə deməsinlər. Yazıqlar olsun, ağızdolusu “maaləsəf” deyənlərə, gerçəkdən yazıqlar olsun!

19. Bərpa - farsca “ayaq üstə durmaq” deməkdir. Dilimizdə bir binanın, habelə hər hansı toplumun dağılmış hissəsini yenidən qurmaq anlamında işlədilir.

20.“Sultanzadə” – “sultan” kişi hökmdar, “zadə” isə “doğulmuş” deməkdir. Tarix boyu erkək cinsiyətli kişi deyilən hər hansı bir insan doğmayıb.

21. Tibb bacısı - ingilscə “nurse” sözü dilimizdə yoxsa, oğlanlardan o sahədə təhsil alıb işləyənlərə də rus dilli düşüncəsi ilə “tibb qardaşı” demək nə dərəcə düzgün ola bilər? Eləcə də, “Təcili Tibbi Yardım Xidməti” kimi ərəbcə dörd sözdən ibarət ifadənin yerinə qısaca olaraq “urjans”, “emergency” sözünü işlətmək, fikrimizcə daha doğru olardı.

22.Cihaz - ərəbcə “təchiz”, “mücəhhəz” türkcəmizdə “yaraqlı”, “silahlı” anlamındadır. Nədən dilimizdə “aparat”, “qurğu” mənasında işlədilir?

23. Mükafat - ərəb dilində pis işlərin üzündən cəza deməkdir, yəni mənfi işlərin nəticəsi. Dilimizdə isə “ödül” deməkdən yayınaraq, sözün mənasının tam tərsinə olaraq işlədilir.

24. Sadalama - Ərəbcədir və dilimizdə “səsləmək”, “ünnəmək”, “çağırmaq” deməkdir. Ancaq saymaq anlamında işlədilir!

25. Zülal - ərəb dilindən alınmış “dumduru” deməkdir, “göz yaşı kimi saf və təmiz su”. Biz isə polipeptid, protein və ya proteid - (protos: birinci, vacib) aminturşulardan ibarət bir və ya birdən çox sayıda uzun zəncirdən olan bioloji önəmli makromolekullar mənasında işlədilir.

26. Pərakəndə satış- “pərakəndə” sözü isə çılxa farsca və öz dilimizdə dağınıq deməkdir. Topdan satışın tərsinə işlədilən farsca türkcə pərakəndə satış mənə çatmır. Sizə necə?

27. Özündən müştəbeh – “özünü bəyənən”, “özündən razı qalan” mənasında işlənən bu söz, ərəbcə “özünə oxşar” deməkdir.

28. Kənd təsərrüfatı – “təsərrüf” zorla birinin mülkünü və ya varını qarmalamaq, əlindən almaqdır. Məhkəmə sistemində də “təsərrüf üdvani”, yəni ədavət və düşmənçiliklə birinin torpağını, dam-daşını yiyələnməkdir. Fikrimizcə, “kənd işləri” deyilsə, daha uyğun olar. Maldarlıqla məşğul olana ingiliscə dən fermer demk sayaq bir yanlış.

29.Bəsit – “inbisat”, “monbəset” ərəbcə “geniş” deməkdir. Qarşılığı da ərəbcə "qəbz"dir. Azərbaycanda isə yığcam anlamda gedir. Mararqlıdır ki, dilimizdə “sadə”, “mürəkkəb olmayan” anlamında da işlədilir.

30. Müdhiş - “mədhuş” ərəb dilində ləzzətdən, huşunu itirənə deyilir. Dilimizdə isə “möhtəşəm, əzəmətli” anlamını daşıyır.

31. Məmulat- ərəbcə “əməllər” - işlərin hasili, nəticəsi - və məhsulu deməkdir. Dilimizdə örnək olaraq, “Un məmulatları= Undan düzələnlər” anlamında işlədilir. Düşünürəm “məmulat” sözü yerinə “düzəlmişlər” işlətmək daha uyğundur.

32.“Katibə”yə “əlçi” deməkdən çəkinmənin nədəni bəlli deyil. Niyə yazı-pozu işlərini aparan qadın anlamında işlənməlidir?

33.Təzahür – “biclik, ikiüzlülük” deməkdir. Azərbaycanda isə “görkəm” anlamında, “üzə çıxma, göstərmə, özünü biruzə vermə” mənasında işlədilir.

34. Ünvan - ərəbcə “məqam, vəzifə, məsuliyyət” deməkdir. Dilimizdə “izlik, yaxud tapanaq” sözləri olduğu halda, ərəb mənşəli sözün işlədilməsi nə dərəcədə doğrudur?

35. Nida əlaməti ( ! ) – “nida” dini inanclarda tanrı vərindən peyğəmbərlərə və bəzi insanların könlünə düşən “vəhy”, deməkdir. Şaşqınlıq işarətinin vəhy ilə hansı ortaqlığı vardı?

36. İnkişaf - kəşf kökənli ərəb sözüdür. Doğrusu, dilimizdə “tərəqqi” sözünün sinonimi “gəlişmə” sözünün işlənməməsi düşündürücüdür.

37. Ziyarət - müqəddəs dini abidələrə (pir, ocaq...), habelə din alimlərinin görüşünə getməyə “ziyarət” deyilir. Dilimizdə isə adi insanlardan birinə baş çəkmək yerində də işlədilir. Öz dilimizdə görüş sözünə ərəbcə “ziyarət” deyiləndə, sanki daha samballı, eləcə də dadlı-duzlu olur!

38. Bərbad - farsca güclü kuləyə məruz qalmış, sökülmüş, uçub batmış tikintilərə deyilir. Bir sözlə, “dağılmış” deməkdir. 

Qeyd: Dilimizdə dağılmış, uçmuş, pozulmuş, çox pis, çox xarab mənasında işlədilir.

39. “Və s.” - “və” ilə “sayr” sözləri hər ikisi ərəbcədir. Fikrimizcə, “və s.” yerinə, “eləcə başqası” (e.b.) yazmaq gərəkdir.

40. Şəxsi – bu sözün əvəzinə “öz” sözünün daha işlək olması gərəkdir. Örnək olaraq bir çoxları yazırlar: “Yaşar şəxsi səhifəsində yazıb...”. Halbuki, “Yaşar öz səhifəsində yazıb...” işlənməsi daha məqsədəuyğundur.

41. Gümrah - farsca mürəkkəb söz olan“qomrah” (qom+rah) “qom” yəni “itgin düşən,”, “rah” isə “yol” deməkdir. Bütünlükdə, “yolunu itirən, düz yolundan yanılan və səhv yöndə gedən” deməkdir. Dilimizdə isə “qıvraq, sağlam, diribaş” mənasında işlədilir. Qeyd: 1918-ci ildən bəri “Şuralar Birliyi” çağında da öz dilimizdə təhsil alan aydınlarımızın modern əşyalarla bağlı yaratdıqları "soyuducu”, “tozsoran" sözləri "ipəzor" sayaq gülünc olmasa da, yanlışdır. Tozsoran təkcə toz sormur, daha doğrusu, süpürgənin işini elektrikdən yararlanaraq yerinə yetirir.

 

P.S: Mən 2000-ci illərdə sanal dünyası (sosial mediyalar) bu qədər yayğın olmamışdan qabaq Quzey Azərbaycana alverə və ya gəzməyə gələn tanışlardan, mənə deyəndə ki, “Bakıdan sənə nə gətirim?” cavabında yalnız kitab, gündəlik (qəzet) ilə dərgi istərdim. Bilirsiniz niyə? Çünki mən fars dilində oxumaqdansa, ana dilimizdə, hətta reklam karakterli dərgiləri belə oxumağı üstün tutardım. Bakıya son dönəm gəldiyimdə, bir gün iş yerimə gedərkən, Ayna Sultanovada yerləşən köşkdən “Millətçilik” qəzetinin 11 Oktyabr 2019-cu il tarixli 482-ci sayını aldım. 11 sözdən ibarət bir başlıq bölümdə feldən başqa qalan sözlər ərəb ilə latın kökənli, habelə rus dilindən alınma idi! Beləliklə, millətçi adını daşıyan “Millətçilik” qəzetini bu dərəcədə milli dilimizdən uzaqlaşmasını gördükdən sonra, Bakıda birinci - sonuncu qəzet almağıma gətirib çıxardı.

 

Həbib Sasanian (Yakamoz)

Bakı 6 May 2020  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam