Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Millət vəkilinin aptekində narkotik maddələr satılır?

 

Ötən ilin sonlarından sosial şəbəkədə tənqid hədəfinə çevrilmiş “Murad Farm” MMC-yə məxsus “Murad” aptekinin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də “Murad” aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.

"Xeberinfo.com":  Məlumata görə, Nazirliyin yaydığı açıqlamada qeyd olunurdu ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən yanvarın 21-də Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A saylı məhəllədə fəaliyyət göstərən (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama aparılıb.
Yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə “Murad Farm” MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.
Virtualaz.org saytı sosial şəbəkədə “məşhurlaşmış” bu apteklə bağlı araşdırma aparıb.

“Aptekin müştəriləri dərman almaq üçün dilənirdi…”

6APQeyd edək ki, “Murad” apteki metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşir. Stansiyanın ətrafında təmir-tikinti işləri aparıldığından ətraf binaların sakinlərinin yolu məhz aptekin qarşısından keçir.
Maraqlıdır ki, ərazi daha çox həbsxana həyətini xatırladır. Bütün mağazalarda dəmir barmaqlıqlar var, qapılardan iri qıfıllar asılıb. Daha bir maraqlı məqam isə mağazaların qapısında “apteklə bağlı məlumatımız yoxdur” məzmunlu elanların yapışdırılmasıdır. Aptekin üzərindəki elanlar isə sökülüb.
Yaxınlıqdakı mağazanın satıcısından aptekin nə vaxt açılacağını soruşuruq. “Siz də aptekin müştərisisinizmi” sualına “yox” cavabı verəndən sonra ətraf mağazaların satıcıları da ətrafımıza toplaşır.
Satıcıların sözlərinə görə, artıq bir ildir ki, aptek narkomanların oylağına çevrilib: “Bu ətraflarda dörd aptek var. Amma hamı bu aptekin qarşısına toplaşırdı. Bir gündə bəlkə də 400-500 adam gəlirdi. Əksəriyyəti də 15-25 yaşlı cavanlar idi. Səhər saat 9-dan başlayaraq aptekin qarşısında toplaşırdılar. Növbə ilə içəri girirdilər, 5-10 dəqiqədən sonra gözləri qızarmış halda çıxırdılar. Bəzilərinin yeriməyə heyi olmurdu, elə aptekin qarşısındaca otururdu. Həmin gənclər çox vaxt bizim mağazalara girib dilənirdilər. Pul verməyəndə isə qorxudurdular. Onlara görə nahara da gedə bilmirdik, oğurluq edəcəklərindən qorxurduq. 100 manata görə çörək mağazasını yarmışdılar. Ona görə də məcbur olub mağazalara dəmir barmaqlıqlar vurmuşuq. Aptek bir həftədir bağlanıb, amma həmin gənclər bura toplaşıb açılmasını gözləyirlər. Bəzən gün ərzində 50-60 adam aptek haqqında soruşur. Ona görə də elan vurmuşuq ki, bizi narahat eləməsinlər”.
Şikayətçilər deyir ki, cavanlar elə aptekdəcə dərman qəbul edirmişlər: “Neçə dəfə polisə müraciət etmişik, amma heç kim qorxusundan şikayət edə bilmirdi. Deyirdik axşam mağazanın şüşələrini qırarlar, ziyan vurarlar. Hamısı narkomanlardır, onlar yalnız dərmanı necə əldə edə biləcəkləri barədə düşünürlər”.
Qonşu mağazanın sahibi isə deyir ki, dilənməklə pul tapa bilməyənlər bloklarda qadınlara hücum ediblər: “Bir neçə dəfə bloklara girib qadınlardan pul tələb ediblər. Bəzən qadınlar ərazidən keçə bilmirdilər. Biz kömək edirdik. Axşam saat 9-da mağazalar bağlanırdı. Apteki də bağlayırdılar, amma səhərə kimi dal qapıdan dərman satılırdı”.
Satıcıların dediyinə görə, hətta rayonlardan da gəlib bu aptekdən dərman alırmışlar: “Bir neçə dəfə cavan uşaqlarla söhbət elədik. Biri Gəncədən, o biri Bərdədən gəlmişdi. Birinin 16, digərinin 17 yaşı vardı. Dedim ki, ay bala, cavansınız, özünüzə yazığınız gəlsin. Dedilər ki, “lomkanı” götürmək üçün dərman lazımdır. Sonra aptekin qarşısında uzandılar. Təxminən bir aydan sonra onlardan birinin öldüyünü dedilər”.
Şikayətçilər onu da qeyd etdilər ki, aptek satıcılarına dəfələrlə xəbərdarlıq ediblər: “Aptekin sahibi ər-arvaddır, satıcı isə kişinin bacısıdır. Kişi aylarla işə gəlmirdi, orada əsasən qadınlar işləyirdilər. Xəbərdarlıq edirdik, deyirdilər ki, “bizim arxamız güclüdür, hara istəyirsiniz şikayət edin”. Bundan sonra müştərilər bizi hədələyirdilər. Buna görə də dövlət orqanlarından yardım istədik”.
Satıcılar aptekin Ülvi adlı deputata məxsus olduğunu söylədilər: “Bizə aptekdən elə demişdilər. Deyirdilər ki, arxamızda Ülvi müəllim dayanıb. Dediklərinə görə, həmin şəxs deputat Ülvi Quliyevdir”.

“Lirika, “tramadol”…

7APAptekin qarşısında dayanmış cavanlara yaxınlaşırıq. Onlar da bu aptekdə istənilən dərmanın satıldığını təsdiqləyirlər: “Burada “Lirika” da, “tramadol” da satılırdı. “Tramadol”un bir həbi 80 qəpiyə idi. Amma “Lirika”nı bilmirik. Bu dərmanlar ağrını kəsir”.
“Bəs ağrısı olmayan yeniyetmələr niyə bu dərmandan istifadə edirlər” sualına maraqlı cavab alırıq: “Ağrımayan adam içir də bu dərmanı. Adamı tamamilə “söndürür”, elə bil ayaqların yerdən üzülür”.
Ətraf binaların sakinləri də dərman qəbul edən gəncləri elə bu cür təsvir edirlər: “Aptekdə digər dərmanlar ucuz satılırdı. Amma biz dərman almaq üçün növbəyə dayanırdıq. Gəlirdilər, dərman içəndən sonra səndələyirdilər, düz aptekin çıxışında uzanır, ya da çömbəlib otururlar. Bəzən blokun qarşısında yatırdılar. Aralarında məktəblilər də vardı. Ən pisi isə müştərilərin içində qızların olmasıdır. Bəzən blokda 3-4 oğlanın yanında bir qız uzanırdı. Kişilər onları qovurdular, gedib başqa blokda uzanırdılar. Bəzən də yalvarırdılar ki, onlara dəyməyək, özləri çıxıb gedəcəklər”.

Nazirlik: “Yoxlama apardıq, bəlli oldu ki…”

9APSəhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyəti şöbəsinin müdiri Pərviz Əzizbəyov virtualaz.org saytına bildirib ki, daxil olan şikayətlər əsasında aptekdə yoxlamalar aparılıb: “Apteklə bağlı şikayətlər daxil olmuşdu. Bundan sonra yoxlama apardıq və bəlli oldu ki, aptekdə satışı qadağan edilən dərmanlar satılıb. Bundan əlavə, yalnız reseptlə satışına icazə verilmiş psixotrop təsirə malik dərmanların açıq satıldığı aşkarlandı. Yoxlamaların nəticələri ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik, nazirlik isə yanvarın 21-də aptekin lisenziyasının ləğv edilməsinə qərar verdi. Yəni yoxlamalar zamanı apteklə bağlı daxil olmuş şikayətlər təsdiqini tapdı”.
P.Əzizbəyovun sözlərinə görə, yoxlama zamanı dövlət qeydiyyatına alınmayan 46 adda dərman preparatının satıldığı da bəlli olub: “Bu preparatlar müsadirə edildi. Bundan əlavə, aptekdə “tramadol” tərkibli həblərinin resepsiz satıldığı məlum olub. Doğrudur, “tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Amma həmin aptekdə bu dərmanlar hər kəsə satılıb. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur”.
Şöbə müdiri onu da qeyd etdi ki, “tramadol” tərkibli dərmanların istifadəsində yaş məhdudiyyəti qoyulub: ““Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. “Lirika” tərkibli dərmanların yan təsirləri isə daha çoxdur. Buna görə də Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətlərinin monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırılıb və dövlət qeydiyyatından çıxarıb. Bu həblərdən 17 yaşından aşağı uşaqlar istifadə edə bilməzlər. Amma həmin aptekdə bu dərmanın satışı aparılıb, üstəlik yaş məhdudiyyəti gözlənilməyib”.
P.Əzizbəyovun sözlərinə görə, “Murad Farm” MMC-yə məxsus iki aptek olub. Digər aptekdə də yoxlama aprılıb. Lakin orada nöqsanlar aşkarlanmayıb. Buna baxmayaraq o aptek də nəzarətdə saxlanılır.
8AP“Murad Farm” MMC-nin rəhbərliyi məsələ ilə bağlı izahat verib. İzahatında qanunsuz dərman satışından xəbərsiz olduğunu göstərməklə psixotrop dərman satan satıcının işdən kənarlaşdırıldığını qeyd edib: “Bu yenə də firmanın rəhbərini məsuliyyətdən kənarlaşdırmır. Biz səlahiyyətimiz çərçivəsində lisenziyanı ləğv etdik. Digər qurumlar da araşdırma apararsa, cinayət tərkibinin olub-olmadığını müəyyənləşdirə bilər”.
Xatırladaq ki, internetdə “tramadol” və “lirika” həbləri ilə bağlı yetərli məlumat var. Məlumatlarda qeyd olunur ki, həmin həblər narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsir göstərir.
Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilir ki, “Lirika”, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq-mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gəlinən sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq “Lirika” və “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda “Tropin” və “Midriasil” dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.
Onu da qeyd edək ki, Respublika Narkoloji Mərkəzinə müraciət edən xəstələrin əksəriyyəti narkotik maddələrlə yanaşı sedativ və hallüsinogen təsirə malik dərman vasitələrindən istifadə edib.
Ən çox rast gəlinən dərman vasitələri isə oftalmalogiyada istifadə olunan neyropatik ağrıkəsici olan “Lirika” (preqabalin) preparatıdır. “Lirika” (preqabalin) qıcolma əleyhinə təsir göstərən, neyropatik ağrıkəsici xüsusiyyətinə malik olan dərman preparatıdır. Maksimal sutkalıq doza 600 mq-dır. Dərman eyforiyaya səbəb olur və hərdən qavrama pozğunluğu (illuziya, hallüsinasiya) yaradır. Narkotik maddə ilə birlikdə qəbulu narkotik maddənin narkogenik xüsusiyyətini artırır. Bu həblər “şəxsiyyətin deqradasiyası”na gətirib çıxarır. Buna görə də bu dərmanlar olduqca təhlükəli hesab edilir.

P.S. Bu yazıda səslənən fikirlərlə bağlı deputat Ülvi Quliyevlə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam