Laçın klinikasında dələduzluq
Klinikaya hər müraciət edən kişi “nakişi” çıxarılır. Bu klinikaya inansaq, ölkədə kişilər kütləvi şəkildə “impotensiya və infeksiya qurbanına” çevrilib!!!
“…Mənə dedi ki, yoxdan var yaradacam, səni övlad sahibi edəcəyəm. Bir bankada dərman verdi, hər gün buğda yeməyimi məsləhət gördü. Bir də deyirdi ki, mənə inanıb təyin etdiyim müalicəni axıradək davam etdirməlisən, yoxsa müalicənin təsiri olmayacaq…”
"Xeberinfo.com": Bunu virtualaz.org saytına hər gün reklam olunan “Laçın” klinikasına elə reklamda deyildiyi kimi, övlad sahibi olmaq üçün müraciət etmiş Biləsuvar rayon sakini, 27 yaşlı Rəvan Aydın oğlu Mehdiyev deyir.
Rəvan deyir ki, “Laçın” klinikasında müayinə və müalicəsinə 7-8 ay ərzində 4 min manat xərcləyib, amma nəticə olmayıb, üstəlik sağlamlığını da itirib.
“Laçın” klinikasının baş həkimi Behnam Kazeminin xəstələrin başına açdığı oyundan danışan Rəvan Mehdiyev bu tibb müəssisəsindən ona dəymiş zərərin ödənilməsini tələb edir: “Reklamda deyilir ki, “Laçın” klinikası Azərbaycanda sonsuzluğu müalicə edən yeganə tibb müəssisəsidir, oranın baş həkimi Behnam Kazemi isə dünya şöhrətlidir, kişi sonsuzluğunun müalicəsində tayı-bərabəri yoxdur. Ötən ilin avqustunda klinikaya getdim, müayinə etdilər. Kazemi atama dedi ki, müayinələrin bu nəticələri ilə sənin oğlun ata ola bilməz, mən isə yoxdan var yaradacam. Azərbaycanda məndən başqa həkim bunun müalicəsini bilmir. Mənə də bərk-bərk tapşırdı ki, mənə inan, inanmasan müalicələrin nəticə verməyəcək.
Biz müalicədən sonra nəticələr bircə faiz də dəyişsəydi belə hətta evimizi də satıb Behnama verməyə hazır idik. Hətta atam dedi ki, sən mənə nəvə ver, mən sənə nə qədər istəsən pul verəcəm. Yəni belə razılıq əldə etmişdik”.
Bəs Rəvan Mehdiyevin şikayətçi olduğu Behnam Kazemi kimdir?
“Yoxdan var yaratmaq” kimi möcüzələrə “qadir olan” B.Kazemi Cənubi Qafqaz dövlətləri arasında tanınmış mütəxəssis, Amerika və Kanadada yüksək ixtisasa yiyələnmiş həkim, Fransa, İran, ABŞ mükafatçısı kimi reklam edilir. Hətta tibb portallarında da B.Kazemi nüfuzlu universitetlərin məzunu kimi təqdim olunur.
Bu həkimlə bağlı yazılanlara diqqət yetirin: “Sonsuz ailələrə övlad “paylayan” “Laçın” klinikası Amerika Birləşmiş Ştatlarının Androloqlar İttifaqının filialı kimi fəaliyyət göstərir”.
Amma xatırladaq ki, internetdə ABŞ-da belə bir ittifaqın varlığına dair məlumat yerləşdirilməyib.
Digər reklam rolikində isə klinikanın baş həkimi terapevt-androloq Behnam Kazeminin Cənubi Qafqaz dövlətləri arasında ilk dəfə həmin ittifaqın həqiqi üzvü seçildiyi bildirilir. Belə çıxır ki, reklamda iddia edildiyi kimi, ABŞ-ın tanınmış qurumu əvvəl filialının açılmasına razılıq verir, sonra filialın rəhbərini üzvülüyə qəbul edir.
Baş həkimin Amerika-Kanada təhsilli mətəxəssis olduğu da yazılıb. Amma hansı ali təhsil ocağının məzunu olduğu qeyd edilmir, diplomunun surəti təqdim olunmur. Hərçənd ki, belə bir diplom olsaydı, B.Kazemi ən azından onu burun-boğaz həkimi olduğuna dair iddialardan sonra ortaya çıxarardı.
Bu arada deyək ki, baş həkimin titulları bununla bitmir. O, Fransada endokrinologiya, ABŞ-da daxili xəstəliklər üzrə sertifikatların sahibi kimi təqdim edilir.
“Laçın” klinikasının internetdəki reklamında isə yazılıb ki, B.Kazemi hazırda sonsuzluğun etimologiyası üzrə elmi iş üzərində çalışır. O, bu elmi işi ilə azərbaycanlı kişilərin kişilik problemləri üzrə adlı-sanlı professor olacaq.
Amma qeyd etmək yerinə düşər. Ondan şikayətçi olan xəstələr deyirlər ki, “şöhrətli” həkim xəstələrini dərmanlarla deyil, daha çox dədə-baba üsulu ilə müalicə edir. B.Kazemi hətta “eşşək südünə sarımsaq qatmaqla qızdırmanı salan” fatmanisələri bəyənməyən azərbaycanlı həkimləri tənqid atəşinə tutur. Xəstələrini inandırmağa çalışır ki, bitki qarışığı və buğda kişi sonsuzluğunun müalicəsində dərmandan daha təsirlidir:
“Birinci dəfə müayinə və müalicələrə 1500 manata yaxın xərclədim. Kazemi mənə masaj da daxil olmaqla müxtəlif terapeyalar təyin etdi. Sonra bir bankada otdan və buğdadan hazırlanmış dərman verdi. Dedi ki, kimyəvi tərkibli dərmanlarla bədənini zəhərləmə, mən hazırladığım dərman daha təsirlidir. Mən də bankadakı dərmana əlavə 100 manat pul ödədim. Masaj aparatlarına isə bir kurs üçün hər birinə ayrılıqda 100 manat ödəyirdim. Başımdan tutmuş barmaqlarıma kimi masaj olunurdum. Deyirdilər ki, bu aparatlar əsəbləri sakitləşdirir. Müalicədən sonra 10 gün ara verib təkrar müalicəyə başladım” – deyə R.Mehdiyev həkim xalatı geymiş çağdaş şeyxnəsrullahların əməllərindən söz açır.
Rəvan Mehdiyev
Bakıdakı əyləncə mərkəzlərinin birində “Laçın” klinikasında olan masaj aparatına təsadüfən rast gələn Rəvan Mehdiyev şübhələnir və təkrar analiz vermək qərarına gəlir: “Analizlərdə nəticə dəyişməmişdi. Məni təkrar müalicəyə yazdı, dərmanlar təyin etdi. Təyin etdiyi dərmanlar yalnız Behnam Kazeminin işlədiyi firmalardan alınmalı idi. Deyirdi ki, mən yalnız bu firmanın dərmanlarına etibar edirəm. Dərmanlar isə adi aptekdə satılan dərmanlardan baha idi. Bir reseptə 250-300 manat verirdim”.
7-8 aylıq müalicədən sonra Bakıdan yaşadığı rayona – Biləsuvara dönən Rəvan Mehdiyev orada xəstələnir və rayondakı diaqnostika mərkəzində müayinə olunur: “Müalicəm yenicə bitmişdi. Fikirləşdim ki, rayonda da təkrar analiz verim, axı Kazemi hər dəfə yaxşılaşdığımı, nəticələrin dəyişdiyini deyirdi. Analiz verdim və bəlli oldu ki, nəticələr dəyişməyib. Amma qanımda mikrob tapıldı. Rayonda məni müayinə edən həkim dedi ki, bu mikrobu müalicə etmədən bütün müalicələr əbəsdi. Yəni kişi sonsuzluğunun müalicəsi ilə məşğul olan ən savadsız androloq belə bu mikrobun nəticələrə təsir etdiyini bilməli idi. Amma Kazemi bunu bilməyib. Bundan sonra “Laçın”da aldadıldığımı başa düşdüm”.
R.Mehdiyevin sözlərinə görə, bundan sonra “Laçın” klinikasına gedərək aldadıldığını demək istəyib: “Dedilər ki, Kazeminin qəbuluna düşmək üçün 30 manat verməlisən, sonra təkrar analizlər verib bu nəticələri göstərməlisən. Çünki Kazemi digər klinikaların nəticələrini tanımır. Belə çıxdı ki, etiraz etmək mənə üstəlik 300-500 manata başa gəlməlidir”.
Şikayətçi onu da vurğulayır ki, B.Kazemi reklamla tora saldığı xəstələri şirin dili ilə ümidləndirir, ilk gündən 300-500 manatını alır. Sonra isə “yoxdan var yarada bilmədim, görünür, Allah qismətinə övlad yazmayıb” deməklə yaxasını kənara çəkir: “Orada söhbət etdiyim digər xəstələr dedilər ki, ona nəyi isə sübut etmək çətindir. Deyir ki, Allahdan qismətin belə imiş, vəssalam.
Onun atama verdiyi yağlı vədlər, dediyi şirin sözlər məni ümidləndirmişdi. Bir də reklamda elə tərifləyirdilər ki, yaxşı mütəxəssis olduğuna inanmışdım”.
R.Mehdiyev məhkəməyə müraciət edərək klinikadan onlara ödədiyi pulların qaytarılmasını tələb edəcək: “Mənə nəticələrin dəyişdiyini deyərək aldadırdılar. Analizlərin cavabını, təyin etdiyi dərmanları, müalicə üçün ödədiyim pulların qəbzlərini saxlamışam. Bizim həkimlər onun yazdığı dərmanlara güldülər. Özünü güclü həkim kimi təqdim edən Kazeminin andrologiya haqqında məlumatı yoxdur. Mənə sonsuzluğun müalicəsi üçün təyin etdiyi bahalı dərmanlar vitamin imiş. İndi ödədiyim pulları geri istəyirəm…”
Şikayətçinin dilə gətirdiyi bu iddialara “Laçın” klinikası rəhbərliyinin münasibətini öyrənmək istəsək də oradan xəstələrə verilən “savadlı” izahlardan biri ilə rastlaşdıq.
Klinikanın cavabı belə oldu: “Buyurun nazirliyinizdən (Mətbuat Şurasını nəzərdə tutur-red.) razılıq sənədi gətirin, münasibət bildirək. Yoxsa danışmırıq”.
Bunun qarşılığında nəsə demək artıq olardı. “Nazirlikdən” razılıq almaq vaxt tələb etdiyindən (səlində buna ehtiyac da yoxdur) qarşı tərəfə yalnız cavab vermək haqqının olduğunu xatırlatmaq istərdik.
Bir də onu demək istərdik ki, övlad sahibi olmaq istəyən ailələri aldatmaqla məşğul olan klinika yeni reklamı ilə bütün Azərbaycanı barmağına dolayıb. “Biz laqeydlik kimi bəlanı müalicə edirik” – klinikanın yeni reklamında yer alan bu ifadə əks halda başqa necə izah oluna bilər?
Nəzərə alırıq ki, indi bazar iqtisadiyyatıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs kimi özəl klinikalar da istədiyi formada özünü reklam edə bilərlər. Onların hətta Azərbaycanda reklam bazarının nəzarətsizliyindən istifadə edib nağıl danışmaqları da başadüşüləndir. Klinikanın reklamlarla əhaliyə psixoloji təsir göstərdiyini nəzərə alsaq, belə laqeydliyin xəstəlik kimi təqdim olunmasına haqq qazandırmaq mümkün deyil.
Tibbi ixtisas olaraq andrologiya kişilərdə cinsi problemlərlə məşğul olur. Öz ölkəsində burun-boğaz həkimi işləyən B.Kazemi kişilərin bu problemini laqeydliyin müalicəsi ilə necə aradan qaldırır?
Adi tibbi savadı olanlar bilirlər ki, andrologiya ixtisasına urologlar və dəri-zöhrəvi həkimləri yaxındırlar və yalnız onlar bu işlə məşğul ola bilərlər.
Əslində B.Kazeminin yoxdan var yaratmaq kimi möcüzəsinə təəccüblənmək lazım deyil. Burun-boğaz həkiminin androloq işləməsinin, kişi sonsuzluğunun buğda dənəsi ilə müalicə etməsinin özü özlüyündə bir möcüzədir…
Belə möcüzələri əsrlər əvvəl avam camaatın cibini soymaq üçün min oyundan çıxan “şeyx”lər, cindarlar “arpanı divara yeritməklə” göstərərdi. İndi XXI əsrdir. Sanki heç nə dəyişməyib. Amma yox, deyəsən, dəyişiklik, “inkişaf” da var. Arpanı buğda əvəz edib…
xeberxetti.com