FHN-nin şöbə müdirinə korrupsiya ittihamı
Saday İsayev: “İşlədiyim müddətdə məzuniyyətə çıxmamışam, həmin günlərin kompensasiyasını isə Ehtiram Rüstəmov vermir”
"Xeberinfo.com": Müharibə veteranı, 1995-ci ilin aprel ayından 2011-ci ilin fevral ayınadək Fövqəladə Hallar Nazirliyinin Laçın rayon yanğından mühafizə bölməsində baş şofer vəzifəsində işləmiş, Laçın rayon Qarqışlaq kəndindən məcburi köçkün, hal-hazırda Ağcəbədi rayon Taxta körpü qəsəbəsi 552-də yaşayan İsayev Saday Şura oğlu üzləşdiyi problemlə əlaqədar FHN rəhbəri Kəmaləddin Heydərov və baş prokuror Zakir Qaralova müraciət edərək, üzləşdiyi problemin həllinə köməklik göstərilməsini istəyir.
JAM.Az-a müraciət edən sözügedən şəxs qeyd edir ki, işlədiyi müddət ərzində hər il mənə veriləcək növbəti məzuniyyətdən tamamilə istifadə etməyib. Lakin Laçın rayon yanğından mühafizə bölməsinin rəisi polkovnik leytenant Rüstəmov Ehtiram Cəlal oğluna dəfələrlə müraciətinə baxmayaraq, səlahiyətlərində sui istifadə edərək icra etmir. “O, mənə istifadə etmədiyim məzunuyyətin əvəzinə pul kompensasiyası ödəməkdən imtina edir. Nəzərinizə çatdırıram ki, həmin dövrdə bizim pul kartlarının vaxtı bitməmiş Laçın rayon yanğından mühafizə bölməsinin rəisi polkovnik leytenant Rüstəmov Ehtiram Cəlal oğlu bizdən qəbul etdi (yığdı) və bizə bir müddətdən sonra yenisin verdi, bu səbəbin ciddi araşdırılması məqsədilə daha dəqiq Beynalxalq bankın rəhbərliyindən bizə ödənilmiş, pullar haqqında çıxarış tələb edin, bu zaman həqiqət üzə çıxacaq. Siz bu araşdırmaları aparmadan necə olur ki, belə yalnış cavab yazırsınız, sonda isə ədalətsiz, korupsiyaya batmış polkovnik leytenant Rüstəmov Ehtiram Cəlal oğlunun tərəfin saxlayırsız ki, digər işçilərində gələcəkdə yeyib dağıtsın”.
Laşından olan məcburi köçkün tələb edir ki, bu barədə ciddi araşdırma aparılsın və ona Fövqəladə Hallar Nazirliyində xidmətdə olduğu dövrdə istifadə etmədiyi növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi haqqında Laçın rayon yanğından mühafizə bölməsinə göstəriş verilsin. “Qeyd etmək istəyirəm ki, mənə 18.01.2014-cü il tarixdə FHN-dən yalnış ərizə yazılaraq bildirilib ki, mən xidmət dövrümdə məzuniyyət pulları ilə təmin olunmuşam, ancaq bu düzgün cavab deyil, belə ki, mən xidmət dövründə məzuniyyət pulu ilə təmin olunmamışam, kimsə rəhbərliyi aldatmaqla məşğuldur, belə ədalətsizliyə son qoymaq lazımdır. Sonda qeyd edirəm ki, qısa bir zamanda mənim istifadə etmədiyim məzuniyyət pullarım ödənilməsə məhkəməyə müraciət edəcəm”.