İRAN ƏHALİSİNİN 60-70 FAİZİ DİNİ REJİMİN ƏLEYHİNƏDİR –Azərbaycan 1-2 milyonluq qaçqın axını ilə üzləşərə bilər

İranda baş verən kütləvi etirazlar fiziki olaraq sərhədləri aşmasa da, bütün regionda və ondan kənarda ciddi rezonans doğurub. Hadisələri təhlil edən STEM analitikləri qeyd edirlər ki, bu proseslər Qafqazdan Yaxın Şərqə, Vaşinqtondan Təl-Əvivə qədər geniş coğrafiyanı narahat edir. Onların fikrincə, İranda başlayan böhran köhnə siyasi sistemin çökməsi ehtimalını gündəmə gətirir və bu da Fars körfəzində, Cənubi Qafqazda və daha geniş regionda güc balansının dəyişməsinə səbəb ola bilər.
Analitiklər bildirirlər ki, Azərbaycan–İran sərhədi sadəcə coğrafi xətt deyil, iki fərqli dünyanın təmas nöqtəsidir. Onların sözlərinə görə, 2026-cı ilin yanvar ayının ortalarında, 2025-ci ilin dekabrının sonunda başlayan etirazlar hakimiyyətin sərt cavabı və internetin bloklanması fonunda tədricən səngiyir. Bununla belə vurğulanır ki, Tehran rejimi dəfələrlə davamlılıq nümayiş etdirsə də, ayaqda qalmaq hər zaman siyasi qələbə anlamına gəlmir.
Məlumatlara görə, yanvarın 14-nə etirazlar Tehrandan Əhvaza və Təbrizə qədər olmaqla İranın bütün 31 vilayətini əhatə edib. Qeyd edilir ki, proseslər iqtisadi ümidsizlikdən başlayıb: rialın hiperinflasiya səviyyəsinə enməsi, yanacaq və ərzaq qiymətlərinin kəskin artması, idxal subsidiyalarının azaldılması cəmiyyətdə narazılığı artırıb. Lakin tezliklə şüarların sosial-iqtisadi tələblərdən siyasi çağırışlara keçdiyi bildirilir. HRANA və Human Rights Watch təşkilatlarının məlumatlarına istinadən qeyd olunur ki, artıq 2500-dən çox insan, o cümlədən uşaqlar həlak olub, 16 mindən artıq şəxs saxlanılıb.
Ekspertlər bildirirlər ki, rejim İslam İnqilabı Keşikçiləri Korpusunu və “Bəsic” qüvvələrini səfərbər edərək baş verənləri ABŞ və İsrailin təşkil etdiyi “xarici təxribat” kimi təqdim edir. Prezident Məsud Pezeşkianın, islahatlar vəd etsə də, məsuliyyəti əsasən xarici düşmənlərin üzərinə atdığı vurğulanır. Buna cavab olaraq Donald Trampın “güclü addımlar” barədə xəbərdarlıq etdiyi və hərbi variantların nəzərdən keçirildiyini bildirdiyi xatırladılır. Eyni zamanda mühacirətdə olan Reza Pəhləvi kimi fiqurların rejim dəyişikliyinə çağırışlarının diaspora və ölkə daxilində müəyyən rezonans yaratdığı qeyd olunur.
Qeyd olunur ki, etirazlar İran üçün xroniki xarakter alıb. 2009-cu ildə “Yaşıl hərəkat”, 2017–2018-ci illərdə sosial-iqtisadi etirazlar, 2019-cu ildə benzin böhranı, 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatı bunun nümunələridir. 2025-ci ilin iyununda İsrail və İran arasında baş verən qısa, lakin intensiv müharibənin də rejimin legitimliyini ciddi şəkildə sarsıtdığı vurğulanır. Sorğulara görə, əhalinin 60–70 faizinin teokratik sistemi dəstəkləmədiyi bildirilir.Ekspertlər qeyd edirlər ki, bütün problemlərin mərkəzində iqtisadiyyat dayanır. Sanksiyalar səbəbilə neft ixracının kəskin azaldığı, 2025-ci ildə ÜDM-in 10–15 faiz daraldığı, inflyasiyanın isə 50 faizi keçdiyi bildirilir. Əhali su, elektrik və iş qıtlığı ilə üzləşir. Gənc və savadlı əhali üçün real perspektivlərin olmadığı vurğulanır. Rusiya və Çinin dəstəyi isə sanksiyaların təsirini tam aradan qaldırmaq üçün yetərli hesab edilmir.
Analitiklərin fikrincə, İranın zəifləməsi onun regiondakı proksi qüvvələrinin – “Hizbullah” və husilərin fəaliyyətini azalda bilər ki, bu da neft bazarında risklərin azalmasına gətirib çıxarar. Citi analitiklərinin hesablamalarına görə, mövcud böhran artıq neftin qiymətinə 3–4 dollar əlavə edib. Lakin eyni zamanda iğtişaşların əsas neft bölgələrinə yayılması və Hörmüz boğazının bağlanması riski qiymətlərin kəskin sıçrayışına səbəb ola bilər.

Azərbaycan üçün nəticələrin ikitərəfli olduğu bildirilir. Əsas risk kimi 1–2 milyon nəfərlik mümkün qaçqın axını göstərilir. Bununla yanaşı, normallaşma halında yeni nəqliyyat və enerji layihələrinin açılacağı, Azərbaycanın regional tranzit mərkəzinə çevrilə biləcəyi vurğulanır. Türkiyə və Avropa üçün isə yeni miqrasiya böhranı riski qeyd olunur.
Sonda analitiklər bildirirlər ki, islahatlar olmadan İran iqtisadiyyatının staqflyasiya və hiperinflasiya riski ilə üz-üzə qalacağı gözlənilir. Bununla belə, rejimin repressiya, təbliğat və güc strukturlarının sədaqəti hesabına yenə də ayaqda qala biləcəyi istisna edilmir. Qeyd olunur ki, Donald Tramp real addımlara keçməzsə və etirazlar zəifləyərsə, mövcud sistem öz mövqelərini müvəqqəti də olsa qoruya bilər.(Azpolitika)










AZ
RU