Yenixeber.org: Son zamanlar nəqliyyat vasitələrində yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadə halları artıb. Sıxılmış qazdan tək Azərbaycanda deyil, eyni zamanda, xarici ölkələrdə də istifadə olunur.

Ancaq avtomobillərə qaz balonunun quraşdırılması, xarici ölkələrdə olduğu kimi, xüsusi mərkəzdə deyil, kustar şəraitdə həyata keçirilir. Bunun üçün sürücülər bu işlə məşğul olan sexlərə müraciət edirlər. Hazırda Azərbaycanda avtomobillərin CNG ilə işləməsi üçün avadanlıqları tam təhlükəsiz quraşdıran mərkəzlər yoxdur. Bu cür qurğular müxtəlif sexlərdə, xüsusi avadanlıqlar vasitəsilə deyil, kustar üsulla quraşdırılır ki, bu da olduqca təhlükəlidir, qaz balonunun partlaması ciddi fəsadlara yol aça bilər. Təbii ki, belə olan halda, peşəkarlar tərəfindən avtomobillərə qaz balonu quraşdırılmadıqda nəticə xoşagəlməz olur. Bu səbəbdən də ekspertlər avtomobillərə qaz balonunun quraşdırılması üçün xüsusi sivil, standartlara uyğun mərkəzin yaradılmasının vacib olduğunu bildirirlər.

Nəzərə almaq lazımdır ki, digər yanacaq növləri ilə müqayisədə avtomobillərə qaz balonunun quraşdırılması həm sürücülərə maddi baxımdan sərf edir, həm də ekologiyaya zərər yetirmir.

Nəqliyyat məsələləri üzrə ekspert Şahin Camalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xüsusi sertifikata malik olmayan sexlərin kustar üsullarla avtomobillərə qaz balonu quraşdırması düzgün deyil, bu iş xüsusi nəzarətə götürülməlidir:“Avtomobillərə qaz balonlarının quraşdırılması ilə bağlı bir neçə şirkət fəaliyyət göstərir. Məndə olan məlumata görə, Türkiyənin bir neçə şirkəti bu sahə ilə bağlı Bakıda nümayəndəlik açıb. Avtomobillərin qaz balonu ilə təchiz olunması xüsusi qaydada həyata keçirilməlidir. Bu işin kustar formada həyata keçirilməsi olduqca təhlükəlidir. Nəzərə almaq lazımdır ki, qaz olduqca təhlükəlidir. Aidiyyəti dövlət qurumları avtomobillərə qaz balonunun quraşdırılmasına nəzarət etməlidirlər”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sıxılmış qaz kifayət qədər səmərəli və təhlükəsiz bir yanacaq növüdür: “Ona görə də heç bir problem olmadan dünyanın hər yerində tətbiq olunur. Bir çox dövlət hazırda nəqliyyat vasitələrində, xüsusən ictimai nəqliyyatda sıxılmış qaz yanacağına keçir. Avropada kütləvi surətdə sıxılmış qazla işləyən mühərriklərə keçilir”.

Ə.Hüseynov hesab edir ki, müvafiq texnologiyalara düzgün riayət olunsa, avadanlıqlar keyfiyyətli quraşdırılsa və onlara normal qulluq edilsə, CNG ilə işləyən avtomobillərin heç bir xüsusi təhlükəsi olmaz: “Məlumat üçün onu da bildirim ki, ekoloji cəhətdən sıxılmış qaz ən yaxşı göstəricilərə malikdir. Onun içərisində təhlükəli maddələr yoxdur”.

Həmsöhbətimiz vurğuladı ki, bu yanacağın digər bir üstünlüyü də ondan ibarətdir ki, sıxılmış qazla işləyən avtomobil məsafəni qət etmək üçün daha az yanacaq sərf edir. Burada sadəcə texnoloji qaydalara dəqiq riayət olunmalıdır ki, sonra bir fəsad yaranmasın.

Ekspert söhbət əsnasında onu da qeyd etdi ki, dünyanın hər bir yerində bu sistemdən istifadə edirlər. Artıq avtobusların çoxu sıxılmış qazla işləyir. Bu sistemdə önəmli yer tutan məsələ təhlükəsizlikdir: “Birincisi sistemin quraşdırılması, yanacağın çatdırılmasıdır, digəri isə qapalı ərazilərdə həmin avtomobillərin saxlanmasına aiddir”.