Yenixeber.org: 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34  min ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu. Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 353,1 min ton olub. Bu ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə 57,4 min ton (keçən il 49,6 min ton) quş əti istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 567,8 min baş olub.
Bu isə əhalinin tələbatını ödəmir. Azərbaycan ət idxalından asılıdır. Ət istehsalının azalması, həm də qiymət artımına gətirib çıxarır. Hökumət 100 minlərlə hektardan çox örüş və təbii biçənək sahələrini əkin üçün istifadəyə verdi. Əvəzində isə həmin ərazilərdə taxıl və pambıqçılığın inkişafı nəzərdə tutuldu. Örüş sahələri olmadığından heyvandarlıq aşağı düşdü. Eyni zamanda, yem istehsalını artırmaq, keyfiyyəti yaxşılaşdırmaq ikinci plana düşdü. Azərbaycanda istehlak bazarında ətin bahalaşmasının əsas səbəbləri daxili istesalın azlıq təşkil etməsi və ölkənin idxaldan asılı olmasıdır.
Hazırda ölkədə tədarük olunan pambığın həcmi onu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlərə çatılmayıb. Kənd Təsərrüfatı Nazirliyinin noyabrın 15-nə olan məlumatına əsasən ölkədə 176 min ton pambıq tədarük olunub. Halbuki, 250-300 min ton pambıq tədarükü nəzərdə tutulmuşdu. BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatının (FAO) verdiyi rəsmi məlumata görə dünya bazarında ətin qiymətində son dövrlər enmə müşahidə olunur. Əsasən iyul ayından başlayan proses hazırda davam edir. Belə ki, 2017-ci ilin oktyabr ayında ətin qiymət indeksi 172.7 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1.6 bənd və ya 0.9 faiz aşağıdır. Ucuzlaşma əsasən donuz və qoyun ətinin satışında qeydə alınıb. Konserviləşdirilmiş mal ətinin qiymətində isə nisbi artım baş verib. FAO-nun verdiyi məlumata görə quş ətinin qiyməti sabit olaraq qalıb.
Məhərrəmliyin başa çatması və toy mövsümünün başlaması ilə əlaqədar istehlak bazarında ətə olan tələbatın artacağı gözlənilir. Qarşıdan gələn Yeni il bayramı isə qiymət artımına əlavə stimul verəcək. Ona görə də ətin bahalaşmaqda davam edəcəyi ehtimalı yüksəkdir. Dünya bazarında ətin qiymətinin ucuz olmasına baxmayaraq, Azərbaycana idxal olunan ət və ət məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır. Ekspertlərin fikrincə bu, ət biznesi bir qrup inhisarçının nəzarətində olması ilə bağlıdır.
İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda Azərbaycanda ət məhsullarının qiyməti əhalinin alıcılıq qabiliyyəti xaricindədir: "Doğrudur, sosializm iqtisadiyyatını təbliğ etmirəm. Amma o dövrdə hansısa iqtisadi layihəni, siyasəti yürütməkdən ötəri elmi-tədqiqat institutları bunun üzərində işləyirdi. Alimlər məsələ ətrafında balansı, dəqiq rəqəmləri, gələcək perspektivləri əldə etdikdən sonra layihəni irəli sürürdülər. Çox təəssüflər olsun ki, indiki dövrdə bir çox dövlət nəzarət orqanları hansısa bir layihəni digər nəzarət orqanları, eləcə də tədqiqat institutları ilə məsləhətləşməmiş, dolğun tədqiqatlar aparmadan ölkə başçısının masasına çıxarırlar.
Sovet dövründə pambıqçılığa çox önəm verilib. Pambığın xeyrini də, ziyanını da görmüşük. Hazırda Azərbaycanda ət məhsullarının qiyməti əhalinin alıcılıq qabiliyyəti xaricindədir. Əksər vətəndaşlarımız ət ala bilmir. Belə olduğu halda bunun təhqiqatı mütləq aparılmalı idi. Hindistan, Özbəkistan kimi nəhəng dövlətlər var ki, pambığın istehsalını və idxalını yüksək səviyyədə həyata keçirir. Pambıq çox çətin əmələ gələn məhsuldur. Sovet vaxtında pambıq yığımını həyata keçirmək üçün komsomol və partiya məktəblərindən, tikintidən dəstə formasından insanlar cəlb olunurdu. Baxmayaraq ki, pambıqçılıq yüksək səviyyədə təbliğ olunurdu, amma proses yenə də ziyanla gedirdi. Yəni, öz dəyərini ödəmirdi.
Yaxın keçmişdə Türkiyə ilə Rusiyanın münasibətləri korlanmışdı. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına ehtiyacı olduğu bir vaxtda Azərbaycan bu boşluğu tam doldura bilmədi. Çünki vaxtilə bu işlərə gələcək proqnozları təhlil edə bilmək qabiliyyəti olmayan bünövrəsiz tədbirlər həyata keçirilib. Türkiyə ilə Rusiyanın münasibətləri bərpa olundu və bu boşluq dolduruldu. Azərbaycan pambıq istehsalı ilə perspektivdə həmin nailiyyəti əldə edə bilməyəcək. Pambıq və heyvandarlıq cütlüyündə balanslaşdırılmış siyasət irəli sürülməyib”.
Ekspert hesab edir ki, hər bir layihəyə kompleks şəkildə baxılmalıdır: "Azərbaycanda vəziyyətə nəzər salsaq, görərik ki, hansı dövlət nəzarət orqanı bu layihəni işləyib üzə çıxardırsa, yaxın keçmişə nəzər salır. Baxır ki, yaxın keçmişdə pambıq əkmişik, elə buna da qərar verirlər. Əslində, pambıq əkilib-becərilməlidir, yığımı və satışı təşkil olunmalıdır. Pambıqçılığın inkişafı üçün torpaq ayrıldı, əkin təmin olundu. Bu, çox gözəldir. Bəs bunun yığımını kim təşkil edəcək? Artıq dövr dəyişilib. İndiki gəncləri heç bir halda sahəyə güclə çıxarıb pambığı yığdırmaq olmayacaq. Əgər kilosuna 5 manat versələr, mən də iqtisadi təhlillərimi Bakıda saxlayıb, bir tarlada günə 100 kilo pambıq yığmaqla 500 manatı əldə edərəm. Amma pambığın kilosuna 5 manat verən yoxdur. Qiyməti o dərəcədə azdır ki, heç əziyyətinə dəymir. Bir işi görməzdən öncə ilk növbədə onun iqtisadi dəyərini qiymətləndirmək lazımdır.
Heyvandarlıqda proses başqa cürdür. Bura örüş sahəsi ayrılsa, ziyansız bir sektor sayılır. Heyvandarlıq nöqteyi-nəzərdən Türkiyə də idxaldan asılıdır. Əgər Azərbaycan bu sektoru kompleks şəkildə düzgün həyata keçirə bilsəydi, ət idxal edib ölkəyə valyuta gətirə bilərdi. Hər bir şeydə əziyyətsiz yolu seçmək lazımdır.
Vaxtilə Azərbaycanda kondisioner zavodu fəaliyyət göstərirdi. Bu gün biz istəsək də, o boşluğu doldura bilmərik. Hazırda Azərbaycan nə İranla, nə Türkiyə, nə Rusiya, nə Koreya, nə də ki, Çinlə rəqabət apara bilməz. Demirəm ki, pambıq da bu qəbildən olan məhsuldur. Strateji nöqteyi-nəzərdən hazırda taxıl təhlükəsziliyini təmin etmək olar”.
Ətin kilosu 20 manat...
Fuad İbrahimov deyib ki, Azərbaycanda qiymətəmələgəlmə prosesində boşluqlar var: "İdxalının artması yaxın aylarda ətin kilosunun 20 manata qədər olmasını qaçılmaz edir. Ət biznesi inhisarçılıq altındadır. İnhisarçılıqda belə bir məqam var ki, bazarı yoxlamaq üçün qiymət artımı etmək olur. Nəticədə inhisarçılar bazarı araşdıracaq, istehlakçının reaksiyasını öyrənəcəklər. Reaksiyaya uyğun olaraq görsələr ki, restoranlarda və digər iaşə obyektlərində, eləcə də sıravi istehlakçılarda ət alışında azalma yoxdursa, ətin qiyməti artırıla bilər”.