Gözəllikdən uzaq “Yeddi gözəl”
Qəbələ rayonundakı “Yeddi gözəl” şəlaləsində eyni adlı kafedə bir gözəllik görmədim
“Xeberinfo.com”: Turizm Azərbaycan insanının ağrılı yerlərindəndir. Tanrının qismət elədiyi gözəl məkanlar, istirahət üçün göydəndüşmə zonalar ölkə insanı üçün əlçatmaz olaraq qalmaqdadır. Həm mətbu müstəvidə, həm də ictimai arenada bu problem dəfələrlə qaldırılıb. Problemin detalları qabardılıb, ondan çıxış yolları haqqında təkliflər səslənib. Xüsusi ilə son illər Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır, tədbirlər keçirir. Hətta bu sahədə beynəlxalq təcrübədən yararlanmağa cəhdlər də görünür. Amma nə fayda, bu turizm deyilən nəsnə düzəlmir ki, düzəlmir.
Elə bu yaxınlarda bəndəniz də daha bir turizm obyektinin yumşaq desək, qüsurlarının şahidi oldu. Söhbət Qəbələ rayonunda “Yeddi gözəl” şəlaləsində eyni adlı kafedəki biabırçı durumdan və xidmətdən gedir.
İlk öncə qeyd edim ki, kafenin reklamda əsas magistraldan 3 km kənarda olduğu göstərilsə də, əslində belə deyil. Göstərilən məsafənin həqiqət olmaması bir yana, “Yeddi gözəl”ə aparan yol müştərini elə yoldaca peşiman edir. Nehrə kimi çalxalanan maşın isə 100% ustalıq olur. Nə isə...
Əzablı yollarla “Yeddi gözəl”ə yetişirik. Döğrusu bu məkanın nədən şəlalə adlandırılmasını təəccübsiz qarşılamaq olmur. Sadəcə daşların üstündən bir cığırla su axır... Əgər “Yeddi gözəl” şəlalədirsə, bəs onda İlisu şəlaləsi nədir?
Bütün bunlar bir yana, əsas məsələ bu ərazidə eyni adlı-Yeddi gözəl-kafesinin özfəaliyyətidir. Kafedəki antisanitariya, xidmətdəki qeyri-peşəkarlıq və bunun qarışılığında kəllə-çarxa çıxan qiymətlər səbəbindən müştərilər az qala “Yeddi gözəl”ə tövbə etməli olurlar. Burada qiymətlərin yüksəkliyi deyiləsi bəla deyil. Başa düşmək olmur ki, hansı səbəbdən, hansı xidmətin qarışılığında?
Daha bir maraqlı fakt: ofisianta hesabımızı yazılı şəkildə-müvafiq qaydada gətirməsini xahiş etdim. Uzun sürən gözləmədən sonra adı, mənşəyi, kimə, hara mənsubluğu bilinməyən bir Qaimə Faktura gətirdi(?) (Bu kağız parçasının şəkilini görürsünüz.) Bunun nə demək olduğunu Vergilər Nazirliyinin əməkdaşları daha yaxşı bilər.
Ümumiyyətlə maraqlı, həm də təəccüblüdür, aidiyyatı dövlət orqanları nədən Yeddi gözəl kimi xidmət obyektlərini görmək istəmirlər? Yoxsa, Vergilər Nazirliyinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin,
Gigeyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dövlətdən hansı səbəbdən maaş aldıqlarının fərqində deyillər?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.
Rüstəm