Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Medianın “ekstrasensliyi”:jurnalistin fantaziyaları

Medianın “ekstrasensliyi”:

 

Hüquq elmləri doktoru, professor İlham Rəhimov və biznes-ledi Ruhi Əliyeva haqqında şəxsi mülahizə və fərziyyələrini, ehtimallarını “proqnoz” edib, həqiqət kimi camaata sırımaq vicdansızlıqdan başqa bir şey deyil

 

Yenixeber.org: Aprelin 21-də bakipost.az saytında “İlham Rəhimovun mirası uğrunda savaş başlayıb – Ruhi və oliqarxın qızları arasında… (Şok təfərrüat)” başlıqlı yazı dərc olunub. Sonra digər saytlar da ehtimallar və fərziyyələr əsasında hazırlanmış bu yazını böyük həvəslə tirajlayıblar. Söhbətin nədən getdiyi elə yazının başlığından məlumdur. Təbii ki, Rusiya prezidenti V.Putinin dostu kimi tanınan, hüquq elmləri doktoru, professor İlham Rəhimovu və vaxtilə istedadlı müğənni kimi, hazırda isə biznes-ledi kimi tanınan Ruhi Əliyevanı kimsəyə tanıtmağa ehtiyac yoxdur.

Aydın məsələdir ki, jurnalistlər şou-əhlinin nəinki şəxsi həyatını, hətta hər addımını, nə yediyini, nə içdiyini, kimə salam verdiyini, kimdən salam aldığını və s. işıqlandırmağa həvəslidirlər. Elə şou-əhli özü də bundan çox xoşhal olur. Hətta onları tənqid edəndə də, gündəmdə olduqları üçün sevinirlər. Yəni, ya zəlzələdən, ya da vəlvələdən, fərqi yoxdur, təki gündəmdə qalsınlar. Bəs, bakipost.az-ın yuxarıda qeyd etdiyimiz yazısında kimlərin şəxsi həyatına müdaxilə ediblər? Hüquq elmləri doktoru, professor İlham Rəhimov və onunla vaxtilə vətəndaş nigahında yaşamış Ruhi Əliyeva isə hər halda şou-əhli deyil. Ruhi xanım vaxtilə bu sahə ilə məşğul olsa da, neçə illərdir biznes fəaliyyətinə keçib. Təbii ki, mən şəxsən Ruhi Əliyevanı tanımıram və heç bir ünsiyyətimiz də olmayıb. Amma eşitdiklərimə və bildiklərimə görə R.Əliyeva biznes fəaliyyəti ilə yanaşı, böyük xeyriyyəçilik işləri də həyata keçirir və bunu heç yerdə reklam etdirmir. Yəni, “sağ əlin verdiyini, sol əl bilməməlidir” prinsipi ilə biznes-ledi ona müraciət edənləri naümid qaytarmır. Deməli, bu xanım artıq şou-əhli olmaqdan çoxdan çıxıb və bu səbəbdən bir xanım olaraq, onun şəxsi həyatına müdaxilə yolverilməzdir. O cümlədən, hüquq elmləri doktoru, professor tanınmış ziyalı İlham

 

Rəhimovun şəxsi həyatını gündəmə gətirmək, heç bir etik normalara sığmır. Məgər, jurnalistin başına mövzu qəhətdir? İ.Rəhimovun Azərbaycanın maraqları üçün tələbə yoldaşı olan V.Putindən bəhrələnib gördüyü işlər ölçüyəgəlməzdir. Bəs, bu qədər işləri bakipost.az-ın əməkdaşları görmür? Elə son vaxtlar Rusiyadakı Azərbaycan disporasını birləşdirən ÜAK-ın ləğv edilməsinə qarşı İ. Rəhimovun apardığı mübarizə də mətbuatın gündəmindədir. Bu kimi qlobal məsələləri bir kənara qoyub, gərək elə o boyda ziyalı bir insanın şəxsi həyatını gündəmə gətirsinlər? El dilində buna “arvadların qeybəti” deyirlər. Jurnalist tanınmış ziyalı, iş adamı söhbəti ortaya çıxanda, belə cılızlıqlardan uzaq olmalıdır. Dediyim kimi, şəxsi həyatı ilə gündəmə gəlmək, şou-əhlinin peşə borcudur. Jurnalist adını daşıyan həmkarlarımız əlinə qələm alanda, indiki halda barmaqlarını klaviaturaya yaxınlaşdıranda, fikirləşməlidir ki, kimdən və necə yazmalıdır? Eyni zamanda onu da fikirləşməlidir ki, bu mövzu ilə mən nə demək istəyirəm və nə qazanıram?

Hazırkı variantda həmin jurnalist, ya İlham Rəhimovun, ya da Ruhi Əliyevanın ətrafından sızan (əgər belə bir şey doğurdan da olubsa- E.M) kiçik bir söhbəti şişirdib mətbuatda işıqlandırmaqla, özünü sensasiya yaradan qəhrəman kimi hesab edib. Əslində isə, məsələnin mahiyyətini dərindən fikirləşən, mentelitetimizi nəzərə alan hər kəs həmin jurnalisti və saytı lazımınca qınadılar. Çünki tanınmış ziyalı bir adamın şəxsi həyatı digərlərinə maraqlı deyil. Axı belə insanları biz həmişə nüfuzlu, sayılıb-seçilən, az qala ideal bir insan kimi tanıdığımızdan, onların şəxsi həyatını da beləcə ideal hesab edirik. Aydın məsələdir ki, ideal insan yoxdur və hər kəsin həyatda müəyyən səhvi ola bilər. Bu səhvlər həmin insanların şəxsi həyatıdır və bundan dövlətə, xalqa, ictimaiyətə heç bir ziyanı yoxdur.  Bəs nədən iki şəxsin arasında nə vaxtsa yaranmış anlaşılmazlıq və sonradan bu anlaşılmazlığa işıq salınaraq, birgəyaşayışa körpü atılması kimlərisə narahat edir?

Bakipost.az saytı bu yazısı ilə, mən deyərdim ki, indiyə qədər qazandıqları nüfuzlarını heçə endirdi. Niyə? Gəlin, onların yazdıqlarından bəzi məqamlara diqqət kəsilək: “Müğənni, biznes-ledi Ruhinin (Ruhiyyə Əliyeva) həyatında yeni bir səhifə açılıb. Sənətçinin uşaqlarının atası, Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla barışdığı xəbəri yayılıb.” Bildiyimiz kimi, Azərbaycan ailəsində hansısa bir söz-söhbət olanda ağsaqqal, ağbirçək araya girir və həmin ailəni “uşaqlarınız var” - deyib, barışdırmağa çalışırlar. İlham Rəhimovla Ruhi Əliyeva arasında da əgər bu gün isti münasibət yaranırsa, böyüyən əkiz uşaqlar öz ataları ilə birgə olacaqlarsa, burada nə qəbahət iş var və bunun mətbuatda yayılması nəyə lazımdır?

İ.Rəhimovun Ruhi xanımdan ayrılandan sonra Rəbiyyət Aslanova ilə ailə qurmasını bakipost.az-ın xüsusi ilə qabartması, yenə də bir azərbaycanlı xanımın unutmaqda olduğu yaranı təzələməkdir. Kimə lazımdır bu?

 

 

 

Yazıdan da aydın olur ki, İ.Rəhimovun R.Əliyevadan olan əkiz uşaqların artıq 6 yaşları var. Bu uşaqlar ataları ola-ola nəyə görə yaşıdlarının arasında atasız kimi görünməlidirlər? Axı vaxtilə vətəndaş nigahlı ilə bir yerdə yaşayıblar və bu birgə yaşayışdan əkiz uşaqlar dünyaya gəlib. Sonradan ailədə baş verən anlaşılmazlıq (belə fikir ayrılıqları çox ailədə olur- E.M.) onların ayrılmasına səbəb olub. Tutaq ki, hər ikisi öz səhvlərini başa düşüb və yenidən bir yerdə, yaşamasalar da, uşaqlarının atasız böyüməsini istəməyiblər. Yəni, uşaqlar bu ailəni barışdıracaq yeganə amildir. Niyə buna xeyir-dua verməyək? Əksinə, bakipost.az–ın əməkdaşı az qala ginekoloqluq edərək, Ruhi Əliyevanın dünyaya uşaq gətirmək qabiliyyətinin olmadığını və sonradan uşaqlarının necə olmasını, mən deyərdim, bütün etik normaları pozmaqla gündəmə gətirib. Eyni zamanda bir qadının analıq duyğularını ələ salıblar.  Ayıb deyilmi? Yazıdan sitat: “Hətta onlar ayrılandan sonra professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan məlumatlarda Ruhinin uşağa qalmasının mümkün olmadığı bildirilirdi. Amma bu informasiyalar özünü doğrultmur və Ruhi əkiz oğlan dünyaya gətirir”.

İndi özünüz təsəvvür edin, tanınmış bir xanım haqqında bu ifadələri yazmağı jurnalist özünə necə rəva bilib? Bu ictimailəşməsi vacib olan məlumatdırmı? Xüsusi ilə bu xəbərin bir başı, qeyd etdiyimiz kimi, tanınmış ictimai xadim İlham Rəhimova bağlıdırsa, onda həmin məlumatın əhəmiyyəti tamamilə zay olur. “Professora yaxın çevrədən mətbuata ötürülməsi şübhə doğurmayan” ifadələri isə bakipost.az–ın lap “ekstrasenslik” bacarığını ortaya qoyur. Elə bil jurnalist professora yaxın çevrənin içində olub və hər şeyi də öz gözləri ilə görüb. Müəllifin özünün də şübhə ilə yanaşdığı həmin ifadələri yazmaq birincisi, jurnalist qələminə, ikincisi isə özünə hörmətsizlikdir.

Bakipost.az-ın əməkdaşı “ekstrasensliyini” davam etdirərək yazır: “Ona görə də İ.Rəhimovun onun hamiləliyinə inanmadığı halda, Türkiyəyə gedərək orada əkizləri doğur”. Sual olunur: Məgər, İ.Rəhimov Ruhi Əliyevanın hamiləliyinə inanmadığını həmin jurnalistin yanındamı demişdi? Bilirsinizmi, hansı sahədə olursan ol, insan gərək həddi aşmasın. Söhbət iki nəfərin şəxsi hisslərinə aiddirsə, məşhur məsəldə deyildiyi kimi, burada üçüncü artıqdır. Ancaq bu “üçüncü” isə, nəinki iki nəfərin arasına girib, hətta onların şəxsi ailə həyatını ictimailəşdirib. Bu isə, şəxsi həyata icazəsiz müdaxilə olduğu üçün cinayət məsuliyyəti yaradır. İnanmıram ki, hüquq elmləri doktoru, professor, hüquq sahəsində bir çox kitabların müəllifi olan İ.Rəhimov konstitusiyanın ona verdiyi bu hüquqdan istifadə edib, həmin jurnalistin cəzalandırılması üçün məhkəməyə müraciət etməklə onu şərəfləndirsin. Axı professor belə bir jurnalistin səviyyəsinə enəcək qədər xarakterə malik deyil. Amma həmin jurnalist də açıq qapı və məscid məsələsini unutmamalı idi. Özü də jurnalist açıq şəkildə bildirir ki, Ruhi Əliyeva bu mövzuda bakipost.az-a açıqlama vermək istəmədi. Bəs belə olan surətdə nə əsasla bir azərbaycanlı xanımın şəxsi məsələsini jurnalist ictimailəşdirir? Axı yuxarıda da qeyd etdik ki, şəxsi həyata icazəsiz müdaxilə cinayət məcəlləsində öz əksini tapıb.

“Qaşınmayan yerdən qan çıxartmaq” istəyən bakipost.az-ın jurnalisti yenidən birgə olmağa çalışan ailəyə sanki badalaq vurmaq istəyir. Yenə də jurnalist “ekstrasenslik” edərək “ölməyən ayının dərisini bölüşdürməklə” məşğuldur. Aşağıda sitat kimi təqdim etdiyimiz abzası diqqətlə oxuyun. Görün, bu ifadələrin ictimailəşməsi düzgündürmü? Jurnalist bütün etik normaları, azərbaycanlı ailəsinin adət-ənənələrini bir kənara qoyaraq, olmayan savaşdan, varislik uğrunda mübarizədən söhbət açır. Özü də bütün bunları jurnalist “deməyə əsas verir ki”, “əgər bu, baş verərsə”, “istisna edilmir”, “proqnozlaşdırmaq çox da çətin deyil…” kimi ehtimal və fərziyə doğuran ifadələrdən istifadə etməklə yazıb.

Sitat: “İndisə İ.Rəhimov təzədən Ruhiyə qayıdıb, uşaqlarını himayəsinə götürüb. Amma gələn informasiyalar deməyə əsas verir ki, bu vüsal çütlüyə yenə də tam xoşbəxtlik vəd etmir. Çünki ortada yeni bir konflikt ocağı yaranmaqdadır. Məsələ varislik uğrunda savaşdan gedir. Milyarderin birinci ailəsindən iki qızı var və İ.Rəhimovun varidatının hazırda varisləridir. Ruhidən olan əkiz oğlanlar isə hələlik rəsmi şəkildə atalıq himayəsinə götürülməyib, əgər bu, baş verərsə, o halda milyarderin mirası üstündə həngamə qopacağı, varislik mübahisəsinin yaranacağı istisna edilmir.

Baxmayaraq ki, hələlik tərəflər arasında isti münasibətlər hökm sürür: varis qızlar Məhəmməd və Həsən kimi uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər qururlar. Ancaq həmin o şirin “kuklalar” rəsmi övladlığa götürüləndə, yəni varis olanda bu oyunun necə davam edəcəyini proqnozlaşdırmaq çox da çətin deyil…”

Göründüyü kimi, müəllif əsl “eksrtasenslik” etməklə məşğuldur. Təsəvvür edin, jurnalist özü də qeyd edir ki, İ.Rəhimovun birinci ailəsindən olan iki qızı “uşaqlara maraqlı tapıntı kimi baxırlar. Onlar ailəlikcə tez-tez görüşüb, məclislər qururlar”. Əgər bu qızlar ata bir qardaşlarına bir bacı kimi münasibət göstərib, birlikdə olurlarsa, sevinib-gülürlərsə, uzun illərin həsrətindən sonra hər bir bacının arzuladığı qardaşı onlara tale bəxş edibsə, niyə dava açmalıdırlar ki? Müəllif dəfələrlə İ.Rəhimovu “oliqarx”, “milyarder” kimi təqdim edirsə, niyə fikirləşmir ki, onun maddi sərvəti nəinki iki qıza və iki oğula, hələ bundan sonra neçə nəsilə də bəs edər? Belə olan surətdə görəsən jurnalist hansı ağılla gələcəkdə varsilik təsdiq olunandan sonra başlaya biləcək savaşı proqnozlaşdırır? Bunu yalnız ağlı dayaz adamlar fikirləşə bilər. Əgər İ.Rəhimov övladlarına atalıq etmək missiyasını boynuna götürübsə, kimin nə ixtiyarı var ki, belə bir böyüyün üzünə ağ olub, varislik davası açsın? Bəlkə də həmin jurnalistin ailəsində, yaxınlarında belə hal baş verib, bu, mümkündür. Amma özünün şəxsi mülahizə və fərziyələrini, ehtimallarını “proqnoz” edib, həqiqət kimi camaata sırımaq vicdansızlıqdan başqa bir şey deyil. Əgər jurnalistin İ.Rəhimovun əkiz oğlanlarına sahib çıxıb, Ruhi xanımla isti münasibətlər yaratması haqqında yazdıqları həqiqətdirsə, onda burada məşhur atalar sözünü xatırlatmaq yerinə düşər: “Ətlə dırnağın arasına girən iylənib çıxar”.

Elçin MƏMMƏDLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam