“ÖZÜMÜ İLHAM RƏHİMOVDAN QAT-QAT ÜSTÜN SAYIRAM…” –Vəkil bu dəfə professoru hədəfə götürdü
“İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu açıq nümayiş etdirmişəm”
Xeberinfo.com: Son vaxtlar aqressiv davranışları ilə diqqəti çəkən vəkil Aslan İsmayılov bu dəfə iş adamı, professor İlham Rəhimovu hədəfə götürüb.
O, “Bakipost.az” saytına müsahibəsində AXCP sədri Əli Kərimli, Müsavat lideri İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov, BAXCP sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının lideri İlyas İsmayılov və digərləri ilə yanaşı İlham Rəhimovla bağlı da sərt, hətta təhqiramiz fikirlər səsləndirib.
“Mən özümü İlham Rəhimovdan qat-qat üstün sayıram” – deyə, hüquqçu professoru aşağılayan A.İsmayılov, bir qədər də irəli gedərək bildirib: “İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu açıq nümayiş etdirmişəm”.
Xatırladaq ki, bir müddət əvvəl BAXCP sədri Qüdrət Həsənquliyevlə İlham Rəhimov arasında mətbuatda qarşılıqlı ittihamlar səslənəndə, A.İsmayılov ikincinin müdafiəsinə qalxmışdı. Bu səbəbdən Q.Həsənquliyevlə onun arasında kəskinləşən münasibətlər məhkəmə çəkişməsinədək irəliləyib. İndi A.İsmayılov İlham Rəhimovun özünü aşağılayır və onu ittiham edir. Buna səbəb İ.Rəhimovun onu müdafiə etməməsini göstərir. Müsahibədən sitat:
“Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!”
A.İsmayılov daha sonra bildirib ki, sonuncu görüşlərində bu barədə İ.Rəhimovun özünə də deyib: “Görüşəndə dedim. O isə dedi ki, əşi boş ver, məhkəmə söhbətləri boş seydi. Elə bu da mənim xətrimə dəydi. Ola bilər səninçün boş seydi, amma axı mənə ağızlarına gələni deyirlər… Onun imkanları, işçiləri var. İstəsə mənə olan hücumların qarşısını aldıra bilər. Qalmışam bir ordunun qabağında tək. Bu qədər təhqirlərə dözmək elə bilirsiz asandı? Ola bilsin o ifadələrə layiq olanlar üçün bu asandır. Mən özümü zorla saxlayıram. İki oğlum var, onları da zorla saxlayıram. Xaricdə yaşasalar da zorla qarşılarını alıram. Arada istəyirəm, gedib öldürəm o alçaqları. Bu da mənə yaraşmaz”.
A.İsmayılovun hər tərəfə xaotik “atəşlər açdığı” müsahibəsində ən diqqətçəkən məqamlardan biri isə odur ki, o, bu qədər aşağılamadan sonra İ.Rəhimovu müdafiə etməyə də cəhd edib, lakin…Sitat:
“Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik…”
“AzPolitika”ya daxil olan məlumatlara görə, A.İsmayılovun çox yaxın münasibətlərdə olduqları İ.Rəhimova bu hücumları təsadüfi deyil. Belə ki, bu yaxınlarda onların münasibətləri pisləşib. Buna səbəb, A.İsmayılovun özünün də etiraf etdiyi kimi, İ.Rəhimovdan umduğu maddi-mənəvi dəstəyi görməməsi olub. “İlham Rəhimov onu yanından qovub”, deyə mənbə bildirir.