100-ə yaxın ev su içində: Əhali çarəsiz durumda - Xocasəndə (FOTOLAR)
Binəqədi rayonunun Xocasən qəsəbəsindəki Ruslan Allahverdiyev küçəsinin sakinləri acınacaqlı durumla qarşılaşıblar.
Xeberinfo.com: Qəsəbə hündür təpələrin əhatəsində yerləşdiyindən sel suları həmin ətrafda yerləşən yaşayış sahələrinə axır, nəticədə böyük göllər əmələ gətirir. Məhəllə dörd tərəfdən təpələrin əhatəsində olduğundan vaxtaşırı yağış suları çökəkliyə doğru axır, evlər su altında qalır. Bundn əlavə ərazidə neft çıxarıldığından yaşayış evlərinin bir addımlığında mazut gölləri əmələ gəlib. Ətrafda bataqlıq və neft iyindən durmaq olmur. Sakinlər təmiz hava belə almağa həsrət qaldıqlarını deyilər. Bütün bunlara baxmayaraq, aidiyyatı qurumlar bu problemin həllinə çalışmır. Məhəllədə əhali öz vəsaitləri hesabına kanalizasiya sistemi çəksə də, ancaq yetərli olmayıb.
Qəsəbə sakini, II qrup Qarabağ əlili Gəray Ebişov “Yeni Müsavat”qəzetinin əməkdaşına deyib ki, evinə kifayət qədər zərər dəyib: “Yaşadığımız küçədə suyun ziyan vurmadığı ev qalmayıb. 100-ə yaxın ev kanalizasiya və qrunt suları atında qalıb. Yağış suları təpələrdən axıb, evlərin içərisində göl yaradıb. Otaqların içərisində 30-40 santimetr dərinliyində gölməçə yaranıb.Yağış yağmayanda belə qrunt və mazut sularının axıntısı daim olur. Camaat motor vasitəsi ilə suyu xaric ediblər. Hər tərəf su içərisindədir. Uşaqlar məktəbə yol tapıb gedə bilmir. Sel suları o qədər dərin göl yaratmışdı ki, hərəkət edə bilmirdik. Məcbur qalıb, daşlardan yol düzəldib, üstü ilə hərəkət edirik. Evə axan göl suları lazımı sənədlərimizi yararsız hala salıb”.
Qəsəbə sakinləri bu problemlərin kanalizasiya sisteminin nasazlığında yarandığını və bu problemin heç kimi maraqlandırmadığını dedi: “Sonuncu yağan yağışda sakinlər evlərinə girə bilmirdilər. Sel suları evlərinə dolmuşdu. İki gün öncə burada vəziyyət acınacaqlı idi. Həmin vaxt gəlsəydiniz camaatın necə zülm çəkdiyini gözlərinizlə görərdiniz. Göl suyu o qədər dərin idi ki, arx qazıb kənara yönəldə bilmədik. Onlarla evə zərər dəydi. Camaatın əşyaları, döşəməsi gölməçə içində idi. Bir çox ailə nəmişlik səbəbindən bir müddət qonşusunun evində qalıb. Dəfələrlə aidiyyatı qurumlara müraciət eləmişik. Bu ərazilərdə kanalizasiya sistemi var, ancaq kifayət etmir. Sel suları o qədər çox axır ki, kanalizasiya sistemi daşır. Bu yaxınlarda bələdiyyə və FHN əməkdaşları da gəlib, əraziyə baxış keçirdilər. Heç bir iş görmədilər. Burada o qədər də çətin iş yoxdur. Yol kənarı ilə arx qazıb, borular qoymaq lazımdır ki, axan sular o borular vasitəsi ilə xaric edilsin. Təəssüf ki, bu işlər görülmədi. Bu qədər insan bu xəstəliyin, rütubətin içində yaşayır”.