Medianın İnkişafı Agentliyi:Media azadlığı, yoxsa mərkəzləşdirilmiş nəzarət?
Son illər Azərbaycanda media siyasəti ciddi dəyişikliklərə məruz qalıb.
Yenixeber.org: Keçmiş Mətbuat Şurası ləğv olundu, Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Yeni qurumun yaradılması bəzi ümidlər doğursa da, çox keçmədi ki, bu ümidlər ciddi suallar və narahatlıqlarla əvəz olundu. Bugün isə cəmiyyətin müxtəlif təbəqələrində bu qurumun fəaliyyəti ilə bağlı açıq tənqidlər səsləndirilir – haqlı olaraq.
Qurumun məqsədi və real fəaliyyəti arasındakı uçurum
MEDİA Agentliyi rəsmi olaraq media mühitinin inkişafı, jurnalistlərin peşəkar fəaliyyətinə dəstək, informasiya təhlükəsizliyi və informasiya mühitinin sağlamlaşdırılması kimi hədəflər daşıyır. Ancaq praktikada bu məqsədlərin yerinə yetirildiyini demək çətindir. Son dövrlərdə bir sıra xəbər saytlarının bağlanması, onların “qərəzli informasiya yaydığı” iddiası ilə məhkəməyə verilməsi, informasiyanın sərbəst dövriyyəsinə açıq şəkildə maneə kimi qiymətləndirilə bilər.
Cəmiyyətin diqqətini çəkən məqamlardan biri də odur ki, Agentlik kimə, hansı media qurumuna qarşı sərt mövqe tutur, kimləri isə müxtəlif adlarla – mükafat, maliyyə dəstəyi, layihə qəbulu və s. – “seçib” önə çıxarır. Bu isə haqlı olaraq sual doğurur: MEDİA media azadlığı üçünmü çalışır, yoxsa azad medianı nəzarət altına almaq üçün alətəmi çevrilib?
Rəhbərlik kimə və nəyə xidmət edir?
Agentliyin icraçı direktoru Əhməd İsmayılovun fəaliyyətinə gəlincə, burada da ciddi suallar var. Əhməd İsmayılov media sahəsində karyerası ilə tanınan şəxs deyil və onun bu sahədə dərin təcrübəsi də yoxdur. Belə bir şəxsin media siyasətini müəyyən edən quruma rəhbərlik etməsi, özü-özlüyündə sual doğurur. Və bugünkü gedişat bu sualların əbəs olmadığını sübut edir.
Əgər bir rəhbər, əvvəlki dövrlərin rüsvay olmuş fiqurları – məsələn, Vüqar Səfərli və ya Əflatun Amaşov kimi – “nümunələrlə” eyni xətti davam etdirirsə, bu, sadəcə şəxsi ambisiya deyil, eyni zamanda dövlət siyasətinə zərbədir. Vüqar Səfərlinin başçılıq etdiyi “Jurnalistlərə ev” layihələrinin necə korrupsiya bataqlığına çevrildiyi və nəticədə onun həbs edilməsi, bu sahədə hər kəs üçün dərs olmalı idi.
Bugün Əhməd İsmayılov öz ətrafında eyni “yaxın media qurumları”, “tərəfdar jurnalistlər” qrupu formalaşdırır. Bu şəxslər dövlət başçısının adından istifadə edərək, Agentlikdən müxtəlif formalarda dəstək alır, tənqidi media isə susdurulur. Bu, çox təhlükəli tendensiyadır. Medianı “öz adamların” və “digərləri” kimi bölmək medianın mahiyyətinə ziddir.
Əhməd İsmayılov kimə güvənir?
Tarix göstərdi ki, kimlər ki Ramiz Mehdiyev və Əli Həsənovun qanadları altında dövlət adına şəxsi maraqlara xidmət etdilər, onların sonu iflas və biabırçılıqla nəticələndi. Əhməd İsmayılovun hazırkı davranışı isə həmin sistemin yeni dövr üçün adaptasiyası kimi görünür. İctimai rəyin, jurnalistlərin, vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmır – sanki Agentlik hesabat vermək ehtiyacı duymur.
Əgər Əhməd İsmayılov da siyasi dayaqlara və “toxunulmazlıq illüziyası”na güvənirsə, bu, çox ciddi yanlışlıqdır. Çünki heç kim sonsuza qədər toxunulmaz deyil və bu xalq çoxsaylı “toxunulmazların” necə bir anda məsuliyyətə cəlb olunduğunun şahidi olub.
Yaltaqlıq siyasəti ilə media inkişaf etmir
Ən acınacaqlısı isə budur: bəzi jurnalistlər – özünü “peşəkar” adlandıranlar – Agentlikdən faydalanmaq üçün açıq-aşkar yaltaqlıq siyasəti yürüdür. Onlara dəstək verilir, mükafatlar, layihələr, təlim səfərləri və sair ayrılır. Amma bu şəxslərin ölkə informasiya məkanına real qatqısı yoxdur. Tənqidi jurnalistikanın, ictimai nəzarətin, açıq cəmiyyət dəyərlərinin yerinə təbliğatçılıq, şəxsi təbliğat və loyallıq meyar kimi təqdim olunur.
Bu yolla nə medianı inkişaf etdirmək mümkündür, nə də cəmiyyətdə real inam formalaşdırmaq.
Medianın İnkişafı Agentliyi əgər doğrudan da adının haqqını vermək istəyirsə, fərqli düşünən, tənqid edən, azad yazan medianı dəstəkləməli, cəmiyyətdə söz və fikir azadlığının inkişafına xidmət etməlidir. Şəffaflıq, hesabatlılıq və obyektivlik prinsipləri olmadan heç bir media siyasəti uğurlu ola bilməz.
Əks halda bu qurumun və rəhbərliyinin aqibəti keçmiş mətbuat strukturlarından fərqli olmayacaq: xatırlanacaq, lakin hörmətlə yox, tənqidlə.(azerbaycanreallığı.az)