Yüz faiz qazlaşdırılmış yeganə rayon- FOTOLAR
Füzuli rayonunun 4 və 5 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.
Xeberinfo.com: Məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun bütün yaşayış məntəqələri qazlaşdırılmışdır. Bildirmişdir ki, Füzuli rayonu ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikada yüz faiz qazlaşdırılmış yeganə rayondur. Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
Açılış mərasimində bildirilmişdir ki, 4 və 5 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbəlrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edək ki 400 abonenti olan 4 və 5 №-li Qayıdış qəsəbələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15581 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.