Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi
"Xeberinfo.com": Füzuli rayonunun 10 və 11 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılmış, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaqdır.
Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
ARNDŞ prezidenti Rövnəq Abdullayev ölkədə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördülən məqsədyönlü tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, hazırda ölkə başçısının tapşırığına uyğun olaraq uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin edilir. R. Abdullayev ölkənin qazlaşdırılması istiqamətndə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.
Açılış mərasimində bildirilmişdir ki, 10 və 11 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edək ki, 405 abonentin olduğu 10 və 11 №-li Qayıdış qəsəbələrində ümumilikdə 13304 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 405 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.