Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bankir gedişi-Səlahiyyət müddətinin bitməsinə 3 il qalmış nə baş verdi? 

Yenixeber.org: Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın (MB) İdarə Heyətinin üzvlüyündən azad edilməsinə səs verdi. 1995-ci ildən bu vəzifəni tutan baş bankir, nəhayət, Prezident İlham Əliyevin parlamentə göndərdiyi təqdimat əsasında vəzifədən getdi. E.Rüstəmov 2 il əvvəl MB sədri postuna növbəti dəfə təsdiqlənmişdi, qarşıda onun 3 illik səlahiyyəti qalsa da, ölkə rəhbərliyi onun vəzifəsindən azad edilməsini məqsədəuyğun sayıb. 

Onun postunu Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən Mərkəzi Bankın idarə heyətinə üzv təyin edilən Taleh Kazımovun tutacağı gözlənilir. 39 yaşlı Kazımov  buna qədər “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri, Baş icraçı direktoru vəzifəsini tutub.

E.Rüstəmovun vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılmasının sirri nədir? Hazırda dünya bazarında Azərbaycanın strateji ixrac məhsulları olan neft və qazın qiyməti büdcədə nəzərdə tutulduğundan iki dəfə yüksəkdir. Ölkənin makroiqtisadi göstəriciləri sabitdir, bank-maliyyə sistemində də böhran situasiyası yoxdur. 

Bəs hökumətin gələcəklə bağlı hansı planları var və E.Rüstəmovun istefaya göndərilməsinin bu yeni hədəflərlə əlaqəsi ola bilərmi? 

İqtisadçı Rövşən Ağayev deyib ki, baş bankirin vəzifədən uzaqlaşdırılması şəxsi səbəblərlə bağlı ola bilər: “Məndə olan məlumata görə, son dövrlərdə özü də vəzifədən getməyə təşəbbüs göstərmişdi. Amma bu yolasalmanın ölkədə yeni mərhələ iqtisadi islahatların ola biləcəyi ilə əlaqəli olmasına əmin deyiləm. Ölkədə istənilən institut, o cümlədən Mərkəzi Bank siyasi sistemin qoyduğu çərçivədə fəaliyyət göstərir. O çərçivə və məhdudiyyətlər köhnə sədr üçün vardı, eynilə yenisi üçün də olacaq”.

İqtisadçı vurğulayır ki, Azərbaycan kimi siyasi şərtlərin olduğu ölkələrdə, bütün iqtisadiyyat siyasi sistemin maraqlarına tabe etdirilir: “Siyasi sistemin mövcudluğunun və davamlılığının ehtiyacları nəyədirsə, iqtisadi institutlar da onu qarşılayır. Ona görə də ciddi bir gözləntim yoxdur”.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər. Onun sözlərinə görə, bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir. “Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilib”, – ekspert vurğulayıb.

Ə.Həsənov deyir ki, Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvü – Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti artıq martın 7-də bitib: “Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbəti müddətə İdarə Heyətinin üzvü təyin etmədilər. Böyük ehtimalla, yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır. Güman edirəm ki, yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kimsə yer alacaq. Çünki işi daxildən bilən kadrlara zərurət var”.

Ə.Həsənov qeyd edir ki, E.Rüstəmovun Mərkəzi Bankın sədri olaraq mövcudluğu bank sisteminin bərbad idarəedilməsinin və çoxsaylı qanun pozuntularının davamı ilə yanaşı, devalvasiya təhlükəsindən xəbər verirdi: “2 il əvvəl də vəzifəsinə yenidən təyin edilməli deyildi, sadəcə, pandemiya planları pozdu. Onda da demişdim ki, budəfəki 5 illik müddətinin sonunadək vəzifəsində qalmayacaq. Belə də oldu”. Ekspert qeyd edir ki, hazırki geosiyasi gərginlik fonunda neftin qiymətinin düşməsi ehtimalı çox azdır və manat üçün də təhlükə yoxdur: “Bu baxımdan, Mərkəzi Bank sədrinin dəyişdirilməsi üçün əlverişli məqam yetişdi. Ümid edirəm ki, yeni sədr bank sistemimizin inkişafı üçün faydalı şəxs olacaq. Eyni zamanda, Rüstəmov dövrünün qanun pozuntularının da araşdırılıb, təqsirkarların məsuliyyətə cəlb olunacağına ümid edirəm. Hər işin başında duran qanunçuluqdur. Yeni rəhbərdən də məhz bunu gözləyirik”.

İqtisadçı Samir Əliyev bildirir ki, Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. “Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya  inamının bərpasına nail olub. Ən azı, 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyib. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı”, – ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, cəmiyyətdə mövcud olan rəyin əksinə olaraq, ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri E.Rüstəmov olub: “Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-si qurban verməyə çəkinməyib. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə devalvasiya qərarını Mərkəzi Bank verə bilməz. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda, Mərkəzi Bank manatın məzənnəsini qorudu. 2015-ci ildə isə mümkün olmadı. Elman Rüstəmovun gedişindən sonra devalvasiya ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi”.

S.Əliyev deyir ki, E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. “Ancaq bunun səbəbi ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür”, – o vurğulayıb. 

İqtisadçı Mərkəzi Banka yeni rəhbəri olacaq Taleh Kazımov haqqında da fikirlərini bölüşüb: “Baza təhsili texniki olsa da sonrada maliyyə üzrə ixtisaslaşıb. Bələd olmadığım üçün yeni sədrin fəaliyyətinə qabaqcadan fikir bildirmək istəmirəm. Mətbuatda oxudum ki, devalvasiyanın əleyhdarıdır. Bu fikrin hazırda heç bir əhəmiyyət yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olduğunu isə yeni rəhbərin dövründə görəcəyik”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam