"Bu, bütövlükdə Azərbaycan təhsilinin bərbad vəziyyətdə olmasının göstəricisidir"
Pənah Hüseyn: “Acınacaqlı bir haldır”
Nazim Məmmədov: “Yerli icra hakimiyyətləri nə qədər ki, təhsil şöbələri üzərində dominantlığı həyata keçirəcək, nəticələr daha da pisləşəcək”
Orta məktəblərdə keçirilən buraxılış imtahanları təhsilimizin keyfiyyətinin acınacaqlı durumda olduğunu bir daha sübut etdi. Şagirdlərin daha çox ana dili və riyaziyyat fənlərindən bilik səviyyələrinin aşağı olduğu məlum olub.
Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi nəticələr əsasında “savadsız rayonlar”ın siyahısı açıqlanıb. Siyahıya Sabirabad rayonu başçılıq edir.
Bu rayonun şagirdlərinin 47%-i ana dili, 50%-i isə riyaziyyatdan “2” alıb. Daşkəsən rayonunda bu nəticə müvafiq olaraq, 44% və 49%, Ağcabədidə 39% və 46 faizdir. Bu siyahını Gədəbəy və Hacıqabul rayonları davam etdirir. Gədəbəydə “2” alanlar müvafiq olaraq, 41% və 37%, Hacıqabulda isə 36% və 44 faizdir.
Vaxtilə Sabirabaddan millət vəkili olmuş, sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, açıqlanan nəticələr Azərbaycan təhsilinin göstəricisidir: “Məncə, ciddi fərqlər olmadı. Bu, bütövlükdə Azərbaycan təhsilinin bərbad vəziyyətdə olmasının göstəricisidir. Bu gün siyahıda Sabirabad var, sabah başqa rayon ola bilər. Diqqət yetirsəniz, görərsiniz ki, aşağı nəticə göstərən rayonlar arasında elə də ciddi fərqlər yoxdur. Neçə illərdən bəri idi ki, təhsilin vəziyyəti barədə həyəcan təbili çalınırdı. Bu sahədə vəziyyətin yaxşılaşmaması, qoyulan külli miqdarda dövlət vəsaitinin nəticə verməməsi düşündürücü məsələlərdən biridir. Bu, Azərbaycanın dövlət, cəmiyyət, millət olaraq, qarşısında ciddi suallar qoyur. Açığı müəyyən cavabları da özündə əks etdirir. Ölkədə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatlara ciddi ehtiyac var. Bir sıra səbəblər barədə danışmaq olar. 150-200 manat maaş alan müəllimlər olan ölkədə bundan artıq təhsil səviyyəsini gözləmək olmaz. Olduqca ciddi, acınacaqlı bir haldır. Ciddi islahatların olması tələb edilir. Əks təqdirdə, təhsilimizin gələcəyi ola bilməz”.
Gədəbəydən olan sabiq deputat və iş adamı Nazim Məmmədov açıqlanan statiskadan təəssüfləndiyini dilə gətirdi: “Əfsuslar olsun ki, Gədəbəy ana dili və riyaziyyat fənnindən alınan nəticələr əsasında geridə qalmış 4-cü rayondur. Dəfələrlə qeyd etmişəm ki, müasir Azərbaycan Respublikasının yerləşdiyi ərazidə ilk müasir məktəblərdən bir neçəsinin əsası hələ 19-cu əsrdə Gədəbəydə Simens qardaşları tərəfindən qoyulub. Gədəbəydə təhsil almış və Azərbaycan elmi, mədəniyyəti, fəlsəfəsi, ictimai şüuru və digər sahələrində yetişmiş alimlər ordusu, elə bu məktəblərin yetirmələri olub. Bir neçə akademik, yüzlərlə professor, saysız-hesabsız elmlər namizədi vermiş Gədəbəy rayonunun təhsil sistemi son vaxtlar acınacaqlı durumdadır. Bunun da kökündə əhalinin çox hissəsinin kəndləri tərk etməsidir. İmkansız insanlar, yaşlı nəsil kəndlərdə qalıb. Cənab prezident ilk dəfə Gədəbəydə olanda yolların, qazın olmaması ilə bağlı iqtisadi miqrasiyanın daha yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdım. Sağ olsun ki, cənab prezident Şınıxın, o cümlədən, digər yerlərin bu layihəyə salınması barədə göstəriş verdi. Çox təəssüf edirəm ki, bunları tamamlaya bilmədik. İqtisadi böhran buna səbəb oldu. Bildiyimiz kimi, 90-cı illərdən başlayaraq, əhalimizin çox hissəsi Bakı, Sumqayıt və ətraf rayonlarda məskunlaşmağa məcbur oldular”.
Sabiq deputat orta məktəblərdə şagirdlərin sayının az olmasından da danışdı: “Bu səbəbdən məşhur məktəblərin əksəriyyətində baxırsan ki, 11-ci sinifdə 5-6 şagird olur. Bunun dəfələrlə şahidi olmuşam. Stimul aşağıdır. Bunun kökündə duran səbəblər təbii ki, iqtisadi miqrasiyadır. Nəticə etibarı ilə fənn müəllimlərinin olmaması, ucqar rayonlara təyinatla getməmələri də buna səbəbdir. Etiraf etməliyik ki, bu gün də müəllimlərin maaşları aşağıdır. Eyni zamanda, yerlərdə icra orqanları, təhsil şöbələrinin müdirləri, məktəb direktorları yerlibazlıq, qohumbazlıq və ya digər səbəblərdən rüşvətxorluğa, korrupsiyaya uğrayıblar, təhsilə ayrılan vəsaitlər mənimsənilir. Gədəbəy ayrıca ada deyil ki, ölkədə baş verənlər ora təsir etməsin. Fənn müəllimlərinin çatışmaması, neqativ halların olması Gədəbəyin son vaxtlarda adının belə yerlərdə çəkilməsinə səbəb olur. Bundan gədəbəyli ziyalı olaraq, çox təəssüf hissi keçirirəm. Bütün bunların aradan qaldırılması istiqamətində biz də əlimizdən gələn işləri görürük. Mən təhsil naziri Mikayıl Cabbarovu daim dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəm. Təhsil nazirinə müraciət edirəm ki, digər bölgələrə olduğu kimi, Gədəbəyə də diqqət artırılsın. Hesab edirəm ki, burada təşkilatı məsələlər də öndə olmalıdır. Yerli icra hakimiyyətləri nə qədər ki, təhsil şöbələri üzərində dominantlığı həyata keçirəcək, nəticələr daha da pisləşəcək. Ona görə də təhsil islahatları davam etdirilməlidir. Baxmayaraq ki, təhsil şöbələri Təhsil Nazirliyinə aiddir, amma təhsil siyasətini, kadr məsələlərini, maliyyə resurslarını, idarəetməni icra hakimiyyətləri öz təsir dairələrində saxlamaqda davam edirlər”.
Musavat.com