Ekspertlərdən buraxılış imtahanlarının nəticələri haqda açıqlama
Elnur Nağızadə: “Bütün fənnlər üzrə nəticələri götürsək ötən illə müqayisədə nəticələrdə yaxşılaşma var”
Etibar Əliyev: “İki-üç fənndən şagird biliyinin qiymətləndirilməsi ilə bütövlükdə orta təhsilin səviyyəsinə qiymət vermək bir qədər çətindir”
"Xerberinfo.com": TQDK-nın açıqladığı orta məktəblərdə buraxılış imtahanlarının nəticələri mətbuatda və sosial şəbəkələrdə ictimai qınaqla qarşılanıb.
Buraxılış imtahanı verən şagirdlər arasında “2” qiyməti alanların çoxluğu , xüsusən də şagirdlərin 21 faizinin ana dili fənnindən “2” alması cəmiyyətdə qınağa səbəb olub. “Yeni Müsavat” buraxılış imtahanlarının nəticələrini ekspertlərlə qiymətləndirib.
XXI əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev isə cəmiyyətdə səslənən fikrilərin əksinə olaraq, ötən ilin nəticələri ilə müqayisə etsək görərik ki, bu ilki buraxılış imtahanlarının nəticələrini müsbət qiymətləndirib: “Təkcə 11-ci siniflərin buraxılış imtahanlarında riyaziyyat fənni üzrə ötən tədris ilinə nisbətən 3000-dən çox şagird “4” və “5” qiymətlər alıb. Konkret nəticələr hasil etmək üçün regionlar və Bakı şəhəri üzrə ayrı-ayrılıqda təhlil aparmaq lazımdır. Ona görə də, birincisi bir neçə regionda nəticələri təhlil etməklə söyləmək olmaz ki, orta təhsilin keyfiyyəti zəifləyir. İkincisi, daha çox yüksək nəticə göstərənlərin faiz göstəricilərinin təhlilinə diqqət etmək lazımdır. Bakı şəhəri üzrə bizim təhlillərimiz onu göstərdi ki, məktəb təhsilində ciddi geriləmə baş verməyib. Biz də nəticəni bu cür gözləmirdik. Çünki, 2013-cü ilə qədər bu geriləmələr daha çox özünü büruzə verirdi. Ancaq son illər məktəblərlə bağlı bir çox islahatlar aparılıb. Məktəb mühitinin yaxşılaşdırılması, məktəb direktorlarının müəyyən təlimlərdən sonra seçilib təyin olunması, Bakı şəhərində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi və həmin qiymətləndirmə əsasında əməkhaqqlarının artırılması, dərsliklərdə islahatlar aparılması və sair bu nəticələrin yaxşılaşdırılmasına xidmət edir. Bu islahatların fonunda buraxılış imtahanlarında da dəyişikliklər gözlənilən idi”.
Ekspert qeyd edib ki, bütün nəticələr istər ekspertlərin əlində, istərsə də Təhsil Nazirliyinin əlində olmalıdır ki, ümumi şəkildə təhlil edib öz qənaətə gəlmək mümkün olsun: “Digər tərəfdən buraxılış imtahanlarının nəticələri haqqında yazarkən “2” və “3” qiymətlərini eyniləşdirmək olmaz. “3” alanların sayı, “2” alanlardan iki dəfə çoxdur. “3” qiyməti o deməkdir ki, şagirdlər 8 suala düzgün cavab veriblər və TQDK-nın müəyyənləşdirdiyi bal sisteminə uyğun olaraq onların biliyi kafi qiymətləndirilib. İki-üç fənndən şagird biliyinin qiymətləndirilməsi ilə bütövlükdə orta təhsilin səviyyəsinə qiymət vermək bir qədər çətindir. Yəni, fənnlərin sayına nisbətdə mən bunu deyirəm. Məktəblərdə xeyli islahatlar aparılıb və bunun nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Qısa zamanda sıçrayışla irəliləyiş gözləmək olmaz”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə buraxılış imtahanlarının nəticələri ilə bağlı ictimai müzakirələrdə Təhsil Nazirliyinin qınaq obyektinə çevrilməsinə münasibət bildirməkdən imtina etdi. Qeyd etdi ki, proses tam yekunlaşandan sonra, Təhsil Nazirliyinin tərəfindən nəticələrlə bağlı fikir bildirilə bilər: “Proses hələ ki, davam edir, bölgələrdə də buraxılış imtahanları keçiriləcək. Yalnız bundan sonra nəticələr haqqında danışmaq olar”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadəisə nəticələri ötən illə müqayisədə müsbət qiymətləndirdi: “Bütün məlumatlar TQDK-nın rəsmi saytında yerləşdirilib. Hələ ki, buraxılış imtahanlarının keçirilməsi prosesi başa çatmayıb. Proses başa çatandan sonra bu haqda qiymətləndirmə aparmaq olar. Bütün fənnlər üzrə nəticələri götürsək ötən illə müqayisədə nəticələrdə yaxşılaşma var. Hansı fənn üzrə şagirdlərin pis nəticə göstərməsinə gəlincə, bu məktəblər və bölgələr üzrə müxtəlifdir. Amma ümumilikdə götürsək nəticələrdə müsbətə doğru dəyişiklik var. Bakıda və mərkəzi şəhərlərdə nəticələr daha yaxşıdır”.