Qanunvericiliyə görə, Azərbaycanda pensiya yaşına çatan vətəndaş yalnız topladığı pensiya kapitalı pensiya təminatına imkan verərsə, stajdan asılı olmadan əmək pensiyası almaq hüququ qazanır. Pensiya yaşına çatan şəxsin 25 il rəsmi iş stajı varsa, o, pensiya kapitalına baxmadan da pensiya almaq hüququ əldə edə bilir.
Yenixeber.org: Minimum pensiya kapitalı ölkədəki minimum pensiya məbləğinin 144 aya (12 ilə) vurulması ilə hesablanır. Bu ilin əvvəlinədək ölkədə minimum pensiyanın məbləği 200 manat olduğundan tələb edilən minimum pensiya kapitalı 28 min 800 manat idi. Bu ildən minimum pensiya 240 manat olub, müvafiq olaraq, pensiya təminatına imkan verən minimum pensiya kapitalı da 34 min 560 manata yüksəlib. Başqa deyimlə, 5 min 760 manat və ya 20 faiz artıb.
Ötən ilin rəqəmlərinə görə, ölkədə yaşa görə 716 min nəfər pensiya alır. 10 il əvvəl bu rəqəm 859 min nəfər təşkil edib. Təkcə 2021-ci ildə pensiyaçıların sayı 26 min nəfər azalıb. Çünki ölkədə vaxtsız ölümlərin sayı kifayət qədər yüksəkdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib. Xüsusən kişilər arasında erkən ölümlərin sayı kəskin artıb. Rəsmi məlumatlara görə, 2019-cu ildə vəfat edən kişilərin 50 faizi 65 yaşa çatmayıb. Qadınlarda isə bu rəqəm nisbətən yuxarıdır, vəfat edən hər 100 qadından 30 nəfəri 65 yaşadək həyatla vidalaşır.
Bəs pensiya yaşına çatmadan vəfat edən şəxslərin toplanan pensiya kapitalının aqibəti necə olur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sığorta olunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda, onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir.
Qeyd olunub ki, sığortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək, ödənilir:
“18 yaşınadək övladları, əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.
Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı, o vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Pensiyalarda edilən artımlar, həmçinin hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.
İqtisadçı Toğrul Maşallı Pressklub.az-a bildirib ki, nazirliyin bu açıqlaması sualın tam cavabı deyil: “Məlumdur ki, ailə başçısı vəfat edirsə, həyat yoldaşının stajı yoxdursa, o, ərinin pensiyasını alacaq. Amma məsələ ondan ibarətdir ki, hər iksinin stajı varsa, qazancı kifayət qədər olubsa, əlilliyi yoxdursa, biri pensiya yaşına çatmadan vəfat edirsə, onların pensiya kapitalı birləşdirilib 144-ə bölünəcəkmi? Bu sualın cavabı yoxdur. Burada yalnız əlilliyə görə və ailə başçısını itirdiyinə görə ödənilən pensiya barədə danışırlar”.
İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, Azərbaycanda pensiya kapitalı iki cür istifadə olunur, vətəndaşın ailəsinə birbaşa verilmir. Onun sözlərinə görə, əgər vəfat edən şəxsin həyat yoldaşı pensiya alırsa və onun məbləği mərhumun aldığı pensiyadan aşağıdırsa, o zaman aldığı pensiya həcmində ona təqaüd təyin olunur. Yəni həyat yoldaşı mərhum ərinin (yaxud, arvadının) pensiyasını alır.
R.Ağayev qeyd edir ki, ikinci halda, əgər mərhumun həyat yoldaşı pensiya hüququ qazanırsa və onun alacağı məbləğ vəfat edən həyat yoldaşının alacağı məbləğdən aşağı olacaqsa, bu zaman mərhumun təqaüdü üstün pensiya kim həyat yoldaşına təyin olunur. Ekspert onu da bildirdi ki, vəfat etmiş şəxsin ata-anasının aldığı təqaüd mərhumun gələcəkdə alacağı pensiyadan aşağıdırsa, valideynlərdən biri könüllü şəkildə övladın alacağı təqaüdün ona kəsilməsini istəyə bilər.
“Əgər vəfat etmiş şəxsin 18 yaşına çatmayan övladı(ları) varsa, onun pensiya kapitalı onlar arasında bölünür. Əgər övladları ali təhlis alırsa, 23 yaşa qədər onlara həmin məbləğin ödənilməsi davam etdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş bu halların heç biri yoxdursa, o zaman vəfat ertmiş şəxsin pensiyası batmış hesab olunur”, – deyə iqtisadçı vurğulayıb.
Deputat Vahid Əhmədov bu barədə mediaya açıqlamasında deyib ki, Azərbaycanda pensiya və vərəsəliklə əlaqədar qanunlara əsasən, kişi rəhmətə gedibsə, həyat yoldaşı onun pensiyasını alır: “Əgər hər ikisi pensiya alırsa, hansı pensiyanın məbləği yüksəkdirsə, onu ala bilər. Amma pensiyanın vərəsəlik olaraq kiməsə keçməyi haqqında Azərbaycanda hələlik belə bir qanun yoxdur. Pensiya kapitalı şəxsin öz vəsaitidir və sosial yığımdır. Onun işlədiyi müddətdə bu qədər vəsait yığılıb. Əlbəttə, həmin məbləği vəfat edən şəxsin varisi ala bilər. Hesab edirəm ki, bu məsələyə yenidən baxmaq olar. Müəyyən qədər vəsait tələb etsə də, bu, çox vacib məsələdir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, zamanı gəldikdə bu məsələ öz həllini tapacaq: “Bu gün vəfat edən şəxsin həyat yoldaşı pensiya yaşındadırsa və vəfat edən şəxsin pensiyası həyat yoldaşının penisyasından çoxdursa, bu məbləğ ona verilir. Həmçinin, o şəxsin 18 yaşa qədər övladı varsa, o cümlədən övladı əyani təhsil alırsa, bu pensiya onun övladına verilir. Əlil övladı olan şəxslər vəfat edərsə, onun pensiyası əlil övladına verilir. Qalan hallarda vəfat edən şəxsin pensiyasının övladlarına, yaxud həyat yoldaşına verilməsi nəzərdə tutulmayıb. Yəqin ki, bu məsələ gələcəkdə öz həllini tapacaq. Dövlət Sosial Sığorta Fondu bizdə tam oturuşmayıb. Bu sahədə islahatlar davam edir. Fondun kifayət qədər artıq kapitalı yoxdur ki, vəfat edən şəxsin pensiya kapitalını ailə üzvlərinə verə bilsin. Belə olan halda digər vətəndaşların pensiya ödəmələrində ciddi problemlər yarana bilər. Fondun kapitalı artarsa, bu məsələ öz həllini tapa bilər”.(pressklub)
Turqut