“Ananın övlad qatili olduğu cəmiyyətdə hər kəs qorxmalıdır”
"Xeberinfo.com": Gəncədə iki azyaşlının qətlə yetirilməsi ilə bağlı xəbərlər növbəti dəfə cəmiyyətdə şok effekti yardıb. Əvvəlcə mediada bu cinayətin guya evə pəncərədən daxil olan iki nəfər maskalı şəxs tərəfindən törədildiyi iddia edilsə də, sonrada n qatilin uşaqların doğma anası Sədaqət Babayeva olduğu müəyyən edilib.
İki azyaşlının doğma anası tərəfindən başı kəsilərək qətlə yetirilməsi artıq cəmiyyətdə yaranan psixoloji anormallığın ciddiyətindən xəbər verir. Son bir ildə bu cür cinayət hadisələrinin artması cəmiyyətdə suallar yaradır: “Ətrafımızdakı hər on nəfərdən neçəsi potensial qatildir?”. Əgər bir cəmiyyətdə ana övladının qatilidirsə, o zaman bu suala cavab vermək də çətinləşir.
Hadisənin psixoloji tərəflərini təhlil edən psixoloq Dəyanət Rzayev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hadisədə müəmmalı məqamlar çoxdur: “Belə cinayətlərin artmasının əsas səbəbi odur ki, cəmiyyət bu hadisələrə səssiz qalır. Cinayət baş verdikdən sonra qatilin tapılması əsas iş deyil. Önəmli olan cinayət baş verməzdən əvvəl onun qarşısını almaqdır. Bu kimin vəzifəsidir ki, cinayətin baş verməsini önləsin? Sahə həkimindən tutmuş, sahə müvəkkilinə qədər hər kəs burada məsuliyyət daşıyır. Təbii ki, hansısa hadisə baş verməzdən əvvəl ən azı yaxın qohumlara, qonşulara ailədə problemlər olması ilə bağlı məlumatlar çatır. Lakin onlar bu haqda susur, laqeydlik göstərirlər. Polis və həkim niyə bu cür ailələrlə maraqlanmır? Niyə vətəndaş cəmiyyəti bu istiqamətdə iş aparmır? Cəmiyyətdə, aidiyyatı orqanlarda belə hadisələrə qarşı laqeydlik var”.
Ekspert onu da vurğuladı ki, bu cür dəhşətli hadisələrin qarşısını almaq üçün profilaktika tədbirləri gücləndirilməlidir, ailə psixoloqları bu cür ailələrlə iş aparmalıdır: “Azərbaycan cəmiyyətində elə bir psixologiya yaranıb ki , insanlar bir-birinin həyatına biganədir. Düşüncə budur ki, əsas mənim evimdə sakitçilik olsun, qonşuda isə nə baş verirsə versin. Hazırda ictimai fikir budur. Əgər bizim qonşuluğumuzda hər hansı hadisə baş verirsə, zorakılıq, münaqişə halları varsa heç birimiz gedib polisə müraciət etmirik. Düşünürük ki, bu bizim vaxtımızı və əsəblərimizi korlaya bilər”.
D.Rzayevin sözlərinə görə, polis orqanlarında daha çox qadın çalışsa, problemlər daha asan həllini tapa bilərdi: “ Zorakılığa məruz qalan uşaqlar, qadınlar daha rahat şəkildə polisə müraciət edə bilərdi. Məsələn, əgər qadın gedib öz ərindən hansısa kişi polisə şikayət edirsə, elə o polisin də qadına münasibəti dəyişir. Ancaq bu məsələlərdə qadın polislər daha anlayışlı ola bilər”.
Psixoloqun fikrincə, insanlardakı laqeydliyin bir səbəbi də odur ki, Azərbaycanda ictimai rəyin təzahürü üçün də şərait yaradılmır: “İnsanlara imkan verilmir ki, sosial tələblərlə mitinq etsinlər. Məsələn, xaricdə itlərin öldürülməsinə qarşı aksiyalar keçirilir, etiraz səsləndirilir. Azərbaycanda isə qadın zorakılığına qarşı olsa belə küçədə aksiya keçirmək mümkün deyil. Bu səbəbdən insanlarda laqeydlik yaranır. Cəmiyyətə özünü ifadə imkanı vermək lazımdır ki, ictimai rəy yaransın, vətəndaş cəmiyyəti inkişaf etsin. Sosial-psixoloji vəziyyət o həddə çatıb ki, insanlar intihar edirlər, bir-birinin canına qəsd edirlər, hər kəs qorxu içində yaşayır”.