Analar niyə qəddarlaşıb, öz övladlarını öldürürlər?
Cəmiyyət mühəndisləri bildirirlər ki, psixoloji problemlərin miqyası artır, texnologiyanın inkişafı insanlarda məmnunluq hissini sıfıra endirir və yaşamı çətinləşdirir
Son bir ayda ölkədə iki ananın öz övladlarını öldürməsi kimi dəhşətli hadisə yaşanıb.
Son olaraq bir neçə gün əvvəl Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Gəncənin “Beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla, iki uşağın başı kəsilib.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat araşdırılarkən ortaya dəhşətli fakt çıxıb. Cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib. Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib.
İyunun əvvəlində isə Bakının Sabunçu rayonunda 27 yaşlı ana iki övladını öldürüb, özünə də intihar məqsədilə xəsarət yetirib. 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva evdə tək olarkən iki körpə balasını boğub, öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. O, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni öldürdükdən sonra məktub yazaraq, intihara cəhd edib.
Ötən ilin dekabrında isə Lənkəran rayonunda 1990-cı il təvəllüdlü Sevinc Bayramova 2012-ci ildə anadan olmuş oğlu Məhəmməd Bayramovu boğaraq, öldürmüşdü.
Ekspertlər isə anaların bu hərəkətlərinin səbəblərini izah etməyə çalışırlar.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində, cəmiyyətdə psixoloji problemlərin miqyası artmaqdadır: “Bu gün insanlar psixoloji problemlərdən çox əziyyət çəkirlər. Heç bir ana, ata övladına durduğu yerdə xəsarət yetirməz. Ümumiyyətlə, bir insan durduğu yerdə insana xəsarət yetirməz. Düşünürəm ki, bu ana ilə bağlı məhkəmə tibbi ekspertizası aparılacaq. Güman ki, ana psixoloji problemlər yaşayıb və bu səbəbdən də iki uşağına qarşı bu cür dəhşətli bir cinayət törədib, onların başını kəsib.
Məsələ burasındadır ki, insanlarımız psixoloji sağlamlıqlarının qeydinə qalmırlar. Çünki bir insanın dişi ağrıyanda səhər olmasa da, o biri gün həkimə müraciət edir. Ancaq bir insanın psixoloji rahatsızlığı olanda “sabah, biri gün gedərəm” deyib, bəzən illərlə həkimə getməyini təxirə salır. Seans prosesində insanlardan soruşuruq ki, neçə vaxtdır, həkimə gəlməyi fikirləşirsiniz? Biri deyir 3 il, biri deyir 2 il... Yəni insanlar həmişə fikirləşirlər ki, bu, düzələr. Problem ortadan qalxacaq, həll olunacaq və sair... Əslində həll olunmur, daha da dərinləşir. Bir problem, yeni problemlərə yol açır. Böyük ehtimalla, bu olayda ananın psixoloji problemi var. Bir şeyi də nəzərə alın ki, bəzən analarda hamiləlikdən sonra psixoloji və psixiatrik narahatlıqlar arta bilər. Hamiləlik dönəmində bu, daha çox baş verir.
Bunlar ətrafdakı insanlar tərəfindən diqqətə alınmalıdır. Bu gün insanın psixikasına təsir göstərən çoxlu faktorlar var və bunlardan ən birincisinin internet olduğunu deyə bilərik. Yaxud mobil telefonlar da həmçinin... Yəni texnologiyanın inkişafı insanlarda məmnunluq hissini sıfıra endirir. Sağlam adam da bir də görürsən ki, dəli olmaqdan qorxur. Sürət əsrində yaşamağımız insanların psixoloji durumuna çox böyük təsirini göstərir. Ona görə də çox yaxşı olardı ki, insanlarımız fiziki sağlamlığı ilə yanaşı, psixoloji sağlamlığının da qeydinə qalsınlar. Bunun üçün hamının psixoloq yanına getməsinə gərək yoxdur. Ən azından, çıx təbiət qoynunda, bir vaxt keçir. Ən azından get, ailənlə vaxt keçir, zövq al... Uşaqla zaman keçir. Bu gün valideyn uşaqla məşğul olmaq istəmir. Bu gün ailədə sanki iki yabançı bir evdə qalır, iki yad adam bir evdə yaşayır.
Bunlar həllini tapmalıdır. O zaman bu cür problemlər də az olacaq. İndi biz baş verən cinayət hadisəsinə münasibət bildirib, bunu deyirik. Ancaq istintaq prosesində düşünürəm ki, orada çox məqamlar ortaya çıxacaq. Heç bir səbəb olmadan bir ana durub, öz uşağını öldürməz. Ananın ata ilə münasibətini araşdırmaq lazımdır. Genetik faktoru araşdırmaq lazımdır ki, ananın nəslində bu cür problemi olan adam olubmu? Anada problemlər hamiləlikdən qabaq, yoxsa sonra baş verib? Ya hansı hadisədən sonra baş verib. Bu, həm araşdırma, həm də maariflənmə işi olardı”.
Psixoloq Dəyanət Rzayev də bildirir ki, bu cür qətllər törədən analarda psixi pozuntu əlamətləri var: “Ruhi xəstə və əsəb xəstəsi tamam başqa diaqnozlardır. İnsan əsəbi ola bilər, lakin bu, onun ruhi xəstə olması demək deyil. Əgər Azərbaycanda normal psixoloji xidmət olsa idi, sahə müvəkkilləri və sahə həkimlərinin ailələrdəki xəstələrlə bağlı məlumatları olsa idi, həmin sahədəki qətllərin, bu cür hadisələrin qarşısını almaq mümkün olardı”.
“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə interpress.az-a bildirib ki, Gəncədə ananın iki övladından birini öldürməsi, ikincini isə ağır yaralaması qətiyyən Azərbaycan xanımının davranışına xas deyil: “Azərbaycan qadını deyəndə ilk növbədə övladına görə özünü ölümə verən fədakar ana obrazı canlanır. Bu hadisədə bəlli olmayan səbəblər var. Qatilə bəraət qazandırmağın mümkünlüyünü hesab etmirəm. Lakin məhkəmə-tibbi ekspertizası, eləcə də sosial iş sahəsində ixtisaslaşan şəxslər hadisədən əvvəl baş verən prosesləri araşdırmalıdır”.
Mehriban Zeynalovanın sözlərinə görə, artıq 2-ci olan bu hadisə SOS-dur: “Hadisə törədilənə qədər bu insanın dünyagörüşü, ailə münasibətləri, psixi vəziyyəti, dini baxışları, əri tərəfindən hansısa zorakılığın olub-olmaması, qaynana-qaynata münasibətləri, bir sözlə, hər şey araşdırılmalıdır. Çünki bu, Azərbaycan üçün sıradan bir hadisə deyil. Bu, artıq SOS-dur. Əgər, hadisə soyuqqanlı törədilibsə, onda ehtimallar müxtəlif ola bilər. İstintaq getdiyi üçün hansısa ehtimalı irəli sürüb, çaşqınlıq yaratmaq istəmirəm. Amma burda 2 aspekt mümkündür - soyuqqanlı həyata keçirilən qətl və ya affekt vəziyyətinə çatdırma nəticəsində baş verən qətl... Əgər hadisə birinci ehtimalla bağlıdırsa, o zaman bu, geniş araşdırılmalıdır”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, övladlarını öldürən qadının ruhi xətə olması haqqında hər hansı rəsmi sənəd olmadığından, qanunvericilik həmin şəxslərə qarşı tədbir görə bilmir: “Bu, çox dəhşətli haldır. Bu hadisə qarşısında söz tapa bilmirəm. Ruhi xəstələrin dünyaya uşaq gətirməsi düzgün deyil. Bu gün Azərbaycan reallığı odur ki, ailələr ruhi xəstə olan övladlarının qeydiyyata alınmasını belə, istəmirlər, bunu cəmiyyətdən gizlədirlər. Bu prosesə mütləq nəzarət olmalıdır, sosial nəzarət həyata keçirilməlidir”.
Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyi ilə əsəb xəstələri, ruhi xəstələr valideynlik hüququndan məhrum edilmir. Qanunvericiliyə görə, yalnız onların fəaliyyət qabiliyyəti məhdudlaşdırılır.
Ailə Məcəlləsinə görə, ruhi xəstə olan şəxslər nikah münasibətlərinə daxil ola bilməzlər. Ancaq nikaha daxil olub, sonradan ruhi xəstəliyə tutulubsa, onun valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur.
Ruhi xəstə ilə bir evdə yaşayan şəxslərin həyatına hər hansı bir təhlükə varsa, qanunla həmin şəxslər cəmiyyətdən təcrid olunmalıdırlar və xüsusi müəssisələrdə yerləşdirilməlidirlər. Əgər onlar cəmiyyətdən təcrid edilməzlərsə, birgə yaşadıqları insanların həyatına təhlükə törədə bilərlər. Ruhi xəstələr vaxtında cəmiyyətdən təcrid edilmədikdə bu cür bədbəxt hadisələr baş verir.
Musavat.com