Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Pandemiyanın bir ili…-Azərbaycan ötən dövrdə koronavirusa qarşı necə mübarizə apardı?

 

 

Bir il öncə – martın 11-də Dünya Səhiyyə Təşkilatı (WHO) yeni növ koronavirusu dünyada sürətlə yayılan pandemiya elan etdi. Ondan cəmi 3 ay öncə Çində yeni virusa ilk yoluxmalar aşkarlanmışdı. COVİD-19 koronavirusu indiyədək dünyada 2,6 milyon adamın həyatına son qoyub, 118 milyon yoluxma aşkarlanıb. Amma reallıqda hər iki rəqəmin daha yüksək olduğu sirr deyil.

Yenixeber.org: 2020-ci ilin sonlarına qədər davam edən tədqiqatlardan sonra ABŞ, Böyük Britaniya, Almaniya, Çin və Rusiya virus əleyhinə peyvəndlər hazırladılar və bu ilin yanvarından etibarən vaksinasiyaya start verildi. Hazırda istehsalçı ölkələrin bir çoxunda bu proses sürətlə aparılır. Azərbaycanda da peyvəndləmə başlayıb, amma hələ ki arzuolunan tempdə getmir.

Səhiyyə qurumlarının açıqladığı məlumata görə, Azərbaycanda 237 mindən artıq insan virusa yoluxub, 3258 nəfər dünyasını dəyişib. Xəstəxanalıarda 5 minə yaxın aktiv xəstə var. Hökumət Çindən 2 milyon doza valksin alıb, martın 11-nə olan məlumata əsasən hələlik 450 minə qədər insan peyvənd olunub.

Son həftə ərzində virusa yoluxma yenidən artmağa başlayıb. Operativ Qərargah və hökumətin yenidən sərt karantin rejiminin tətbiq olunması məsələsini müzakirə etdiyi barədə söz-söhbət yayılıb.

Pandemiya Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurdu, neftin qiymətinin ötən il kəskin ucuzlaşması, bir il davam edən karantin rejimi iqtisadi tənəzzülə səbəb oldu. Ölkə iqtisadiyyatı rəsmi məlumatlara görə, 4,3 faiz kiçildi. İşsizlik kəskin artdı, hökumət vətəndaşlara və biznesə dəstək paketləri təqdim etsə də, bu, insanları məmnun edəcək səviyyədə olmadı.

İl ərzində Azərbaycanda pandemiya ilə bağlı 3 əsas problem cəmiyyətin gündəmində olub:

Birincisi, koronavirusa qarşı hökumətin gördüyü tədbirlər, o cümlədən səhiyyə  sisteminin fəaliyyəti;

İkincisi, karantin rejimindən əziyyət çəkən insanlara və iş adamlarına, kommersiya qurumlarına dövlət dəstəyinin həcmi;

Üçüncüsü, karantin qaydaları çərçivəsində tətbiq edilən cərimə və digər sanksiyaların adekvatlığı, Konstitusiyaya və insan hüquqlarına nə dərəcədə uyğunluğu məsələsi.

Ötən gərgin dövrü saytımıza dəyərləndirən həkim-farmakoloq Müşfiq Hüseynov bildirdi ki, mütəxəssislərin elə ilk günlərdən təxmin etdikləri kimi, virüs ocağının tam söndürülməsi üçün 2i ilə yaxın vaxt tələb olunur:

“2020-ci ilin fevral ayında desəydilər ki, 2021-ci ilin martında üçüncü dalğaya hazırlaşacağıq, yəqin çoxları inanmazdı. Pandemiya ilində nələr baş verdi, harada yanlışlıqlar oldu? Bu mövzular yəqin ki, gələcək dissertasiyaların və sosiologiya üzrə elmi işlərin mövzusu olacaq”.

M.Hüseynovun fikrincə, hökümət pandemiyanın ilk dalğasını çox səviyyəli və mükəmməl qarşıladı. Onun sözlərinə görə, modul tipli xəstəxanaların açılması bəlkə də on minlərlə insanın həyatını qurtardı:

“İkinci düzgün qərar sərhədlərin bağlanması oldu. Xüsusilə epidemioloji fəlakət yaşanan İranla sərhədin zamanında bağlanması çox düzgün qərar idi. Ardınca mart ayında qapanma və sərt karantin rejiminə keçidi də alqışlamışdım və yenə eyni düşüncədəyəm. Birinci dalğanın qarşısını almaq üçün bunlar çox vacib idi. Xatırlayırsınızsa, keçən il bu vaxtlar əhali panika içində idi, maska tapılmırdı. İnsanlar kütləvi yayılan feyk məlumatların girovuna çevrilmişdi. Açığını desək, ilk 40 gün mükəmməl idarə olundu. Təhlükə qismən sovuşmuş, panika geridə qalmışdı. Ondan sonra baş verənlər haqqında isə təəssüf ki, belə danışmaq mümkün deyil”.

Hüseynov hesab edir ki, Operativ Qərargahın qərarları, sərt rejimin aylarla uzadılması, bütün yayı insanların evə tıxanması və dəniz yasağı, rayonla əlaqənin uzun müddət kəsilməsi sağlamlığa zərər vuran amillər idi:

“Operativ Qərargah SMS icazə xidməti kimi heç bir məntiqi, izahı olmayan qərar verdi. Səhiyyə Nazirliyi də işin öhdəsindən gələ bilmədi. Ölkədə ciddi dərman sıxıntısı yarandı. Ən böyük çatışmazlıq və problem isə ölkədə avtoritet sayılacaq mütəxəssis fikrinin olmaması, hörmətli nazirimizin aylarla TV-də və mətbuatda görünməməsi, nəhayət, bərbad vəziyyətdə olan PR və təbliğat işi oldu. İnsanların inanmadığı, bəzən nifrət etdiyi sifətləri telekanallara çıxarıb pandemiyadan danışdırdılar. KİV-də professionallıq onsuz da yoxdur, pandemik dönəmdə isə bunu lap çox hiss etdik”.

Həkimin fikrincə, maska məcburiyyyəti və cərimə doğru qərardırsa, bu gün müfəttişlərin restoranları məsafə qoymadıqlarına görə cərimələməsi gülməlidir. M. Hüseynov avtobuslardakı “basabas”a rəğmən metronun bağlı saxlanılmasını xatırladır:

“Marketlər işlədiyi halda, ticarət mərkəzləri, fitnes və sağlıq mərkəzləri qapadılıb. Küçəyə çıxma yasağı gətirdilər, amma ölkənin 80 faizi küçələrdə idi. Bəzi yanlış qərarlar ikinci dalğanın ağırlı keçməsinə səbəb oldu”.

Həmsöhbətimiz vurğulayır ki, bu gün tək çarə peyvəndləmədir:

“Nə qədər tez həyata keçirilsə, o qədər yaxşıdır. Amma proses normal gedirmi? Getmir. Hələ də “vurduraq, ya vurdurmayaq” sualları var. Yenə də KİV öz işinin öhdəsindən gəlmir. Yenə də üçüncü dalğadan və qapanmadan danışırlar. Görünən odur ki, yenə SMS-icazə sistemi tətbiq olunacaq. Deməli, yenə özümüzü aldatmaqla məşğul olacağıq. Tək ümidimiz tezliklə yayın gəlməsinə, həyatın zamanla normala dönməsinədir”.

Pandemiya ilində qəbul edilən hüquqi qərarları saytımıza şərh edən hüquqşünas Hafiz Həsənov isə bildirdi ki, koronavirusun mənfi təsirləri ilə yanaşı, xüsusi karantin rejiminin tətbiqi də xeyli hüquqi problemlərlə müşayiət olundu:

“Belə ki, karantin rejiminin tətbiqinin hüquqi əsasları hüquqa heç də uyğun olmadı. Əslində xüsusi karantin rejiminin və məhdudiyyətlərin tətbiqinə əsas gətirilən “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsi bu hüquqi əsasları təmin etmirdi. Eyni zamanda, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın hüquqi statusu müəyyən deyildi və onun xüsusi karantin rejimi ilə bağlı qaydalar və məhdudiyyətlər müəyyən etmək səlahiyyətləri hüquqi olaraq yox idi. Burada insan hüquqları və onun məhdudlaşdırılması ilə bağlı xeyli məsələlər var idi və bunları hətta Nazirlər Kabinetinin qərarları ilə tənzimləmək Konstitusiyaya uyğun deyildi. Əslində Konstitusiyaya uyğun olaraq ölkədə koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunmalı idi və karantin qaydalarının müəyyən edilməsi, insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələlər Miili Məclis tərəfindən müəyyən edilməliydi. Bunlar baş vermədi və Milli Məclisin bu səlahiyyətləri, yumşaq desək, Nazirlər Kabineti tərəfindən həyata keçirildi”.

H.Həsənovun sözlərinə görə, ötən bir ildə xüsusi karantin rejimi qaydalarının həm də pərakəndə və sistemsiz tətbiq olunduğunu gördük:

“Məntiqsiz məhdudiyyətlər və qadağalar, daha çox cərimələrə hesablanan sistemsiz qaydalar, hüquqi əsasları təkmil olmayan məsuliyyət tədbirləri də bir illik karantin rejimi üçün xarakterik hallar idi. Həmçinin, cərimə tətbiq edən subyektlərin çoxluğu, cərimə tətbiqində sui-istifadə halları və qaydaların pozulmasına görə məsuliyyətə cəlb etmədə hamının qanun qarşısında bərabər olmaması və bu kimi digər məsələlər də, ötən müddətdə müşahidə olunan hallardır”.

Hüquqşünas əlavə etdi ki, Dövlət Yol Polisinin 13 aprel 2020-ci ilədək səlahiyyəti olmadığı halda tətbiq etdiyi 18 678 qanunsuz inzibati təhbeh qərarı ləğv edilməyib:

“Bu qərarların ləğv edilməsinə dair vətəndaş cəmiyyəti nümayəndələrinin baş nazirə müraciətinə isə ümumiyyətlə, reaksiya verilməyib”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam