Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dünyanın ilk tanker-muzeyindən -REPORTAJ

Dünyanın ilk tanker-muzeyindən REPORTAJ

Martın 1-də Prezident İlham Əliyev Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən, dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak edib.

Yenixeber.org: Muzey qismində “Suraxanı” tankerinin seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Bir zamanlar Xəzərdə üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4 696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir.

Son dövrlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun, eləcə də “Xəzər ” MMC-nin insan və texniki resursları səfərbər edilib. Gəminin gövdə və digər hissələrində təmir-yenidənqurma işlərinə ümumilikdə 2 000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. Layihənin konsepsiya və dizaynını bu sahədə 90 illik təcrübəyə malik, bir çox uğurlu layihələrə imza atan Böyük Britaniyanın “Freeman XP” şirkəti təqdim edib. Dizaynın layihələndirilməsi isə dünyaca məşhur muzey, elm mərkəzləri, müxtəlif mövzulu pavilyonların hazırlanmasında peşəkarlığı ilə seçilən Niderlandın “Hypsos” şirkətinə həvalə olunub.

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Dünyada yeganə tanker-muzeyə səyahət qarşılanma zalından başlayır. Burada ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırırlar. Bu zal gəmilərdə təhlükəsizlik texnikası və insan həyatının xilasetmə avadanlıqlarına dair eksponatlarla da zəngindir.

“Yanalma və lövbər əməliyyatları zalı” əsas göyərtədən aşağı qatda yerləşir. Bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar təqdim edilir. Burada xüsusi oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək də mümkündür. Zalda müxtəlif dəniz düyünləri haqqında məlumat almaq, kəndirlərdən istifadə etməklə düyünləri bağlamaq imkanı da yaradılıb.

İki hissədən ibarət “Xəzərin ruhu” zalında isə Xəzər və bütün Xəzər regionunun milyon illər əvvəldən müasir dövrümüzə qədərki inkişaf tarixi əks olunub. Eyni zamanda burada dünya tarixinin incisi Qobustana aid və ölkəmizdə qədim dənizçilik ənənələrinin mövcudluğunu sübuta yetirən bir çox maraqlı eksponatlarla da tanış olmaq imkanı var.

Azərbaycanda ilk olan unikal 360 dərəcəli ekranla ziyarətçilər nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevriləcəklər. Bununla da, qonaqlar Odlar yurdunun qədim və müasir tarixi ilə qeyri-adi formada tanış ola biləcəklər. Video zaldan çıxışda isə qonaqları XVIII-XX əsrlərə aid gəmiçiliklə bağlı unikal eksponatlara toxunmaq fürsəti gözləyir.

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov “Report”a açıqlamasında muzeyin zalları ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hazırda tanker-muzeydə 11 sərgi zalı fəaliyyət göstərir.

ASCO sözçüsü qeyd edib ki, “Gəmilər və Gəmiçilik” zalında "Suraxanı" gəmisinin uzunluğu 5 metrə çatan ən xırda detallarına qədər dəqiq əks olunan modeli sərgilənir. Burada həmçinin bu tip gəmilər haqqında məlumatlar yerləşdirilib. Zalda nümayiş olunan videoda isə gəmi-muzeyin yaradılmasını, yerinə yetirilən təmir və yenidənqurma işlərinin miqyasını anbaan əks etdirən qeyri-adi kadrları görmək mümkündür. Bu zalda müasir Azərbaycanın, həmçinin dünyanın ən böyük və əfsanəvi gəmilərinin modelləri də sərgilənir: “İki qatdan ibarət ekspozisiyada günümüzün əfsanəvi gəmilərini görürsünüz. Yuxarı qatda Azərbaycana məxsus dünyada əfsanəvi sayılan üzən vasitələrin modellərini görürsünüz. Aşağı qatda isə dünya sularında üzən ən əfsanəvi modellərin maketləri sərgilənir. Onların önündə dayanan xüsusi “touchscreen”lər (sensorlu ekran) vasitəsi ilə istənilən gəmini seçib onun haqqında ətraflı məlumat almaq mümkündür”.

T.İbrahimov qeyd edib ki, "Naviqasiya və kommunikasiya" zalında ziyarətçilər gəmiçilikdə istifadə edilən günümüzə çatmış qədim və orta əsrlərə aid müxtəlif eksponatlarla, dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı qazanacaqlar. Belə ki, burada xüsusi interaktivdən istifadə etməklə Morze əlifbası vasitəsilə məlumat ötürmək də mümkün olacaq. “Suraxanı” gəmi-muzeyi üçün yaradılmış naviqasiya masasında isə qonaqlar Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Eyni zamanda zalda siqnal bayraqları və onların funksiyasının geniş auditoriya tərəfindən rahat mənimsənilməsi üçün xüsusi “bayraq interaktivi” yaradılıb.

“Suraxanı” gəmi-muzeyini keçmişin və gələcəyin bir körpüsü də adlandırmaq olar. Burada həm müasir texnologiya, həm də qədim eksponatlar sərgilənir. Qədim eksponatlar dedikdə bizdə XVIII əsrə aid “Deyvis Kvadrant”ı (Davis quadrant), həmçinin qırmızı ağacdan və fil sümüyündən hazırlanmış naviqasiya aləti, 1800-cü ilə aid dənizçi sandığı və başqa maraqlı eksponatlar sərgilənir”, - ASCO rəsmisi əlavə edib.

O həmçinin adıçəkilən zalda yerləşən naviqasiya masasının xüsusi əhəmiyyətə malik olduğunu da vurğulayıb:“Naviqasiya masasının üzərində ulduzlu səma görmək mümkündür. Qeyd edim ki, o ulduzlu səma 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gününə həsr edilmiş ekspozisiyadır. Belə ki, səmada ulduzların düzülüşü 28 may 1918-ci ildə o cür olub. Yəni dənizçilər xəzər üzərindəki səmanı elə görüblər. Bunun özündə də bir simvolluq var. “Suraxanı” gəmi-muzeyi Azərbaycanın böyük tarixini özündə birləşdirir”.

Bundan əlavə muzey-tankerdə “Yükdaşıma”, “Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” kimi zallar, “Qarabağ Azərbaycandır!” lövhəsi və “Dənizçilər qalereyası” nümayiş olunur.

“Yükdaşıma” zalında yük gəmilərinin təyinatı, konteyner daşınmasının xüsusiyyətləri barədə məlumat əldə etmək olar. Ziyarətçilər modeldən istifadə edərək, konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirə, dünyanın ən böyük konteynerdaşıyan gəmilərindən sayılan "OOCL Hong Kong"la tanış ola bilərlər. Burada müasir Ələt limanı, Bakı Gəmiqayırma Zavodunun maketləri və onların potensialları da nümayiş etdirilir. “Oil Wall”-“Neft stendi” instalyasiyasında Xəzər neftinin tarixi, interaktiv oyun vasitəsilə isə neftin yüklənməsi-boşaldılması əməliyyatı müxtəlif üsullarla təqdim olunur.

“Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik” zalında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı və zəngin tarixinə səyahət imkanı olacaq. Burada həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yazdıqları qəhrəmanlıq salnaməsi yer alıb. Zalda Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən interaktiv kitab mövcuddur. Ziyarətçilər burada ölkəmizin milli sərvəti olan Gəmiçilik və dövlət arasında sarsılmaz bağları əks etdirən lövhə, “Qarabağ Azərbaycandır!” və Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən info-monitorla da tanış ola biləcəklər.

Maşın şöbəsində gəminin “ürəyi” sayılan baş mühərrik, köməkçi mühərriklər, nasoslar, bir sözlə gəmini hərəkətə gətirən qurğular illər öncəki formalarında nümayiş edilir. Burada VR (virtual reallıq) eynəkləri ilə ziyarətçilər ötən əsrin ortalarına səyahət edərək maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar.

“Dənizçilər qalereyası”nda isə ziyarətçiləri əfsanəvi dənizçilərlə, “Suraxanı” gəmi heyətinin ötən əsrin 60-cı illərinə aid orijinal vəziyyətdə rekonstruksiya edilmiş kayutlar, kambuz kimi məişət otaqları ilə tanışlıq gözləyir. Burada həmçinin on illər öncə “Suraxanı” tankerində istifadə olunan məişət avadanlıqları və əşyaları da görmək mümkündür.

“Suraxanı” gəmisinin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya və radio otaqları da illər öncəki orijinal vəziyyətinə uyğun rekonstruksiya edilib. Burada tankerin idarə olunması və XX əsrin ortalarına aid bütün avadanlıqları görmək mümkündür.

Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri isə malakofauna, mərcanların və digər flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Okean və dənizlərdən yığılan kolleksiya ziyarətçilərin böyük marağına səbəb olacaq.

Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda bu muzey tarixilik və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək.

Muzey yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətlə əvvəlcədən məlumat veriləcək.

Şəhid və Vətən Müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam