Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

148 yaşlı Azərbaycan teatrının hansı problemləri var?-ŞƏRH

Teatrşünas: “Təmtəraqlı teatr binaları və mərmər döşəmələrlə yox, yaradıcılıq səviyyəsi ilə fəxr etmək istəyirəm”

Yenixeber.org: Bu gün Azərbaycan milli teatrı 148-ci ildönümünü qeyd edir. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası səhnələşdirilib. Məhz bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Bəs, teatrımızın bugünkü vəziyyəti qənaətbəxşdirmi? Hansı problemləri var?

Teatrşünas Xəyalə Rəis hesab edir ki, Azərbaycan teatrının yeni bir dönəmə – özünübərpaya ehtiyacı var:

“Bu gün Azərbaycan peşəkar milli teatrının 148 yaşı tamam olur. 148 yaşlı Azərbaycan teatrı çox çətin dönəmlərdən keçib, çox vaxt tamaşaçının çiyinləri üzərində özünü qoruyub saxlamağı bacarıb. Son onillikdə yeni teatr binaları tikilib, yeni akustika, eyni zamanda səhnə tərtibatı da yenilənib. Amma bir məsəl var, üstü bəzək… Bizim teatrlarımız onu xatırladır. Bu gün nə qədər rəngarəng repertuar siyasətimiz var desələr də, bu, sadəcə olaraq, tamaşaçının gözünü boyamaqdan başqa bir şey deyil. Çünki Azərbaycanın paytaxt və bölgə teatrlarının repertuarının böyük hissəsini klassik əsərlər təşkil edir. Artıq yeni dönəmə qədəm qoymuşuq. Hazırda teatrlarımızın repertuarında olan tamaşalarla insanların başını aldatmaq mümkün olmayacaq”.

X.Rəis bir ildir ki, dünyanı cənginə alan pandemiyanın Azərbaycan teatrlarını da  tamaşaçı ilə canlı ünsiyyətdən uzaq saldığını vurğuladı:

“Ölkəmizdə pandemiya ilə bağlı sosial izolyasiya tədbirlərinin elan olunması da məhz ötən ilin martın 7-nə, yəni Milli Teatr Günü ərəfəsinə təsadüf edir. İkinci ildir ki, Milli Teatr Gününü səhnə və tamaşaçı zalında deyil, virtual formatda qeyd edirik”.

Teatrşünas ötən bir ili Azərbaycan teatrı tarixində itirilmiş il kimi qiymətləndirilir:

“Aktyor bədəni idmançı bədəni kimidir, bir ay işləmədikdə zəifləyir, geri düşür, əvvəlki elastikliyini itirir. Təsəvvür edin ki, mövsüm sonunda aktyorlar bir aylıq istirahətdən döndükdən sonra iki ay məşq edib, o plastikanı bərpa etməyə çalışdıqları halda, bir ildir ki, səhnə üzünə həsrətdirlər. Tamaşaçı alqışı, sevgisi ilə yaşayan rejissorlar, aktyorlar səhnədən uzaq düşüblər. Hər zaman tamaşaçıların teatrdan küsdüyünü qeyd etsək də, bu dəfə səhnədə can qoyan sənətkarları teatrdan küsdürdülər. Yaradıcı insan ruh adamıdır. Onu həvəsləndirmək, stimul vermək o qədər də çətin deyil. Onların ruhlarının öldürülməsi vandalizmdir. Təəssüf hissi ilə qeyd edim ki, bu gün Azərbaycan teatrı can üstdədir…”

Teatrşünas Azərbaycan teatrını necə görmək istədiyini də təsvir etdi:

“İndi zaman dəyişib, qalib xalqın nümayəndəsi olaraq böyük əsərlər yaratmaq və dünyaya çıxmaq üçün tarixi şans əldə etmişik. Keçmişdə buraxılan səhvlərimizdən nəticə çıxararaq milli mədəniyyətimizə, incəsənətimizə sahib durmaq, onu inkişaf etdirmək, dünya çapında gedən “mədəniyyət savaşı”na qoşulmaq lazımdır. Bir sözlə, bu gün Azərbaycan mədəniyyətini dünyaya çıxarmaq, inteqrasiya etmək strateji əhəmiyyət kəsb edən prioritet məsələlərdəndir. Azərbaycan tearının dirçəlməsi üçün yeni təyin edilən mədəniyyət naziri Anar Kərimovdan gözləntilərimiz çoxdur. Teatrı yaşatmaq, inkişaf etdirmək üçün onu duymaq, sevmək, məlumatlı olmaq şərtdir. Teatrlarımızın təmtəraqlı binaları, mərmər döşəmələri ilə yox, yaradıcılıq səviyyəsi ilə fəxr etməyi arzu edirəm. Teatrın cəmiyyətdəki nüfuzunu bərpa etməyi, canlı teatr mühiti yaratmağı arzulayıram”.

Teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə isə bütün dünyada pandemiya ilə bağlı qapanmaların hökm sürdüyünü xatırladaraq nəzərə çatdırdı ki, karantin rejiminə görə insanlar bir yerə toplaşa bilmirlər:

“Teatr da elə bir incəsənət növüdür ki, orada yaradıcılıq prosesi insanların gözü qarşısında baş verir. Zalda tamaşaçı olmalıdır ki, aktyor da ilhama gəlsin, yaradıcılığı tamaşaçılar qarşısında başlasın və onların alqışları ilə də sonlansın. Teatr çox sirli-sehrli bir sənətdir və heç bir zaman ölməyəcək. İnanıram ki, dünyanı cənginə alan pandemiya bəlası tezliklə bitəcək və teatrlarımız öz qapılarını tamaşaçılarının üzünə açacaq”.

Teatrşünas teatr tamaşalarına ictimai marağın azaldığı fikri ilə razı deyil:

“Teatra getdiyiniz zaman görəcəksiniz ki, gələnlərin sayı heç də az olmur. Pandemiyadan əvvəl özüm də teatrlara tez-tez gedirdim. Teatr mənəvi qidadır, həyatımızın böyüdücü güzgüsüdür. Ona görə də mən “insanlar teatrlara getmirlər” fikri ilə razı deyiləm”.

M.Əlizadə deyir ki, tamaşaçı teatrda özünü görmək istəyir:

“Tamaşaçı bugünkü həyatı, aktual məsələləri, dövrün problemlərini səhnələrdə görmək istəyir. Tamaşaçı görmək istədiklərini bizim teatrlarda görür. Teatrı ayaqda saxlayan onun sənətkarlarıdır”.

M.Əlizadə qeyd etdi ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetində çox istedadlı tələbələr var:

“Onların intellektual səviyyələrini yüksəltmək üçün çox gözəl fənnlər tədris olunur. Gələcəyimizdən şübhələnməyə heç bir əsasımız yoxdur. Azərbaycan teatrının, rejissorlarımızın, teatr rəssamlığının gələcəyinə çox nikbin baxıram”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam