Martın 10-u Azərbaycanda Milli Teatr Günüdür.

Yenixeber.org: Əsası 1873-cü ildə qoyulan Azərbaycan Teatrının yaranması mədəniyyət tariximizdə böyük hadisədir.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasını tamaşaya qoydular.

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi.

Azərbaycanda teatr sənətinin inkişafında Üzeyir Hacıbəyli və qardaşlarının böyük əməyi olub.

Azərbaycan Xalq Cumhuriyyəti dövründəpeşəkar teatrımız dövlət teatrı statusu aldı. Dövlət statusu almış Azərbaycan Teatrı ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsini nümayiş etdirdi.

Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Müxtəlif teatrlar, peşəkar sənət ocaqları fəaliyyətə başladı, qüdrətli sənətkarlar ordusu yetişdi. Ümummilli lider Heydər Əliyevin teatr sənətinə sevgisi, diqqəti və sənətkarlara qayğısı hər zaman göz önündə olub. Milli Teatr ənənələrimiz ötən illərdə daha da inkişaf edib. Teatr sənətinə dövlətin qayğısı və diqqəti təqdirəlayiqdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2013-cü il martın 1-də imzaladığı sərəncama əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilir.