Yenixeber.org: Azərbaycan xalqı cəbhədə zəfər yürüşünü davam etdirən ordusuna yardım üçün səfərbər olub. Bu məqsədlə ölkə daxilində və xaricdə müxtəlif yardım kampaniyaları təşkil edilir, hər kəs qələbəyə töhfə vermək üçün imkanı çatanı, əlindən gələni etməyə çalışır. Amma ön xətdəki bəzi əsgər və zabitlərin arxa cəbhədə ciddi bir problemi də var: banklara kredit borcları. Hətta belə məlumatlar da var ki, banklar şəhid olmuş hərbçilərimizin ailə üzvlərindən borclarını ödəməyi tələb edirlər.
Sosial şəbəkədə bəzi istifadəçilər bu problemi gündəmə gətiriblər və hərbçilərin borclarının bağışlanması barədə təklif irəli sürüblər. Bu, nə dərəcədə mümkündür?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun olduğunu xatırlatdı:
“Bu qanuna əsasən şəhid ailələri üçün müəyyən güzəştlər var. Sözügedən qanuna mənzil, vergi və s. güzəştlər də daxildir. Bunlar proqram şəklində dövlət tərəfindən həyata keçirilir. Təbii ki, bu qanun üzərində həm dövlət, həm də Milli Məclis işləyir. Bütün bu məsələləri millət vəkilləri olaraq nəzərə almağa hazırıq və nəzərə alacağıq. Bu məsələ ilə bağlı hazırda bir sıra özəl şirkətlər böyük proqramlarla çıxış edirlər. Bura həm güzəştlər, həm borcların bağışlanması daxildir. Bu kimi işlər davam edir, indiyədək bəzi kommersiya bankları tərəfindən şəhid olmuş vətəndaşlarımızın kreditlərinin bağlanması ilə bağlı qərarlar qəbul edilib. Dşünürəm ki, kommersiya bankları həmrəylik nümayiş etdirərək, bu dəfə də şəhid olmuş vətəndaşlarımızın kredit borclarının bağlanması barədə qərar qəbul edə bilər”.
Deputat hesab edir ki, şəhid ailələrinə zəng edib, borc tələb edən banklar ya bugünkü ab-havadan xəbərsizdirlər, ya da necə hərəkət etmək lazım olduğunu bilmilər:
”Təbii ki, bu məsələlərlə hökumət məşğul olur, Milli Məclisdə müəyyən razılaşmalar gedir, biz də müraciət edəcəyik və bildirəcəyik ki, belə ailələrə kömək lazımdır. Amma bunu xüsusi bir qanun formasında tətbiq etmək barədə düşünülməlidir. Təbii ki, bu məsələ həllini tapmalıdır. Biz bu insanlara borcluyuq. Bu gün müharibədə iştirak edən hər bir hərbçimizə nələr etsək də, borclarından çıxa bilmərik”.
İqtisadçı ekspert Natiq Cəfərli saytımıza şərhində bu problemlə əlaqədar ictimai kampaniyanın başlanmasını zəruri sayır:
“Bununla bağlı çağırışlara başlamaq olar. Dövlət özəl banklara birbaşa müdaxilə edə bilməz. Özəl banklar bu addımı könüllü şəkildə atmalıdır. Amma dövlət müəyyən təşviq addımları ata bilər. Məsələn, dövlət şəhid olmuş hərbçilərimizin kredit borclarını silmiş banklara vergi güzəştləri edə və onların Mərkəzi Bankdan daha ucuz faizlə kreditlər almasını təmin edə bilər. Bu təşviqlərə paralel olaraq, özəl banklar da bu prosesə qoşulub, öz qazanclarından vaz keçməlidirlər. Çünki şəhidlərimiz torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçiblər”.
Mağazalara gəldikdə isə, ekspert burada iki məsələnin olduğunu qeyd etdi:
“Birincisi, bank vasitəsilə kredit götürülən əşyalar, ikincisi isə mağazanın öz daxili imkanları hesabına verilmiş kreditlər var. Son zamanlar Azərbaycanda ikinci variant daha çox yayılıb. Ona görə də həmin kampaniyalara ictimai şirkətlər də qoşula bilər. Vətəndaş olaraq hamımız bu kampaniyanın iştirakçısı ola bilərik. Məsələn, həmin mağazalardan mal alan hər bir kəs hər yüz manata görə bir manat əlavə ödəniş etsin. Həmin o bir manatlar sözügedən borcların bağlanması üçün mağazanın hesabına köçürülsün, mağazalar da bir tərəfdən özünün resursları hesabına, bir tərəfdən də insanlarımızın ödənişləri hesabına bu kreditləri bağlasın. Bu, şəhid ailələri qarşısında edə biləcəyimiz ən kiçik işdir”.
Bəs, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Qanunun əhatə dairəsini genişləndirməklə bu kimi məsələləri ora əlavə etmək mümkündürmü? Dövlət bu öhdəliyi də öz üzərinə götürə bilərmi? Sualı N.Cəfərli belə cavablandırdı:
“Dövlət bu öhdəliyi öz üzərinə götürə bilər. Amma bunun mexanizmləri yaradılmalıdır. Yenə deyirəm ki, dövlət özəl banklara hansısa əmr verə bilməz. Qanun da bunu özəl banklardan tələb edə bilməz. Şəhid ailələrinin üzvləri univeristetdə pulsuz təhsil alırlar. Ona görə ki, onların təhsil haqqını dövlət ödəyir. Dövlət həmin qanuna uyğun olaraq, ödənişi həyata keçirir. Burada da eyni qayda tətbiq edə bilər, bu məsələ qanunla tənzimlənə bilər. Lakin dövlət qərar verə bilməz ki, özəl banklar mütləq bu kreditləri silməlidir. Belə bir qərar mümkün deyil”.(pressklub)
Ülviyyə Şahin