LİVANIN ÇERNOBILI:zaman maşını Aralıq dənizinin incisini 30 il geri atıb -TƏHLİL
Əli Haşim
“Əl-Monitor”, 05.06.2020
Zaman maşını Livanın paytaxtını 1975-ci ildən 1990-cı ilədək davam edən bədnam vətəndaş müharibəsi dövrünə qaytarıb. Avqustun 4-də, axşam Beyrut limanında misli görünməmiş partlayış şəhərin, demək olar ki, yarısını məhv edib. Kamera qarşısında danışarkən, şəhər valisi Mərvan Abbud gözyaşlarına boğulub.
Yenixeber.org: Partlayış nəticəsində ən azı 100 nəfər ölüb və 4 mindən çox insan yaralanıb.
Abbud baş verən hadisəni İkinci Dünya müharibəsi illərində Yaponiyadakı Naqasaki və Hirosima partlayışlarına bənzədib; sosial mediada yayımlanan videogörüntülər də, bir növ, bunu təsdiqləyir.
Bəzi insanlar əvvəlcə partlayışı zəlzələ sanıb, Beyrutda minlərlə ailə gecələri küçələrdə keçirib. Yaralı və ya itkin düşmüş şəxslərin yaxınları xəbər almaq üçün şəhər xəstəxanalarının qarşısında səhərədək gözlərini yummayıb.
Xəsarət alanların dəqiq sayı hələ də məlum deyil, çünki ölkənin əsas limanının dağıntıları altında neçə-neçə adam qalıb.
Livanın daxili işlər naziri Məhəmməd Fəhmi və ölkənin Baş Təhlükəsizlik İdarəsinin direktoru Abbas İbrahim partlayışın liman anbarlarından birində saxlanılan 2700 ton ammonium-nitratın alovlanması nəticəsində baş verdiyini təsdiqləyiblər.
Hadisədən sonra ortaya çıxan rəsmi sənədlərdə kimyəvi maddələrin 2014-cü ildə müsadirə edildiyi və Beyrut limanındakı 12-ci anbarda saxlanıldığı göstərilib. Sosial mediada anqarın qapısını “nitroprill hd” kisələri fonunda qaynaqlayan bir neçə adamın şəkli yayımlanıb.
“Fleetmon” dəniz monitorinqinin veb-saytınnda 2014-cü ildə Beyrut limanında saxlanılan “üzən bomba” barədə xəbərdarlıq var. Məlumata görə, ammonium-nitratla yüklənmiş “Rhosus” yük gəmisi başqa bir ölkəyə gedərkən, Beyrut limanından kömək istəyib. “Səbəb bəlli deyil, ehtimal ki, tədarük üçün və ya hansısa mexaniki problemə görə”.
“Fleetmon”-un bildirdiyinə görə, gəmi yoxlanıldıqdan sonra tutulub və sahiblərinin heyətə maaş vermədiyi və onları rabitəsiz qoyması məlum olub: “Beyrut səlahiyyətliləri, qalan ekipajın gəmini tərk etməsi və evə uçması üçün icazə vermir. Səbəb açıqdır, liman səlahiyyətliləri tərk edilmiş, təhlükəli yükü olan, partlayıcı maddələrlə dolu bir gəminin burada qalmasını istəmir”.
Bundan əvvəl Livanın səhiyyə naziri Həməd Həsən hadisənin fişənglər olan anbarda baş verdiyini iddia etmişdi. Bu iki hadisənin əlaqələndirilə biləcəyi bəlli deyil, lakin fişənglər olan anbarda kiçik bir yanğın Livan paytaxtının yarısını məhv edən, 300.000-dən çox insanın evsiz qalmasına səbəb olan meqapartlayışa səbəb ola bilər.
Üstəlik, Livana 5 milyard dollar ziyan dəyib.
Hadisənin səbəbi və ya nəticə çıxarmaq hələ tez olsa da, Livan siyasətçiləri artıq günahkarlarla bağlı ittiham mübadiləsinə başlayıblar.
Livan parlamentinin binası yaxınlığında səhnə müharibənin sona çatdığı 1990-cı ilə bənzəyir. Müasir “Beirut Souks” ticarət mərkəzi dağılıb, məşhur “Rue Gouraud” – əsas küçə isə artıq tanınmazdır. İnsanlar yaxınlarını xarabalıq dükan və restoranlarda axtarırlar, paytaxtın daha uzaq ərazilərindəki ailələr ya mənzillərində və eyvanlarında parçalanmış şüşələri təmizləyir, ya da baş verənləri anlamağa çalışırlar.
Çərşənbə axşamı axşam baş verənlər Livanın on illər boyu xatırlayacağı bir hadisə – 2005-ci ilin fevralında keçmiş baş nazir Rafiq Həririnin öldürülməsini də xatırladıb.
Dağıntının miqdarı bir sıra beynəlxalq və regional gücləri, o cümlədən İsrail və Birləşmiş Ştatları yardım təklif etməyə sövq edib. İraq, Qətər, Küveyt, Türkiyə və bir sıra Avropa Birliyi ölkələri, liderləri və yüksək vəzifəli məmurları livanlı həmkarları ilə əlaqə qurublar.
17 oktyabr 2019-cu ildən etibarən ölkə, hakim elitanı korrupsiyada iştirakına görə istefa verməyə çağıran etirazların ardınca qeyri-müəyyən vəziyyətə düşüb. Mövcud liderlərin çoxu 15 illik vətəndaş müharibəsinin iştirakçısı olub və danışıqların aparıldığı, Səudiyyə Ərəbistanındakı şəhərin adını daşıyan Taif Sazişinə imza atıb. Ancaq davam edən gərginliklər bütün bu illərdən sonra həmin müqavilənin taleyi ilə bağlı suallar doğurub.
Partlayışdan bir neçə gün əvvəl ölkənin cənub sərhədləri “Hizbullah” və İsrail qüvvələri arasındakı gərginliyin yenidən artmasına və Suriyadakı hava hücumunda üzvlərindən birinin öldürülməsinə görə qisas alınmasına şahid olub.
“Hizbullah”ın İranla ideoloji və əməliyyat əlaqələri Livanı Birləşmiş Ştatların Livan iqtisadiyyatına ağır zərbə vuran təzyiq strategiyasına məruz qoyub. Dünya Bankının məlumatına görə, “mövcud iqtisadi və maliyyə böhranı 155 mindən çox ev təsərrüfatını yoxsulluq həddinə və 356 min ev təsərrüfatını yoxsulluqdan aşağı həddə gətirə bilər.
Beləliklə, Beyrut limanında baş verən partlayış dəhşətli sosial çətinliklər və məşəqqətləri, pandemiya ilə iqtisadi və üfüqdə heç bir həlli görünməyən siyasi böhran yaralarına duz səpib. Partlayışın təsiri vətəndaş müharibəsinin təsirinə bərabər ola bilər. Bu, Livanın Çernobılıdır – son 30 ildə ölkəni idarə edən sistemin məhvi, ya da Livanın yeni bir ictimai-siyasi müqavilə bağlamaq şansıdır. Livanın siyasi arenasında yeni simaları ortaya çıxaracaq, siyasi fraksiyalar arasında yeni bir həll yolunu cızacaq beynəlxalq və regional dəstək və nizamlanma olmadan, bu, mümükün deyil.
Tərcümə: Strateq.az