Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“LUKAŞENKO PUTİNİ BİR NEÇƏ DƏFƏ ALDADIB...” -“Putin onun əlindən zəncir çeynəyir və istəyir ki...”

 

             

  ““Belarusda əhalinin 100 faizi Lukaşenkoya qarşıdır” kimi bir reallıq yoxdur”

                    “Lukaşenko son ana qədər döyüşəcək”

Yenixeber.org: Avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdəəsas rəqabət indiki dövlət başçısı Aleksandr Lukaşenko ilə müxalif namizəd Svetlana Tixnovskaya arasında gedir. Bir neçə gün əvvəl Tixnovskayanın Minskdə 60 min insanın iştirakı ilə aksiya keçirməsi “Avropanın sonuncu diktatoru hakimiyyəti itirir” tipli iddiaların ortaya çıxmasına səbəb olub.

Rusiya ilə münasibətləri pozulan, Qərb tərəfindən açıq dəstək verilməyən Lukaşenkonun hakimiyyəti əlində saxlayıb-saxlamayacağı bütün dünyada, o cümlədən də MDB məkanında xüsusi maraqla izlənilir.

Belarusda keçiriləcək prezident seçkiləri və Lukaşenkonun gələcək siyasi taleyi ətrafında politoloq Zərdüşt Əlizadə ilə söhbətləşmişik:

- Zərdüşt bəy, hazırda MDB məkanında ən gərgin nöqtələrdən biri Belarusdur. Sizcə, bu ölkədə avqustun 9-da keçiriləcək prezident seçkisi öncəsi baş verən gərginliyin arxasında nə dayanır?

- Belarusda çox mürəkkəb proseslər gedir. Bir tərəfdən Aleksandr Lukaşenko postsovet ölkələrinin liderlərindən fərqli olaraq, oğru deyil, amma avtoritardır. Və bu avtoritarizmin bütün çatışmazlıqları ilə yanaşı nəcib bir hədəfi də olub - Belarusun sənaye, elmi, texnoloji potensialını qoruyub saxlamaq və ölkənin olub-qalan iqtisadi potensialının oliqarxlar tərəfindən qamarlanıb oğurlanmasının qarşısını almaq. İnsaf naminə demək olar ki, Lukaşenko 26 il ərzində buna nail olub. Amma məsələ ondadır ki, əhalinin əksəriyyəti bu varianta müsbət yanaşmır. Hətta kasıblar da belə düşünürlər ki, əgər ümumi oğurluq, qarət başlasa, bizə də nəsə çatar. Onlar işin, sosial ədalətin, təminatın qədrini bilmirlər. 1988-ci ildə bizdə fəhlələr mitinqlərdə bağırırdılar ki, zavodlar bağlansın. Bağlandı və fəhlələr işsiz qaldılar. Əfsuslar olsun ki, mitinq zamanı bu haqda düşünmürdülər.

İndi avtoritar Lukaşenko seçkilərə gedir və görür ki, əhali onu istəmir. Xalq cana doyub, boğaza yığılıb. Lukaşenko da müasir siyasi texnologiyalardan istifadə edə bilmir. Pulu yoxdur ki, camaata paylayıb öz tərəfinə çəkə bilsin. Ona görə də, ənənəvi üsullarla rəqiblərinə qarşı iş aparır. Əksər rəqbilərini həbs edib, şərləyib. Vladimir Nepomnyaşi, Sergey Tixanovski, Viktor Babariko saxlanılıb. Amma buna baxmayaraq, əvvəllər bir-birinə qarşı rəqabətdə olan müxalif qüvvələr birləşərək namizədliyini irəli sürdükləri Svetalana Tixnovskayanın ətrafında toparlanıb. Üstəlik, həbsdə olan hər iki namizədin xanımları da Svetlananı dəstəklədiklərini elan edib.

Sorğular da göstərir ki, Lukaşenkonun qələbəsi şübhə doğura və nəticələrin legitimləşdirilməsi mümkün olmaya bilər. Yeri gəlmişkən, nəzərə almaq lazımdır ki, Rusiya da Lukaşenkonun əlindən “zəncir çeynəyir”. Çünki o, Putini bir neçə dəfə aldadıb, ümidlərini suya salıb.

- “Putini aldadıb” deyəndə konkret nəyi nəzərdə tutursunuz?

- Putin əvvəl düşünürdü ki, Belarus və Rusiya birləşdikdən sonra yeni dövlətdə yenidən prezident seçilmək hüququ və iki dəfə seçilmək şansı əldə edəcək. Amma Lukaşenko birləşməyə getmədi. Putin də məcbur qalıb konstitusiya səsverməsinə gedərək, iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanı ləğv etdi. Əlbəttə ki, bu da Pitinə ucuz başa gəlmədi.

Üstəlik, oliqarxlar Putinə təzyiq edirlər. O mənada ki, əgər Putin Lukaşenkonu sıradan çıxarsa, oliqarxlar Belarusun zavodlarını dəyər-dəyməzinə alıb dağıdacaq və daha bir neçə milyard əldə edəcəklər. Oliqarxların istəyi budur. Onlar Belarusun sənayesini, elmi, texnoloji potensialını əsla düşünmürlər. Onlara pul lazımdır.

Buna qarşılıq olaraqsa, Lukaşenko xalqa söykənə bilmir. Çünki xalqa söykənmək üçün ona zamanında demokratik hüquqlar vermək, onu savadlandırmaq lazım idi. Lukaşenko isə bu yolla getməyib. Əksinə, qəyyumluq yolunu üstün tutdu. Guya millətin atasıdır, xalqın qayğısına qalır, yeganə siyasətçidir və s. Bu da ona gətirib çıxardı ki, indi xalq bütövlükdə Lukaşenkonun arxasında durmur. Digər tərəfdən də o, Rusiya ilə münasibətləri kolayıb. Üstəlik Qərb də Lukaşenkoya inanmır. Həm də Qərb istəmir ki, Lukaşenko qalsın. Qərbə də orada zəif adamın rəhbərlik etməsi sərfəlidir.

- Sizcə, Rusiya doğurdanmı Belarusda çevriliş etmək istəyir və “Vaqner” muzdlu döyüşçülərinin Minskdə peyda olması nəylə bağlıdır?

-“Vaqner” ordusu Rusiyanın oğrularıdır. Onlar başqa şey bacarmırlar. Lukaşenkonun kəşfiyyatı və əks-kəşfiyyatı isə Rusiyadakından fərqli olaraq yaxşı işləyir. Çünki Rusiyanın bu qurumları başdan-ayağa korrupsiyaya bulaşıb. Lukaşenkonun KQB-si isə sanki SSRİ KQB-sidir. Stalin dövrünün xüsusi xidmət orqanı kimi əqidəyə, məsləyə və vətənə görə işləyir. Hansısa obyektləri yoxdur, başqalarının obyektlərinə “krışalıq” etmirlər, oğurluq etmirlər. Bu qurumlar Lukaşenkoya məlumat veriblər ki, Moskva “Vaqaner” döyüşçülərini Minskə göndərib və istəyir yenə də göndərsin. Görünür ki, Rusiyanın müəyyən planları olub və Lukaşenko da bu planları faktiki olaraq, pozub. Bu da Rusiyanı cırnadır. İndi faktiki olaraq Putinlə Lukaşenko arasında heç bir kontakt yoxdur. Putin onun əlindən “zəncir çeynəyir” və gözləyir ki, onu devirsinlər. Ola bilsin ki, Moskva Qərblə də danışıqlar aparır ki, siz də onun legitimliyini qəbul etməyin. Bir sözlə, Lukaşenko faktiki olaraq, müttəfiqsiz qalıb. İndi ola bilsin ki, yaxın bildiyi dövlət başçılarından pul istəyə... Amma onun ümumilikdə faktiki olaraq, müttəfiqi yoxdur.

 

 

- Son zamanlar Belarusla ABŞ arasında münasibətlərdə normallaşma müşahidə olunurdu. Sizcə, bu da Lukaşenkonun köməyinə çatmayacaq?

- Yox. ABŞ dövlət katibi Pompeo Minskə gəldi, danışıqlar apardı. Niyə? ABŞ-a nə lazımdır? Demokratik Belarusmu? Yox! ABŞ-a lazım olan odur ki, Belarus Rusiyadan ayrılsın, Putinin müttəfiqi olmasın. Həm də ABŞ iqtisadi sahədə Belarusun ciddi, müstəqil oyunçu olmasını arzu etmir. Yəni Belarusun sənayesi olmasın. Əgər sənayesi olmasa, deməli o, transmilli şirkətlərin rəqibi də olmayacaq. Qeyd edim ki, Belarusun normal maşınqayırma sənayesi var. Ölkədə traktorlar, ağır yük avtomobilləri istehsal olunur. Üstəlik, kimya sənayesi də var. Bunlar SSRİ dönəmindən qalsa da, modernləşdirilib və inkişaf etdirilib. Qərb özü də bu sənaye müəssisələrinin olmasını istəmir. 

Məsələn, Ukrayna, Pribaltika öz sənayelərini məhv etdilər və transmilli şirkətlərin yolu açıldı. Yəni prinsip sənayeni məhv etmək və Rusiya ilə düşmən olmaqdır. Amma Belarus belə deyil, Qərbin diktəsi ilə hərəkət etmir. Lukaşenko çalışıb ki, Belarusun sənayesini, kimya sektorunu, elmini texnologiyasını, yəni dövlət əhəmiyyətli sahələrini saxlasın. Bu da Qərbə əl vermir. Biz çox bəsit şəkildə fikirləşirik ki, Qərbə demokratiya, insan haqları, qanunun aliliyi lazımdır. Xeyr. Qərbə lazımdır ki, sən siyasi səhnədə heç kim olasan. Bir sözlə, Qərbdən sənin ölkənə gələcək şirkətlərə rəqib olmayasan. Vəssalam.

- Sizcə, avqustun 9-da keçiriləcək seçkilərin nəticələri və Lukaşenkonun taleyi necə ola bilər?

- Aleksandr Lukaşenko Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyil, yəni qaçmayacaq. Belarusun güc strukturları ona sadiqdir. Mən düşünürəm ki, Lukaşenko son ana qədər döyüşəcək. Udacaq, uduzacaq bunu Allah bilir. Onun tərəfdarları da az deyil. Ancaq “Belarusda əhalinin 100 faizi Lukaşenkoya qarşıdır” kimi bir reallıq da yoxdur. “Əhalinin70 faizi müxalifətə səs verəcək” kimi bir məsələ də yoxdur, qüvvələr nisbəti təxminən bərabərdir. Bu baxımdan seçkinin nəticələri maraqlıdır. Əgər Lukaşenko özünü qalib elan etsə və müxalifət “maydan” təşkil etməyə qalxsa, sözsüz ki, bu aksiyalar amansızlıqla dağıdılacaq.

- Bəs, Putin-Lukaşenko münasibətlərində nəsə dəyişə bilərmi?

- Rusiya-Belarus münasibətləri mütəmadi olaraq, pisləşir. İki qardaş slavyan xalqı arasındakı münasibətlər soyuq, hakim zümrələrarası əlaqələr isə gərgindir. Düzdür, obyektiv olaraq Belarus Rusiya üçün çox əhəmiyyətli dövlətdir. Amma rus hakim elitası öz maraqları naminə milli maraqları bada verir. Əgər Rusiyada milli maraqları üstün tutsaydılar, Belarusu əl üstə gəzdirib dəstəkləməli idilər. Amma Rusiyanın indiki hakim zümrəsi milli deyil. Əksinə, oğru zümrədir, Rusiyanı hər an bada verən və sərvətləri Qərbə daşıyan zümrədir. Odur ki, bu zümrə Belarusa qənimət kimi baxır. Lukaşenko da qənimət olmadığını nümayiş etdirdiyi üçün ona qəzəblənirlər.

- Sizcə, Rusiya-Belarus münasibətlərində Ukrayna-Rusiya münasibətlərindəki kimi sınma baş veribmi?

- Yox, hələlik sınma baş verməyib. Digər tərəfdən, Lukaşenko bu gün güc sahibidir və onunla hesablaşmağa məcburdurlar. Həm də bundan sonra Rusiya-Belarus münasibətləri daha çox Lukaşenkonun indi düşdüyü böhranlı vəziyyətdən necə çıxacağından asılıdır. Əgər qalib çıxsa, məcbur olub onunla hesablaşacaqlar. Yox, əgər Yanukoviçin vəziyyətinə düşsə, mümkündür ki, ona da Rostovda və ya digər Rusiya şəhərlərində sahə versinlər. Necə ki, zamanında Ayaz Mütəllibova bu imkanı yaratmışdılar. Həm də Mütəllibovu saymırdılar. Necə ki, indi Yanukoviçi adam yerinə qoymurlar. Siyasətdə güclü, imkanı, mövqeyi, tərəfdarı və hakimiyyəti olan adama hörmət edirlər. Hələlik, Lukaşenko Belarus prezidentidir, orduya, güc strukturlarına nəzarət edir, prosesləri nəzarətdə saxlayır. Mitinqlərəəsaslanıb aldanmağa da ehtiyac yoxdur. Hər şey avqustun 9-da məlum olacaq. Əgər, hakimiyyəti avqustun 9-dan sonra əlində saxlasa, Qərb də, Rusiya da onunla danışmağa məhkumdur.

- Amma razılaşın ki, Rusiya tərəfindən sıxışdırılan Lukaşenkoya Qərbin dəstək verəcəyi ehtimalı da az deyil...

- Hazırda Rusiyanın Lukaşenkonu sıxışdırması fikri bir qədər mübahisəlidir. Rusiya Belarusu necə küncə sıxışdırıb? 33 muzdlu döyüşçü göndərib, Lukaşenko da onları tutub salıb həbsə. Sonra? Həbsxanada oturan 33 nəfərin gücü nədən ibarətdir? Onlar atıq heç kimdirlər, məhbusdurlar. Əlbəttə, ruslar çalışacaqlar ki, onları həbsdən azad etsinlər. Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsevin izahatı çox gülməli idi. İddia edib ki, rus muzdlu döyüşçüləri Minskdən İstanbula gedirdilər. Amma qəribədir ki, həmin gün Minskdən İstanbula təyyarə uçsa da, əllərində bilet olan bu şəxslər uçmayıblar. Bunların hamısı boş söhbətlərdir.

Hələlik, oyunçular Lukaşenko və Putindir, amma Putindən səs çıxmır. Əvəzində, Peskov səfeh bəyanatlar verir. Lakin Putin susub, görünür ki, deməyə sözü yoxdur. Putin də gözləyir ki, avqustun 9-da sonra nə baş verəcək.

Eynilə Qərb də baş verənləri müşahidə edir, amma prosesə müdaxilə etmir. Hesab edirəm ki, indi hər şey daha çox Lukaşenkonun qərarlarından asılı olacaq.(azpolitika)

R. Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam