KREMLİN POSTSOVET MƏKANINDA YENİ LAYİHƏSİ -Putin ərazi iddiaları irəli sürür...
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.
Yenixeber.org: “SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə Putin bəyan edib. Rusiya rəhbəri bu açıqlama ilə nə demək istəyir, bu bəyanat yeni torpaq iddialarının ilk siqnalı hesab oluna bilərmi?
Tarixçi professor Xaləddin İbrahimli bəyanatı bizimyol.info-ya şərh edərkən bildirib ki, Putin çoxdandır Avrasiya İqtisadi Birliyinə (AİB) önəm verir, onun güclənməsini istəyir.
"Belə görünür ki, o post-sovet dövlətlərinə təzyiq etməklə yavaş-yavaş onları bir platformaya yığmaq, AİB-ə bağlamaq, orda müəyyən qarantiya tədbirləri görmək niyyətindədir. Yəni geri dönüşün bir qədər imkansız hala gələcəyi qarantiya tədbirlərindən söhbət gedir. Bundan sonra bu birliyin adındakı iqtisadi kəlməsi götürüləcək, Avrasiya Birliyi Sovetlər Birliyi kimi mövcudluğunu davam etdirəcək, yeni bir siyasi platforma yaranacaq" - deyə o vurğulayıb.
X. İbrahimli hesab edir ki, vahid bir partiya yaranmasa belə, vahid ideologiya yaradılacaq. Onun sözlərinə görə, bu istiqamətdə V. Putin artıq addımlar atmağa başlayıb. Bu, ilk növbədə özünü region ölkələrində demokratiyanın inkişafına əngəl olmaqda göstərir.
Professor qeyd edib ki, demokratya inkişaf etməyəndə rejimlər istər-istəməz avtoritarizmə meyillənir və dövlətlər xalqdan uzaqlaşır, korrupsiyaya qurşanır: "Öz hakimiyyəti haqqında fikirləşir və başqalarından asılı vəziyyətdə olur. Rusiyanın çevrəsinə, yəni post-sovet ölkələrinə baxsanız, görərsizniz ki, türkdilli respublikaların demək olar ki, hamısı Moskvadan həddən artıq asılı vəziyyətdədir. İldən-ilə bu asılılıq daha da güclənir. Bunların içərisində ola bilər ki, bəzi dövlətlər müqavimət göstərsin. Onlara da fərqli iddialarla təzyiq göstərir.
Rusdilli toplumlar iddiası da onlardan biridir. Heç şübhəsiz, Latviyaya, Belarus və Ukrayana, Qazaxıstan və Qırğızıstana qarşı belə hücumlar var. Eyni zamanda Qazaxıstana qarşı ərazi iddiası da irəli sürülür.
İllər öncə Putin belə bir ifadə işlətmişdi: “Nazarbayev çox qoçaq adamdır, heç vaxt qazaxların dövləti olmamışdı, o sovetlər dağılandan sonra qazaxlara dövlət qurdu”.
Onun Qazaxıstana qarşı torpaq iddiaları daha böyükdür. Baykonur, Qazaxıstanın şimali qərb ərazilərinə iddalıdır, Ukrayanaya qarşı böyük ərazi iddiası müharibə həddinə çatdı. Putin Ukraynanın şərqini tamamilə Rusiya torpaqları hesab edir.
Bu iddialar sadəcə Avrasiya blokuna qoşulmaq üçün təzyiq vasitləridir. Yəni demək istəyir ki, Avrasiya blokuna qoşulmasanız, Ukraynanın şərqini işğal etdiyim kimi, Qazaxıstanın, Latviyanın, Belarusun böyük hissəsini və sair işğal edə bilərəm. Bu blefdir və köhnə DTK rəhbəri bundan ustalıqla istifadə edir. Çox vaxt da istədiyinə də nail olur".
Xaləddin ibrahimli hesab edir ki, ən təhlükəlisi bu blokun türkdilli respublikaların bazasında yaranması ehtimalıdır, çünki ən zəif halqalar onlardır.
"O ki, qaldı Azərbaycana, Rusiya heç vaxt nəzərlərini Azərbaycanın üzərindən çəkməyib və ölkəmiz də onun diqqət mərkəzindədir”-deyə o vurğulayıb.