Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağdakı erməni vətəndaşları ilə işbirliyini zahirən adi sayırlar. Bu əməkdaşlıqda cinayət elementi görmürlər. Ancaq Azərbaycan torpaqlarının işğalı və bu hadisəyə göz yummaq ən böyük cinayətdir.
Yenixeber.org: Deməli, bu günlərdə Paşinyanın cani dotlarından biri Samvel Babayan Qarabağdakı erməni icması tərəfindən vəzifəyə təyin edilib. O, 1965-ci il martın 5-də Azərbaycanın hazırda işğal altında olan Xankəndi şəhərində anadan olub. Sonradan Ermənistan vətəndaşlığını qəbul edib. S.Babayan Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinə rəhbərlik edib. O, Laçın və Şuşanın işğalında aparıcı rol oynayıb. Ermənistan Daşnaksütyun Partiyasına bağlı olan “Daşink” Partiyasının Qarabağdakı nümayəndəsidir, ləqəbi “Syamo”dur. Serj Sarqsyanın ən yaxın adamlarından sayılırdı. 2000-ci ildə Qarabağdakı erməni separatçılarının lideri Arkadi Qukasyana etdiyi sui-qəsdə görə 15 il azadlıqdan məhrum edilsə də, 4 il həbsdə qalmış, sonra əfv olunaraq azadlığa buraxılmışdı.
“Syamo”nun adı 2017-ci ildə başqa bir cinayət işində hallanıb. Həmin il S.Babayan və daha iki şəxs Rusiya istehsalı olan “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığına görə mühakimə olunub. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Bu əməlinə görə ona 6 il iş kəsdilər. Hadisə qonşu Gürcüstanda da ciddi şəkildə nəzarət altında saxlanılmışdı. Bu ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ermənistana qanunsuz yolla “İqla” zenit-raket kompleksinin keçirilməsi işi üzrə axtarışda olan 40 yaşlı Ermənistan vətəndaşı Robetr A.-nı tutmuşdu. İnformasiyaya əsasən, kompleksi Ermənistanın 3 vətəndaşı Gürcüstan ərazisindən qaçaq yolla keçirmək istəyibmişlər. Cinayət işi ilə bağlı istintaq davam edir.
Britaniyalı müəllif, ekspert Harold Keyn “Narko Qarabağ” (“Narco Karabakh”) adlı kitabında da ermənilərin silah qaçaqmalçılığından bəhs edib. Bu kitab 2019-cu ildə işıq üzü görüb. Müəllif yazıb ki, ABŞ-dan postsovet məkanında Ermənistandan çox yardım alan ikinci ölkə yoxdur. Harold Keyn kitabda Ermənistan prezidenti Serj Sarqsyanın 2014-cü ildə ABŞ prezidenti Barak Obamaya yazdığı məktubdan söz açıb. O bildirib ki, S.Sarqsyan məktubda Birləşmiş Ştatlarla dostluğa nə qədər böyük əhəmiyyət verdikləri barədə “canfəşanlıq dolu çeynənmiş ibarələr”lə dolu fikirlər yazıb.
Müəllif daha sonra vuruğulayıb: “Ancaq Qafqazdakı bu etnosun nümayəndəsi bir əli ilə dostluq uzatsa da, o biri əlində qumbara, hətta əslinə qalsa bütöv bir cəbbəxana saxlayıb”. Harold Keyn bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bridcit Brink müxtəlif proqramlar çərçivəsində Ermənistana humanitar və texniki yardım qismində 2 milyard dollardan çox vəsait verdiklərini, bunun da postsovet məkanında adambaşına ən böyük məbləğ olduğunu qeyd edib.
“Birləşmiş Ştatlar bu 2 milyard dolları xərcləyib postsovet məkanında qazandıqları müttəfiqi dəstəklədiklərini güman edirdi. Ola bilsin bu yolla Yerevanda Rusiyanın nüfuzunun artmasını əngəlləyiblər. Amma bu yardımlara baxmayaraq, həlledici qərarların qəbul edilməsi vaxtı gələndə rəsmi Yerevan Moskvanın tərəfində durdu”, - müəllif yazıb. O, 2015-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarından sonra S.Sarqsyanın Avropa İttifaqına yox, Rusiya, Belarus və Qazaxıstanla yanaşı, Avrasiya İqtisadi İttifaqına qoşulacaqları barədə açıqlamasını örnək göstərib.
Kitabda Ermənistanın Rusiyadan silah almağa davam etməsi və “Moskvanın strateji peyki”nə çevrildiyi vurğulanıb. Müəllif bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə görə başqa ölkələrin Ermənistana silah satışına embarqo tətbiq etdiyi bir vaxtda Rusiya silah tədarüklərinə davam edib. Məsələn, 2005-ci ildə ABŞ-ın hüquq-mühafizə orqanları Artur Solomonyanı və bir qrup şəxsi Yerevandan Rusiya istehsalı olan qumbaraatanlar, “Stinger” raketləri, “AK-47” avtomatları və minalarını ABŞ-a qaçaq yolla gətirdiklərinə görə həbs etmişdilər. Belə ki, Federal Təhlükəsizlik Bürosu tərəfindən irəli sürülən ittihama görə Solomonyan Çeçenistanda rus hərbçilərindən satın alınaraq Ermənistana gətirilən silahlardan olan 200 qumbaraatanı qanunsuz yolla ABŞ-da satmaq istəyirmiş.
“Silah alveri uzun müddət ərzində oralarda gəlirli biznesə çevrilmişdi. Yerli tacirlər arasında ad çıxaranlardan biri Jirayr Sefilyan ölkəyə silah gətirərək ən yüksək qiymətə satırdı. Yerevanda bir çox əcnəbi qrupların dileri kimi tanınırdı”, - yazan kitab müəllifi həmin silah alveri şəbəkəsinin daha bir tanınmış siması olan qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi Samvel Babayanın Gürcüstan üzərindən İrana və başqa ölkələrə tədarük yolunu açdığını göstərib. Britaniyalı araşdırmaçı daha sonra yazıb: “Ermənistanın qanunsuz silah alverindəki iştirakı artıq beynəlxalq əhəmiyyətli fəsadlara səbəb olur. Belə ki, 2018-ci ildə İspaniya polisi məhz silah qaçaqmalçılığı ilə bağlı erməni mafiyasına qarşı Madrid, Barselona, Valensiya, Alikante, Albasete şəhərlərində genişmiqyaslı əməliyyatlar aparmışdı”.
Jirayr Sefilyan kimdir? Onun 53 yaşı var, Ermənistanın “Şuşa xüsusi tağımının” “keçmiş komandiri”dir. Onu da qeyd edək ki, Jirayr 2006-cı il dekabrın 10-da tərəfdaşı Vardan Malxasyanla birlikdə dövlət hakimiyyətini güc yoluyla devirməkdə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək il yarım müddətinə azadlıqdan məhrum olunmuşdu. 2005-ci il aprelin 7-də isə Sefilyan 4 dostu ilə birlikdə insanları kütləvi iğtişaşlara cəlb etməkdə təqsirləndirilərək həbs edilmişdi. Avropa İnsan Hüquqları Məhkəməsi Sefilyanın hüquqlarının pozulduğuna dair qərar qəbul etmişdi. Barəsində irəli sürülən bu kimi ciddi ittihamlara baxmayaraq, bir aydan sonra sərbəst buraxılmışdı. 2015-ci ildə də kütləvi iğtişaş salmaqda ittiham olunaraq 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonra bu müddət iki ilədək azaldılmışdı. Onda Ermənistan parlamentinin 12 deputatı, o cümlədən hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Çiçəklənən Ermənistan Partiyasının lideri, “Sarukyan” fraksiyasının başçısı, milyonçu deputat Qaqik Sarukyan onun azad edilməsi üçün min dollar girov qoyaraq sərbəst buraxılmasına nail olmuşdular. 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra Jirayr Selfiyan Nikol Paşinyanın sevimlilərindən birinə çevrildi. Bu yaxınlardakı müsahibələrindən birində demişdi: “Kremlin tapşırığı ilə 5-ci kolon Paşinyana hücuma keçib”. Belə bir deyim var: “Oğru oğrunu tez tanıyar”. Bir də beləsi var: “Oğru özgənin malını, özünün arını (namus) yeyər”. Nikol Paşinyanın Samvel Babayan və Jirayr Selfiyanla əlaqəsi bu deyimləri daha doğru əks etdirir.
Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın da adı silah, siqaret, brilyant qaçaqmalçılığında hallanır. Ermənistanın Vatikandakı keçmiş səfiri, hazırda Moskvada olduğu iddia edilən Mikael Minasyan bildirib: “Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah-sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”. O deyib ki, N.Paşinyan bu işi David Qalstyana həvalə edib: “Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan ofşor təşkilatlarda ödəyir, 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər". Keçmiş səfirin sözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya Nikol Paşinyan istisna olmaqla bu mafiozları cəzalandırmaq qərarına gəlib. Belə ki, rəsmi Moskva David Qalstyanı arzuedilməz şəxs (“persona non-qrata”) elan edib və ona 10 il ərzində Rusiyaya girmək qadağan olunub. David Qalstyanın Rusiya Federasiyası ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır. Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni silahlılarının başçılarından biri Samvel Babayanın da adı hallanır. Ötən ilədək Samvel Babayan Qarabağdakı erməni icmasının üzvlüyündən də çıxarılmışdı.
Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa rəsmiləri Qarabağ münaqişəsinin danışıqlar, dinc, sülh yolu ilə həlinə çağırırlar. Ancaq Nikol Paşinyanın vəzifəyə təyin etdiyi silah qaçaqmalçılarına, cinayətkarlara göz yumur. Bu cinayətkarların Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən müdafiə və himayə edilməsi, habelə ABŞ, Rusiya və Fransanın baş verənlərə, silah qaçaqmalçılarının - Nikol Paşinyan, Samvel Babayan və Jirayr Sefilyanın bir arada olmasına münasibət bildirməyib. Onda belə çıxır ki, bu silah alverçilərinin bir yerdə olması həmsədrlərin və beynəlxalq silah tacirlərinin də marağındadır. Yaxud Samvel Babayan və Jirayr Sefilyanın həsbxanadan onların xilas etdiyini ehtimal etmək olar. Onu da düşünmək olar ki, həmin silah tüccarları Paşinyanla bu iki cinayəti birləşdirərək qaçaq yolla silahları yeni bazarlara çıxaracaqlar. Yoxsa “Syamo” və Jirayrın azadlıqda nə işi var? Necə deyərlər: “Oğru türmədə oturmalıdır”.